Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bir qrup abituriyent tərəfindən edilmiş müraciət əsasında Dövlət İmtahan Mərkəzinə məktub ünvanlayıb. Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə koronovirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması, həmçinin qrup halında məşğələlərin məhdudlaşdırılması ilə bağlı abituriyentlər üçün yaranmış çətinliklər, internetə fasiləsiz çıxışın olmaması səbəbindən bəzi abituriyentlərin onlayn dərslərə qoşulmasında ortaya çıxan problemlər, imtahan vaxtlarının dəyişdirilməsi məsələsi və bütün bunların nəticədə həmin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğu qeyd olunub.
Abituriyentlərin Müvəkkilə müraciətini və bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus epidemiyasının daha geniş yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin normal həyat şərtlərini dəyişməsini, eyni zamanda cari ilin məzunlarının əvvəlki illərin abituriyentləri ilə müqayisədə daha gərgin psixoloji vəziyyətdə olmasını nəzərə alaraq, Ombudsman Səbinə Əliyeva müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı DİM rəhbərliyinə müraciət edib.
Ombudsmanın müraciətinə necə baxılacağı hələlik məlum deyil. Amma müsabiqə şərtlərinin, keçid ballarının aşağı salınması ənənəsi çoxdan formalaşıb. Aşağı bal toplayanların sayı çox olduqca DİM keçid ballarını onsuz da aşağı salır.
Bu il də eyni prosesin təkrarlanacağı gözləniləndir. Səbəb də var – pandemiya! Qalır, ikincə məsələ - təhsil haqlarının aşağı salınması. Bu isə, hətta birinci məsələdən də önəmlidir. Məlumdur ki, hər il nə qədər tələbə xaricdə təhsilə üstünlük verirdi.
Əvvəla, ona görə ki, xaricdə təhsil, təhsil haqqı müqabilində daha keyfiyyətlidir. Azərbaycanda illik 2000-2500 manat ödəyib, ortabab təhsil almaqdansa, eyni məbləğə, lap olsun, bir qədər də baha, daha keyfiyyətli və perspektivli təhsil almaq mümkündür.
Bir var, Azərbaycanın hansısa ali məktəbinin tələbəsi olasan, bir də var, Türkiyənin beynəlxalq səviyyədə tanınan, keyfiyyətli təhsil verən hansısa ali məktəbinin. Başqa xarici ölkələrdən daha danışmırıq. Lap yaxın ölkəni misal çəkirik.
Azərbaycanda təhsil haqları 1700 manatdan başlayıb 8000 manatda “dayanır”. Bu il isə koronavirus pandemiyası bütün sahələrə təsirini göstərdi. O cümlədən də təhsilə. Vətəndaşların gəlirləriu azalıb, iş yerlərini itirənlər var. Belə vəziyyətdə ailələrin övladlarını xaricə təhsil almağa göndərməsi də xeyli çətinləşir. Üstəlik, dövlətlərin xaricdən gələnləri qəbul edib-etməyəcəyi məsələsi də var. Gedib xarici ölkədə, Allah göstərməsin, virusa yoluxmaq təhlükəsi də mövcuddur.
Yəni hazırkı dövrdə şərtlər dəyişmiş görünür. Lakin DİM, həmçinin də ali məktəblər yaranmış vəziyyətdən maksimum çıxarlı olmağı yox, gərəkən şəkildə yararlanmağı düşünməlidirlər. Yəni “abituriyentin başqa çarəsi yoxdur, təhsil haqqı nə qədər təyin ediləcəksə, ödəyəcəklər, təki kənarda qalmasınlar” deyib, təhsil haqlarını “ceyran belinə” qaldırmamalı, əksinə, pandemiya dövrünü nəzərə alıb gənclərin ali təhsil almasına yol açmalıdırlar. Keçid ballarını aşağı salmaq və təhsil haqlarında endirim etməklə. Bunları edəcəklərmi?
Təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında güzəştlərin labüd olduğunu dedi:
- Mövcud şərait bunu tələb edir. Müsabiqə şərtləri də yüngülləşməlidir, təhsil haqları da aşağı salınmalıdır. Hamımız bilirik ki, bu il pandemiya səbəbindən qəbul imtahanları bir neçə dəfə təxirə salındı. Məlum təhlükə səbəbindən məktəbə getməyən uşaqlar hazırlıq kurslarından, repetitor dərslərindən də məhrum oldular. Onlayn tədris isə birincisi, hər kəs üçün əlçatan deyildi, ikinci də, əyani tədrisi əvəz edə bilməzdi, edə bilmədi də. Ona görə də hətta imtahanlara yaxşı hazırlaşmış abituriyentlərin nəticələri də gözlənilən səviyyədən aşağı oldu. Bu il pandemiya hamıya fors-major situasiya yaşatdı. Qəbul imtahanlarında aşağı göstəricilər məntiqi olaraq plan yerlərinin kəskin şəkildə boş qalacağı deməkdir.
DİM-ə həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının yüngülləşdirilməsi ilə bağlı, sonra isə keçid ballarının aşağı salınması, həmçinin təhsil haqlarının endirilməsi ilə bağlı bizim tərəfimizdən də, başqa instansiyalar və şəxslər tərəfindən də dəfələrlə müraciətlər edilib. Təklif etmişik ki, imtahanların nəticələrində ümumi bal prinsipi tətbiq edilsin. İmtahanlarda 2 mərhələnin cəmi götürülsün. Abituriyentlərə güzəşt edilsin. Tanıdığım abituriyent var, rus bölməsinin məzunudur, qəbul imtahanında 550 bal toplayıb, lakin Azərbaycan dili imtahanından keçə bilməyib. 550 bal toplayan abituriyentə güzəşt edilməlidir axı. Deməli, o, öz ixtisasını bilir. Sadəcə, məlum səbəblərdən görünür, Azərbaycan dili ilə üzrə lazımi qaydada hazırlaşa bilməyib.
K.Əsədov təhsil haqlarının aşağı salınmasının da vacib olduğunu bildirdi:
- Ali məktəblərdə dərslər onlayn başlayacaqsa, təhsil haqlarında mütləq endirim edilməlidir. Təhsil haqqı adətən nəyə görə hesablanır, ali məktəbin xərclərinə görə. Yəni elektrik enerjisi, su, istilik sistemi, mühafizə xərcləri, sosial paketlər və sairə. Üstəgəl, müəllimlərin əmək haqqı. Müəllimlərin əmək haqqı ümumi xərclərin 50 faizini təşkil edər. Digər xərclərin axı tələbəyə aidiyyəti olmayacaq. Tələbə auditoriyada əyləşməyəcək, əyani dərs dinləməyəcək, ali məktəbin xidmətlərindən yararlanmayacaq. Bu halda əlbəttə ki, təhsil haqları da əvvəlki məbləğdə olmamalıdır. Hesab edirəm ki, mövcud şərait həm keçid ballarının aşağı salınmasını, həm də təhsil haqlarının azaldılmasını diktə edir. Gözləyirəm ki, güzəştlər ediləcək.