Dərsliklərdə neqativ nüanslar var:  “Məhəllə dili gətirilir” - Ciddi nəzarət olmalıdır !

“Dərsliyə belə danışıq dilinin gətirilməsi tamamilə əsassızdır və kobud səhvdir”


“- Ana mənə bıçaq al 
- Çörək doğrayacan? 
- Yox sinif yoldaşımı şoşkalayacam”.

Bu kiçik dialoq azyaşlı uşaqlar üçün nəzərdə tutulan materialdan bir nümunədir. Dialoqun dərslik və ya iş dəftərində olduğu barədə dəqiq məlumat yoxdur. Əslində bunun heç bir fərqi də yoxdur.
Çünki diqqət çəkən yeganə məqam azyaşlılara belə danışıq dilinin aşılanmasıdır. Uşaqlar üçün nəzərdə tutulan dərsliklərdə buna bənzər dialoq və şeirlərə əvvələr də rast gəlmişik. Təəssüf ki, uşaqların hərtərəfli inkişafı, psixoloji durumu üçün bu materialların verilməsi düzgün deyil. Hər dəfəsində tənqidi fikirlər səslənir. Lakin bu cür həssas və ciddi məsələyə biganə yanaşma var.



Sözügedən dialoqla bağlı təəssüratlarını “Sherg.az”la bölüşən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirib ki, uşaqlar üçün olan dərsliklərdə, müxtəlif materiallarda bəzi neqativ nüanslar var. Ekspertin fikrincə, azyaşlı uşaqlara bu cür danışıq dilinin aşılanması xoşagələn deyil:

“Dərsliklər ilk öncə Təhsil Nazirliyinin 5 eksperti tərəfindən yoxlanılır. Bir ekspert olsaydı, başa düşmək olardır. Amma 5 ekspert belə materialın dərsliklərə salınmasında diqqətli olmalıdır.

Bu məsələyə ciddi yanaşmaq lazımdır. Dərsliklərimizə məhəllə dili salınmalı deyil. Yazıçılar da məhəllə dilindən bədii ədəbiyyatda istifadə edirlər. Amma onlar çox “xəsisliklə” istifadə edirlər ki, bu dil şagirdin ümumişlək dilinə çevrilməsin”. 

N.Qulamoğlu qeyd edib ki, hansısa materiala, dərsliyə belə danışıq dilinin gətirilməsi tamamilə əsassızdır və kobud səhvdir:

“Məhəllə dilində danışan müəllifləri dil nöqteyi nəzərdən kasıb hesab edirəm. Hər halda onların danışmağa sözü, mətn təqdim etməyə imkanları olsaydı, normal dialoq təqdim edərdilər. Ona görə də belə danışıq dilinin dərsliyə salınması çox yanlışdır. Bu sahədə ciddi nəzarət olmalıdır”.