"Qəbul suallarının sadələşdirilməsi ədalətsizlik olar" - Kamran Əsədov 

"Əks təqdirdə bəziləri öz biliyi, bəziləri isə güzəştlə eyni balı toplayacaq"

“Qəbul imtahanlarının sualları sadələşdirilə  bilməz. Bu, süni şəkildə balı artırmaq olar. Nəticədə müsabiqə şərti gərginləşəcək”.

Bu sözləri imtahan verənlər üçün hansısa güzəştlərin tətbiq edilməsi barədə “Sherg.az”a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib.



Onun sözlərinə görə, sualların sadələşdirilməsi ədalətsizlik olar:

“Bu, bir yarışdır. Kim daha çox sualı cavablandırsa, o da daha çox bal yığacaq.  Suallar sadələşsə, bəziləri öz biliyi, bəziləri isə güzəştlə eyni balı toplayacaq.  Amma başqa formada güzəşt tətbiq etmək mümkündür. Məsələn imtahanlar bir yox, iki dəfə verilə bilər. Eyni zamanda situativ tipli test tapşırıqlarının ləğvi də məqsədəuyğundur”.

K. Əsədov, həmçinin imtahan qiymətlərinin çox baha olduğunu nəzərə çatdırıb:

“İmtahan qiymətləri reallığı əks etdirmir. 40 manat çox bahadır. Düşünürəm ki, imtahan qiymətlərinin iki dəfə azaldılması daha yaxşı olar”.