Ekspert inanmır: ”DİM və nazirliyin statistikasında siyasi çalarlar var”

“III ixtisas qrupu üzrə kifayət qədər yüksək bal toplayan abituriyentlər var. Bəzi region məktəblərinin nəticələri yaxşı oldu”. 
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri abituriyentlərin pandemiya şəraitində hazırlaşmaları ilə bağlı məqamları xüsusi qeyd edənlərə münasibət bildirib:

“Çoxları deyir ki, pandemiya şəraitində məşğul olmuşuq, müsabiqə şərtləri aşağı salınsın. Lakin biz buna ehtiyac duymuruq. Çünki müsabiqə şərtlərini aşağı salmağa heç bir ehtiyac yoxdur. III qrupda kifayət qədər yüksək nəticə göstərən abituriyentlər var. Onlar da pandemiya şəraitində hazırlaşıblar və yüksək nəticə əldə ediblər”.



Bu barədə “Sherg.az”a danışan təhsil eksperti Nabatəli Qulamoğlu nəticəni təbii hesab edir:

“Onlayn dərslər şəhər və rayonlardakı tədrisin keyfiyyətini eyniləşdirdi. Üstəgəl, repetitorların fəaliyyəti zəifləyib. Yəni belə olması gözlənilən idi. Məleykə xanımın dediklərini regionun ictimai-siyasi həyatı ilə bağlamaq düzgün deyil. Sadəcə obyektiv səbəblər var”. 

 Ekspert ortalama bal məsələsinə də toxunub: 

“Əvvəla, 303 balla 297 bal arasında ciddi fərq yoxdur. İkincisi isə həm Təhsil Nazirliyinin, həm də DİM-in verdiyi statistikalarda siyasi çalarlar var. Hər dəfə təqdim etdikləri statistikalarda inkişafın olduğunu göstərmək istəyirlər. Bəlkə də, həqiqətən, deyildiyi kimidir. Amma DİM-in monitorinqlərinin nəticəsi bilavasitə abituriyentlərə verilən suallardan asılıdır. Yəni pis və ya yaxşı nəticə olmur. Asan və çətin suallar olur.

Bir məqamı da qeyd edim ki, keçən il kurikulum tədris proqramından ilk dəfə istifadə olunurdu.

Bu, həm abituriyentlər, həm də müəllimlər üçün yeni təcrübə idi. İndi isə artıq həmin sistemə vərdiş olunub”.