Elşən Ramizoğlu: “Sevmədiyi ixtisası seçməsi abituriyenti ruhdan salır”
“Bu, heç də xoş olmayan nəticələrə gətirib çıxarır”
Bir neçə gündən sonra ölkəmizdə ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq. 11 il sürən marafon başa çatdı. Çəkilən zəhmət yaxın günlərdə öz bəhrəsini verəcək. Lakin ixtisas seçimini düzgün etmək çox vacibdir.Təəssüf ki, övladının yerinə ixtisas seçimi bəzi valideynlər üçün adət halını alıb. Amma bu müdaxilə abituriyentin, bəlkə də, həyatının bütün dövrlərinə təsir göstərir.
Sevmədiyi ixtisas üzrə təhsil alan tələbələrin gələcəkdə yüksək potesiallı kadr kimi yetişməsi sual olaraq qalır. Bu baxımdan abituriyentin müstəqil seçim etməsi, sevdiyi sahə üzrə təhsil alıb həmin sahədə fəaliyyəti vacib faktdır.
Məsələyə dair fikirlərini bildirən təhsil üzrə ekspert Elşən Ramizoğlu “Sherg.az”a bildirib ki, validyenlərin ixtisas seçimi zamanı övladlarına müdaxilə etməsi ən çox rastlaşdığımız hallardan biridir:
“Ta qədimdən belə hallar olub, indi də var. Uşaq dünyaya gəldikdə valideyn arzu edir ki, övladım həkim, hüquqşünas və.s peşə sahibi olacaq. Düzdür valideyn bunu arzu edir və “niyə istəyirsən?” demək olmaz. Ancaq uşağın hansı peşə sahibi olmaq istəyini və arzularını başa düşmək lazımdır. Məsələn, abituriyent qarşısına məqsəd qoyur ki, mühəndis olsun.
Bu, onun arzusudur, həmin sahəyə marağı var. Özünü mühəndislik sahəsində görür. Amma çox vaxt bu istəklər valideynin təkidi ilə dəyişir. Nəzərə almaq lazımdır ki, şagird öz istəyi və məqsədi üçün çalışır”.
E.Ramizoğlu vurğulayıb ki, valideynin məsləhət verməsi, hansısa ixtisasla bağlı izahları lazımdır:
“Elə ixtisaslar var ki, o sahədə ali məktəbi bitirdikdən sonra iş tapmaq çətindir. Bunu da nəzərə almaq gərəkir. Lakin unutmamalıyıq ki, sonda şagirdin öz istəyi olmalıdır. Valideyn övladının istəklərinə, qərarlarına hörmətlə yanaşmalıdır. Çox zaman bunu görə bilmirik. Sevmədiyi ixtisası seçməsi abituriyenti ruhdan salır. Bu, heç də xoş olmayan nəticələrə gətirib çıxarır”.