Müəllim və tələbələr darıxıblar: Distant təhsil canlı ünsiyyəti əvəz etmir


Xeyli müddətdir ki, şagirdlər orta məktəblərdən, tələbələr universitetlərdən ayrı düşüblər. Onlarla yanaşı, müəllimlər də illərdir öyrəşdikləri, həyat tərzinə çevrilən işlərini davam etdirə, əllərində jurnalla siniflərə, auditoriyalara girib dərs deyə bilmirlər.

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən karantin rejimi buna imkan vermir. Əvəzində şagird və tələbələrin proqramdan geri qalmamaları üçün distant təhsilə başlanılıb. Tərəflər məsafədən, yəni onlayn mühitdə bir- birləri ilə ünsiyyətdə olurlar. Bəs, görəsən, distant təhsillə klassik auditoriya seminarları, mühazirələri arasında hansı fərqlər var? Suala cavab tapmaq üçün BDU- nun Jurnalistika fakültəsinin müəllim və tələbələri arasında sorğu keçirdik:

Cahangir Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, professor: "Distant dərslərin keçirilməsi çox vacibdir. Təhsil Nazirliyi bu fərmanı orta məktəb şagirdləri üçün uğurla tətbiq edir. Ölkə universitetləri də bu sahədə xeyli iş görüb. Bakı Dövlət Universiteti hələ karantin dövrü başlamazdan xeyli əvvəl qabaqlayıcı tədbirlər görmüşdü. Universitetin saytında tələbələr üçün çoxsaylı video mühazirələr mövcuddur. Fevralın əvvəlində isə universisitet rəhbərliyinin tapşırığı ilə universitet Tədris- metodiki şurası xeyli sayda video mühazirə hazırlamağa nail oldu. İndi tələbələr bu formatdan yararlanmaqdadırlar.
 Lakin mən bir müəllim kimi onu da deməliyəm ki, videomühazirələr heç vaxt müəllim- auditoriya, yəni tələbələrlə üzbəüz, canlı ünsiyyəti əvəz edə bilməz. Canlı münasibətdə- auditoriya formatında bəzən tələbənin bir sualından doğan polemikanı, diskussiyanı, seminar effektini heç bir digər forma əvəz edə bilməz. Ona görə də Təhsil Nazirliyi, universitetlər koronavirus pandemiyasından dərhal sonra hansı proqram formalarının, intensiv dərslərin necə keçiriləcəyinə dair hazırlıq işi görməlidir. Mən inanıram ki, belə hazırlıqlar artıq proqramlaşdırılıb".

Sevinc Əliyeva, Elmi işlər üzrə dekan müavini: " Mövcud vəziyyətlə bağlı olaraq müəllimlər distant dərslər keçirlər. Respublikamızda istər orta, istərsə də ali məktəb müəllimləri şagird və tələbələrin proqramdan geri qalmaması üçün əllərindən gələni edirlər. Onlar da bu addımı müsbət qiymətləndirirlər. Amma təhsilin bu növü təbii ki, canlı ünsiyyətin yerini və keyfiyyətini vermir. Çünki texniki imkan arzuolunan səviyyədə deyil, internetdə yüklənmə olur və çox zaman əlaqə kəsilir. Regionlarda internet daha zəifdir. Bəzi yerlərdə ümumiyyətlə yoxdur. Eyni zamanda, auditoriyada aparılan müzakirələr, fikir mübadilələri də distant tədrisdə yoxdur. Həm də auditoriya məsuliyyətdir. Davranış, danışıq, dinləmək, geyim mədəniyyətinə hamı əməl etməlidir. Onlayn mühitdə isə hər kəs sərbəstdir. Arzu edirəm ki, bu bəla tezliklə sovuşsun, ölkəmizin üzərindəki qara buludlar çəkilsin və biz yenidən doğma universitetimizə qayıdaq, sevimli tələbələrimizlə görüşək, onlarla fikir mübadiləsi aparaq".

