Rus dili artıq keçmişdə qaldı: Bu dili öyrənən əcnəbilərin sayı yarıbayarı azalıb    


 “2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir. Orta məktəblərdə rus bölməsi üzrə oxuyan şagirdlərin sayı 158 min nəfərə yaxındır (ümumi şagird sayının 10 faizi). 400-ə yaxın orta məktəb tam olaraq rus dilində fəaliyyət göstərir.

Ali təhsil müəssisələrində isə demək olar ki, bütün ixtisaslar üzrə rus bölməsi var. Əcaba niyə? Azərbaycanda nə qədər rus millətinin nümayəndəsi yaşayır? 127 min nəfərə yaxın. Bu Dövlət Statistika Komitəsinin 2019-2020-ci ilə olan "Əhalinin milli etnik tərkibinə" dair hesabatındandır. Deməli 127 min nəfər rus millətinin nümayəndəsinın ən yaxşı halda 10 faizi orta məktəbdə təhsil alır və bu rəqəm 20 min nəfərdən çox etmir. O zaman niyə Azərbaycan dövlət büdcəsi hesabına 400-ə yaxın orta məktəbdə bütün dərslər rus dilində keçirilir? Bu suala son günlər müxtəlif tərəfdar və əks qütbdən çıxış edən şəxslər fikir bildirib”. 

Bu sözləri iqtisadçı ekspert Razi Abasbəyli deyib. Onun sözlərinə görə, rus dilində təhsilin ölkəmizdə kütləvi tədris edilməsinin tərəfdarlarının arqumentlərinə bir az iqtsadi olaraq nəzər salmaq lazımdır:

“Deyirlər ki, dünyaya çıxış, elmi ədəbiyyatlar üzrə qaynaqlar rus dilində daha zəngindir. Bəli rus dilində Dostoyevski, Puşkin, Lermantovu oxumaq olar. Lakin dünyanın yeni elmi-texnoloji inqilabları haqqında oxumaq üçün rus dili işimizə o qədər də yaramır. Sovetlər dağıldıqdan sonra rus dili ən yaxşı halda Rusiya sərhədləri daxilində dövlət dili olaraq işlədi. 15 post-sovet respublikasının demək olar ki, hamısı rus dilindən rəsmi olaraq imtina etdi. Latviya, Litva, Estoniyya dərhal, Gürcüstan, Ukrayna bu yaxınlarda rus dilinin kütləvi tədrisindən imtina etməyə başladı. Orta Asiya ölkələrində də rus dili qocalıb”.

R.Abasbəyli bildirib ki, rus dili bu gün post-sovet məkanında qocaların danışdığı dilə çevrilib:

“Yaşlı nəslin hərəkət etməsi, yeni dünya düzənində iqtisadiyyata, elmə töhfə verməsi fiziki olaraq mümkünsüzləşib. Keçmiş sovet respublikalarında 90-lardan bu yana doğulan gənc nəsil arasında rus dilində danışa bilən çox az sayda insan qalıb. Rus dili iqtisadi dil statusunu artıq itirib. Avropada, ABŞ-da Almaniyada, Çində, Hindistanda demək olar ki, rus dili heç bir işə yaramır. Heç bir iqtisadi-mədəni əlaqələrdə nə vətəndaşın, nə də investitsiyaların dili statusuna zərrə qədər də yaxın deyil. Gündoğan ölkədə də eyni vəziyyətdir. O zaman sual veririk - rus dili dünyaya açılmaq istəyən, gəncin nəyinə lazımdır? Bu gün rus dili Rusiya bazarlarında kartof satmaqdan başqa heç kimin işinə yaramır. Kimsə övladını Rusiya bazarlarında kartof satmaq üçün yetişdirmək istəyirsə, olsun. Amma Azərbaycan üçün rus dilində yetişən gənclər iqtisadi və mədəni, beynəlxalq əlaqələrin inkişafı baxımından heç bir xüsusi status qazanmırlar”. 
“İndi post-sovet ölkələrində, xüsusilə də demokratiyaya keçid edən ölkələrdə yüksək vəzifələrə gətirilən gənclərin çoxu rus diliində ya bilmir, ya da danışmaq istəmir. Deməli artıq rus dili heç keçmiş sovetlər ölkələri arasında diplomatik dil statusunu da qoruya bilmir. Və yaxın gələcəkdə ümumiyyətlə hər müstəqil dövlət beynəlxalq danışıqlarda öz dövlət dilində danışacaq. Rusiya Elm Və Təhsil Nazirliyinin tabeçiliyində olan Sosioloji Araşdırmalar Mərkəzinin (Sosiocenter) hesabatında 2018-ci ildə rus dilini öyrənən əcnəbilərin sayının demək olar ki, yarıbayarı azaldığını bildirilirdi. Məruzədə deyilirdi ki, indi rus dili yayılma baxımından dünyada onuncu yerdədir, 27 ölkədə istifadə olunur. 1990-cı illərin əvvəllərində 74,6 milyon insan rus dilini öyrənirdisə, 2018-ci ilə qədər onların sayı 38,2 milyona düşdü. Keçmiş SSRİ ölkələri xaricində dünya səviyyəsində rus dili öyrənənlərin sayı 20 milyondan 1 milyona qədər azaldı...
Bütün proqnozlara görə 2025-ci ildə dünya əhalisinin yəni 8 milyard insanın cəmi 3 faizə qədəri rus dilində öyrənməyə maraq göstərəcək. Rusiyadakı beyin mərkəzləri bildirir ki, indi Avropa rus dilinin cüzi də olsa yaşamasını post-sovet ölkələrindənn mühacirət edən ailələrin uşaqları qoruyurlar”, - deyə, Razi Abasbəyli əlavə edib.

Bütün bu arqumentlərin rus dilinin faktiki olaraq dünyada gərəksiz və heç bir iqtisadi, diplomatik statusu olmayan dilə çevrilməkdə olduğunu göstərdiyini qeyd edən R.Abasbəyli vurğulayıb ki, sovetlər mövcud olduğu dövrdə bu dil dünyada böyük iqtisadi və siyasi güc idi: 

“Eyni zamanda II Cahan Savaşından sonra rusların qalib gəlməsi bir sıra Avropa ölkələrndə rus dilinin statusunu gücləndirmişdi. Lakin 90-cı illərin əvvələrindən bəri rusiya iqtisadi olaraq da, siyasi olaraq da, elmi olaraq da dünyadan qopmaqda olan bir ərazi vahidinə çevrilməkdədir. İndi bir daha sual edirəm - rus dilinin tədrisinə bu qədər dövlət investitsiya yatırmaq kimə və nəyə lazımdır?”