Ekspert razılaşmır: “İmtahanlara koronavirusla bağlı sual salına bilər, amma...

“...Məleykə xanımın dediyi formada yox”



 Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə biologiya fənnindən imtahanlara koronavirusla bağlı sualların salınması məsələsinə münasibət bildirib. O, jurnalistlərə açıqlamasında deyib ki, yuxarı siniflərdə hər zaman viruslarla bağlı dərslər keçirilib:

“COVID-19 virusların yeni növüdür. IX sinif dərsliyində “İnsan özünü virusdan necə qoruya bilər?” sualı var. Koronavirusdan qorunma ilə bağlı sual yazılsa, burada nə qəbahət olar?. Bu tip mövzular imtahana salınır, amma hansı sualların düşməsi barədə məlumatım yoxdur. Bunlar məndən asılı deyil. Amma belə mövzular var”, - deyə sədr qeyd edib.



“Biologiya fənninin sualı kimi koronavirusla bağlı abituriyentdən nəyinsə soruşulmasını düzgün hesab etmirəm”
 Təhsil eksperti Nabatəli Qulamoğlunun fikrincə, imtahanlara koronavirusla bağlı sual salına bilər: 

“Məsələ sualın salınmasında yox, onun hansı fənnin tərkibində təqdim olunmasındadır. İmtahanlara koronavirusla bağlı sual salına bilər, amma Məleykə xanımın dediyi formada yox. Belə ki, biologiya fənninin sualı kimi koronavirusla bağlı abituriyentdən nəyinsə soruşulmasını düzgün hesab etmirəm. Çünki hələ bu infeksiya haqqında konseptual məlumat yoxdur. Heç tərkibi də bilinmir. Ancaq abituriyentlərdən koronavirusun tarixi ilə bağlı hansısa suallarn cavablandırılması tələb olunması mümkündür. Onsuz da infeksiyanın nə vaxt, harda yaranması, necə yayılması çoxlarına məlumdur. Hətta, ola bilsin,  Təhsil Nazirliyinin göstərişi ilə gələn ildən sözügedən mövzu tarix dərsliklərinə daxil edilsin”.