Valideynlərə çətin olacaq, amma başqa yol yoxdur

Evdə uşaqlar üçün ayrıca otaqda distant tədris mühiti yaradılmalıdır


Artıq hər kəsin gözlədiyi kimi məktəblərin açılmasına sayılı günlər qalıb. Amma bəzi valideynlər koronavirus pandemiyası səbəbindən övladlarını məktəblərə göndərməkdə maraqlı deyillər. Onlar yeni tədris üsulu hesab olunan distant yolla öz uşaqlarının təhsillərini davam etdirmək niyyətindədirlər. Təbii ki, bu zaman bir çox maraqlı nüanslar ortaya çıxır. Uşaqlar üçün evdə distant formada tədris prosesini necə qurmalı? Övladı evdə distant təhsil alan valideynlər nələrə diqqət yetirməlidir?



“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, sosial mediadan görünür ki, bir çox valideynlər, uşaqlar distant təhsil formasına qarşı aqressivdirlər. Onun sözlərinə görə, xüsusən də belə münasibət azyaşlılarla bağlı sərgilənir:

"Valideynlər əmindirlər ki, distant formada keyfiyyətli bilik və bacarıqlar əldə etmək çətin olacaq. Düşünürəm ki, burada daha çox psixoloji məqamlar var. İlk növbədə valideynlər fərqində olmalıdırlar ki, bu problem lokal problem deyil, bütün dünya bununla üz-üzədir. Bizdə distantla bağlı ənənələr və hazırlıqlar yetərli olmadığından bu problem daha qabarıq görsənir.

Əgər evdə texniki-texnoloji şərtlər qaydasındadırsa, müəllimin distant tədris üçün hazırlığı yetərlidirsə və təhsil müəssisəsinin də rəqəmsal resursları yetərincədirsə, distantın keyfiyyəti heç də ənənəvidən geri qalmayacaq. Düşünürəm ki, distantın evdə təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən valideynlər və uşaqlar üçün tövsiyələrin hazırlanması faydalı olardı".

O.Gündüz faydalı ola biləcək bəzi məqamları da valideynlərin diqqətinə çatdırıb:

"Evdə uşaqlar üçün ayrıca otaqda distant tədris mühiti yaradılmalıdır və bu otaq üçün ayrıca qaydalar müəyyən olunmalıdır. Zərurət yoxdursa dərs prosesində evdəki digər şəxslərin bu otağa daxil olması tövsiyə olunmur.

Uşağın masasında kompüter, smartfon, printer, planşet, qulaqcıq və s. üçün, onların dayanıqlı enerji təchizatı üçün şərait yaratmaq, bu avadanlıqları uşaq üçün hər an əlçatan etmək lazımdır. Uşağın iş masası təbii işıqlanma olan ərazidə olmalıdır və işıqlandırma üçün adi işıqlardan istifadə tövsiyə olunur.

Masa üzərində uşağın əl işləri görməsi üçün yer saxlanılmalıdır. Distant tədris prosesi zamanı otaqda televizor söndürülməli, sakitlik və iş mühiti təmin olunmalıdır. İlkin dövrlərdə uşağın kompüterdə işləməsinə, təlim prosesinə, avadanlığın və internetin məqsədli istifadəsinə nəzarət və köməklik edilməlidir. Uşağın internetdə təhlükəsizliyi üçün tədbirlər görülməlidir (əgər valideynin rəqəmsal bacarığı yetərlidirsə, kompüteri, smartfonu özü tənzimləməli, əks halda provayderə, məktəbə və ya müətəxəssisə müraciət etməlidir. İmkanı yetərlidirsə provayderlərdən “halal internet” xidməti alması daha uyğun olardı)". 

Mütəxəssis hesab edir ki, distant dərslər 30 dəqiqə davam etdiyindən uşağın hər yarım saatdan bir istirahətinə diqqət yetirilməlidir:

"Evdə bir neçə uşaq eyni anda internetdən istifadə edərək multimedia resurslarla işləyəcəksə, internetdə yüklənmələri qabaqcadan nəzərə almaq lazımdır. Bu problemi aradan qaldırmaq üçün ya evdəki uşaqların dərs cədvəli dəyişilməli, yaxud da daha yüksək sürət üçün provayderə müraciət olunmalıdır.

Evdə yalnız bir kompüter olduqda da bir neçə uşağın istifadəsi üçün qabaqcadan kompüterdə tənzimləmələr aparılmalıdır. Əgər uşağın istifadə etdiyi texniki avadanlıqlarda problem olarsa təhsil müəssisəsinə və ya kompüter ustasına müraciət etmək lazımdır.

Bunu tez etmək daha doğru olardı, çünki nasaz avadanlıqlarla distantı effektiv qurmaq mümkünsüzdür. Bu, uşaqları həvəsdən sala bilər. Əgər uşaqda mənimsəmə ilə bağlı, distant tədris mühitinə uyğunlaşmaqla bağlı problemlər, diqqətin toplanması ilə bağlı problemlər olarsa məktəbin rəhbərliyinə, məktəb psixoloquna müraciət etmək doğru olardı.

Evində interneti və kompüteri olmayanlar distant tədris prosesində iştirak üçün ya digər imkanlar axtarmalı, yaxud da bu imkanların yaradılması üçün dərhal təhsil müəssisəsinə müraciət etməlidir".