Yaradılan imkanlar təqdirəlayiqdir, amma...


Dövlət İmtahan Mərkəzi (DİM) məlum virusla bağlı ölkədə karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb.

Belə ki, otk.az portalında 9-cu və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi) 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyi qərara alıb.

“Sherg.az”a danışan təhsil eksperti Kamran Əsədov tədrisə əlçatımlıq baxımından DİM-in bu addımını yüksək qiymətləndirib.

“Əlbəttə, bu, çox müsbət təşəbbüsdür. Çünki dərs müddəti ərzində əldə olunan bilik və bacarıqların keyfiyyəti məktəblərdə yoxlanılırdısa, indi belə bir imkan yoxdur. Odur ki, şagird və abituriyentlərin biliklərini təkmilləşdirmələri baxımından DİM-in bu qərarı təqdirəlayiqdir. Onu da deyim ki, sözügedən imkandan yararlanmaq üçün şagird və abituriyentlərin şəxsi məlumatları qeydə alınmalıdır. Beləliklə, başqaları pulsuz testlərdən sui-istifadə edə bilməyəcək”. 

 K. Əsədov Təhsil Nazirliyinin də müəyyən layihələr təqdim etdiyini deyib:

“DİM kimi Təhsil Nazirliyi də tədrisdəki boşluğu aradan qaldırmaq məqsədilə addımlar atır. Nazirliyin tətbiq etdiyi “Virtual məktəb” portalı da birbaşa olaraq bu amala xidmət edir”. 

 Təhsil ekspertinin fikrincə, şagird və abituriyentlər üçün başqa güzəştlər də nəzərdə tutulmalıdır:

“Həm DİM, həm də nazirlik əlindən gələn hər şeyi edir. Ancaq nəzərə almaq lazımdır ki, heç də bütün ailələrdə texniki imkanlar, o cümlədən internetin sürəti eyni deyil. Bu səbəbdən də mobil operatorlar və internet provayderləri məsələyə diqqətlə yanaşmalıdırlar. Şagird və abituriyentlərə pulsuz intrener paketinin verilməsi çox yaxşı olar. Bir şərtlə ki, sözügedən sayt və portaldan başqa, digər bütün internet ünvanları bloklansın. Yəni onlar pulsuz internet imkanından ancaq tədris üçün istifadə etsinlər”.