"Mən inanıram ki, Təhsil Nazirliyi bütün tələbələri sevindirəcək. Çünki biz indi fors-major halla üz- üzəyik"
Ölkədə elan edilən karantin rejimi bir çox sahələrdə olduğu kimi, təhsil sektorunda da durğunluq yaradıb. Dərslər, məşğələlər dayanıb. İmtahanların nə vaxt keçiriləcəyi isə məlum deyil.
Bu, imtahan ərəfəsində olan şagird və tələbələr üçün daha böyük narahatlıq yaradır. Onlar nə edəcəklərini bilmirlər, qaranlıq otaqda hara gedəcəklərini müəyyənləşdirməyi bacarmayan adamlar kimi stress keçirirlər.
"Sherg.az" şagird və tələbələrin yoluna bir işıq salmaq, onları yaxın gələcəklə bağlı proqnozlarla tanış etmək məqsədilə təhsil eksperti Kamran Əsədovla həmsöhbət olduq.
O, bir qrup təhsil alan üçün daha ciddi problemlərin yarandığını dedi: "lX, Xl siniflərdə təhsil alan şagirdlər və ali məktəblərin lV kurslarında oxuyanların narahatlığı üçün əsaslar nisbətən çoxdur. Əgər digərləri ancaq proqramdan geri qalırlarsa, qeyd etdiyim kateqoriyaya aid olanlar buraxılış, qəbul imtahanlarını, diplom işlərini fikirləşirlər. Respublikada 4447 orta məktəb var. Keçirilən dərslər eyni olduğuna görə vahid proqram təminatı ilə problemi həll etmək mümkündür. Amma universitetlerdə ixtisaslar fərqlidir. 51 ali məktəbdə 380 ixtisas tədris olunur. Bu, o deməkdir ki, tələbələrin vəziyyəti daha kritikdir. İndi onlar istehsalat və pedaqoji təcrübəyə də gedə bilmirlər. Halbuki qiymət almalıdırlar. Hələ akademik borcları olanlar da var. Düşünürəm ki, Təhsil Nazirliyi bütün bunları nəzərə alaraq tələbələrin xeyrinə addım atacaq, akademik borcları bağışlayacaq və təcrübələri yerinə yetirilmiş hesab edəcək".
Ekspertin fikrincə, əgər nazirlik bunu etməsə, vəziyyət daha da qarışacaq:
- Mən inanıram ki, Təhsil Nazirliyi bütün tələbələri sevindirəcək. Çünki biz indi fors-major halla üz- üzəyik. Hökumətimiz həmişə belə hallarda güzəştlər tətbiq edib. Onsuz da tələbələr dörd il oxuyub, necə deyərlər, üzüb- üzüb quyruğuna gəliblər. İndi onları çətinə salmağın mənası yoxdur. Həm də mən indiyə kimi diplom işi verə bilməyən, dövlət imtahanından keçməyən tələbə görməmişəm. Deməli, güzəşt tətbiq etmək olar. Əgər Təhsil Nazirliyi bunu etməsə, xaotik situasiya yaranacaq. Bakalavrda təhsil alanların bir çoxu artıq təhsilin magistratura pilləsi üçün imtahan verib və keçid balını toplayıb. Onlar ixtisas seçimi etməlidirlər. Nazirlik güzəşt tətbiq etmədiyi təqdirdə bakalvr diplomu ala bilməyən tələbənin magistratura pilləsində oxuması üçün problemlər meydana çıxacaq. İkinci məqam isə ondan ibarətdir ki, oğlanlar diplom ala bilməsələr natamam ali təhsilli sayılacaq və qanunamüvafiq olaraq bir il 6 ay hərbi xidmətdə olacaqlar. İmtahanların hələ nə vaxt keçiriləcəyini bilmirik. Bu səbəbdən də "Hərbi xidmət haqqında" Qanuna dəyişiklik edilməli və çağırış vaxtı bir ay uzadılmalıdır".
K. Əsədov, həmçinin bildirdi ki, bu il onlayn imtahan təcrübəsindən istifadə olunacaq: "İmtahanların onlayn keçirilməsi heç də çətin deyil. Əksinə, zamanın və texnologiyanın tələbidir. Biz sadəcə qorxuruq. Necə ki, test sisteminə keçməyə də çəkinirdik. Məncə, bu il hər bir təhsil alan onlayn imtahanda iştirak edəcək. Bildiyiniz kimi, jurnalistika ixtisasının həm bakalvr, həm də magistratura pilləsində təhsil almaq istəyənlər iki mərhələdə imtahan verirlər. Onlar müvafiq keçid balını yığdıqdan sonra qabiliyyət imtahanında iştirak edirlər. Fikrimcə, bu il vahid proqram təminatı əsasında həmin qabiliyyət imtahanları da onlayn qaydada keçirilə bilər. Burada heç bir qəliz məsələ yoxdur".