Ölkəmizdə abituriyentlərin ən çox seçdiyi ixtisaslar bəlli olub. Hər ixtisas qrupu üzrə abituriyentlərin istəyinə uyğun olan və nüfuzlu ixtisaslar müəyyən edilib.
Ötən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idman” ixtisaslarına üstünlük veriblər.
Azərbaycan bölməsində I ixtisas qrupunda “Riyaziyyat müəllimliyi” ixtisasına maraq artıb. Bu Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirilir. Son illər müəllimlərin əmək haqqının artması da müəllimlik ixtisasına sahib olmaq istəyənlərin çoxalmasına səbəb ola bilər.
İxtisas seçiminə dair fikirlərini “Sherg.az”la bölüşən təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə, müəllim dövlətin verdiyi maaşa gözünü dikmir.
Ekspert bildirib ki, yüksək maaş alan və 18 ildən çox dərs deyən müəllim 1 “stavkaya” 585 manat pul alır. İndi isə hətta kənd məktəblərinin böyük əksəriyyətində elə müəllim var, 5 fəndən dərs deyir:
“Yəni müəllim çoxluğu var, amma dərs çatışmazlığı da meydandadır. Hər bir müəllimə orta hesabla ayda 11 saat dərs yükü düşür. 11 saat dərs yükü də 1 “stavka”nın üçdə ikisini etmir. Bir “stavka” dərs yükünü pula çevirsək, yəni 585 manatı üçə bölüb ikiyə vursaq, yenə həmin rəqəmi almaq mümkün deyil.
Ona görə hesab etmirəm ki, riyaziyyat müəllimliyinə seçimin çoxalması sadəcə Təhsil Nazirliyinin pedaqoji sahəyə göstərdiyi qayğı ilə bağlıdır. Nazirlik pedaqoji sahəyə sabiq nazir Mikayıl Cabbarovun dövründə müəyyən pullar ayırıb.
Təbii ki, bunlar dövlətin ayırdığı pullardır. Müəllimlərin yaşadığı coğrafi mövqe də vacibdir. Müəllim rayon mərkəzindən 20 kilometr kənarda yaşayırsa, onun qət etdiyi məsafəyə dəyməyən maaş verilir. Buna görə də pedaqoji ixtisası seçməyin maaşla əlaqəsi yoxdur”.
N.Qulamoğlu pedaqoji ixtisasa marağın səbəblərini diqqətə çatıdırıb:
“O şəxslər və abituriyentlər özlərinə əmindirlər ki, Təhsil Nazirliyinin sisteminə daxil olduqdan sonra özlərini təsdiq edə və xalqın onlara olan ehtiyacını sübut edəcəklər.
Belə kadrlar müəyyən yer tutandan sonra da normal əmək haqqı ilə təmin olunacaqlar. Normal əmək haqqı dedikdə dövlətin verdiyi maaşı nəzərdə tuturam. Demirəm ki, repetitorlar yüksək qazanc əldə edirlər. Onlar sərf etdiyi əməyin 75 faizini heç tam ala bilmirlər. Çünki valideynlərimiz də çətindir.
Amma təmin əminliklə deyirəm ki, repetitor müəllimlər fəaliyyət göstərib yaxşı pul alırlar. Müəllimliyə maraq da bununla bağlıdır. Başqa səbəb yoxdur. Özlərinə inanan abituriyentlər istəyirlər ki, repetitor bazarında özlərinə yer tutsunlar”.