Aygün Əzimova, Milli mətbuat tarixi kafedrasının dosenti: "Tələbələrin dərslərdən tam yayınmamaları, tədrisdən uzaqlaşmamaları üçün onlayn dərslərin böyük əhəmiyyəti var. Müşahidələr də göstərir ki, tətildən qayıdan tələbələr yeni dərs ilinə adaptasiya olmaqda bir az çətinlik çəkirlər. Bu baxımdan dərslərin hələlik belə davam etdirilməsi çox yaxşıdır. Amma auditoriya mühiti ayrıdır. Müəllimin dərsi izah etmə metodları, tələbənin mövzunu mənimsəmə keyfiyyəti auditoriya mühitində tamam fərqlidir. Adətən müəllimlər yeni mövzuya başlayanda əvvəlki dərsdən sual- cavab edir, əlaqə yaradırlar. Distant təhsildə bu, bir az çətindir. Eləcə də, müəllim auditoriyada dersi idarə edə, kimin mövzuya qulaq asıb- asmadığını müəyyənləşdirə bilir. Virtual mühit isə buna imkan vermir". 

Ayşən Bayramova, tələbə: "Distant təhsili məsafəli təhsil sistemi kimi adlandırmaq olar. Son zamanlarda virus səbəbindən bu təhsil sistemindən istifadə olunmağa başlanıldı. Əlbəttə, belə zamanlarda bu təhsil sistemindən istifadə etmək ən yaxşı üsuldur. Heç kimin bir -birilə kontakta girməsinə gərək qalmır. Hər kəs istədiyi şəraitdə keçirilən onlayn dərslərə qulaq asa bilir. Bir çox tələbələr işin çoxluğu, ailə öhdəlikləri və ya digər təzyiqlər səbəbindən beynəlxalq təhsil üçün xaricə gedə bilmirlər. Ancaq distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir. Bu səbəbdən distant təhsili əlverişli təhsil sistemi də adlandıra bilərik. Bütün bunlara baxmayaraq, bir tələbə kimi auditoriyada müəllimlə birbaşa kontaktla keçirilən təhsil sistemi mənim üçün daha keyfiyyətlidir. 90 dəqiqə ərzində müəllimin auditoriyada həm dərs keçmək həm də, tələbələri maraqlandıran suallara cavab vermək imkanı olur. Bir sözlə, distant təhsil işləyən və ya xaricə getmək imkanı olmayanlar üçün əlverişlidir. Digər bütün hallarda isə auditoriya dərsinin tərəfdarıyam".

Qasım Məmmədli, tələbə: "İnternetin zəifliyi onlayın dərslərin keçirilməsinə mane olur. Tətillə əlaqədar olaraq tələbələrin əksəriyyəti müxtəlif rayon və kəndlərdədir. Bölgələrdə isə internet ümumiyyətlə yox vəziyyətindədir. Bununla bağlı olaraq distant təhsilə keçid ləngiyir. Məncə, dərslərin keçirilməsi üçün ən rahat yer elə universitet auditoriyasıdır.  Buna görə də bu bəlanın tezliklə bitməsini arzulayıram. Yenidən dərs otaqlarında müəllimlərin mühazirəsini dinləmək daha yaxşı olar, nəinki telefon və ya kompüter vasitəsilə". 

Əfsanə Atakişizadə, tələbə: "Auditoriyada səs salan, dərsi pozan tələbələr də olur. Amma distant təhsildə buna imkan yoxdur. Həm də bir çox hallarda müəllimdən başqa digərlərinin mikrofonu, kamerası bağlanır. Nəticədə bütün diqqət müəllimdə olur. Bu, müsbət məqamdır. Çatışmazlığı isə odur ki, ani gələn bir mesajla fikir yayına bilir. Yəni istənilən halda auditoriya dərsinin yerini heç nə vermir".