“İmtahanında təqdim olunan 50 sualın adı “məntiq” olsa da, əslində riyazi məntiqdir”
“Bu, artıq ali məktəbi bitirmiş heç bir bakalavra öyrədilmir”
“Deməli, bakalavrı repetitor yanına getməyə məcbur etmək də qəbuledilməzdir”
“Məntiq fənni gözəl fəndir. Aristoteldən üzü bu yana ciddi alimlər hamısı məntiqdən danışır. Hamı məntiqli düşünməyin tərəfdarıdır. Amma bu test imtahanlarındakı sualların ciddi məntiq elminə dəxli yoxdur axı...”.
Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu özünün “Facebook” hesabında yazıb. O, konkret fənn imtahanının düzgün keçirilmədiyi fikrindədir:
“İmtahan verən baş sındırmalıdır ki, bu misallarda rəqəmlərin hansının hansı hissəsini götürüb onun başına hansı ədabaz oyunları açmalıdır ki, sonunda oradakı qanunauyğunluğu tapa bilsin. Magistraturaya daxil olmaq istəyən tarixçinin, ədəbiyyatçının, hüquqşünasın.... 50 yaşında müəllimin.... başqa bu kimi sahələrdə imtahan verənlərin məntiqi düşüncəsini bu suallarla yoxlamaq özü ciddi məntiqsizlikdir.
Bu imtahanlarda məntiqi düşüncəni yoxlamaq üçün tamamilə başqa tipli suallar olmalıdır. Belə hoqqabaz suallar yox. Mən mexanika-riyaziyyat fakültəsini çox yüksək balla bitirmişəm. İndi də tətbiqi riyaziyyat sahəsində ciddi çalışıram. Bu suallarla imtahana hazırlaşmaq xeyli gəncimizdə stress, ruh düşkünlüyü, gərginlik yaradır. Bu tip suallar xeyli istedadlı gəncimizi təhsil almaqdan kənarda qoya bilər”.
“Sherg.az” olaraq məsələyə münasibət bildirməsi üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. O, yazılanları təsdiqlədi:
“İmtahan keçirilmə qaydalarına görə, imtahan iştirakçısının bilikləri ona tədris edilən bilik və bacarıqlar əsasında test edilməlidir. Nəzərə almaq lazımdır ki, magistraturaya qəbul imtahanında təqdim olunan 50 sualın adı “məntiq” olsa da, əslində riyazi məntiqdir və bu, artıq ali məktəbi bitirmiş heç bir bakalavra öyrədilmir. Deməli, bakalavrı repetitor yanına getməyə məcbur etmək də qəbuledilməzdir”.
K.Əsədovun sözlərinə görə, magistraturaya qəbul imtahanında ciddi dəyişikliklər edilməlidir:
“Bakalavrlara differensial yanaşma tətbiq olunmalıdır. İmtahanda mütləq ixtisas bilikləri yoxlanılmalı və sualların səviyyəsi hər ixtisasa uyğun müəyyənləşməlidir.
Məsələn “Tətbiqi riyaziyyat” ixtisasını bitirən bakalavr, çox güman, məntiq və informatika suallarında çətinlik çəkməyəcək. Amma humanitar sahəni bitirənlər adətən həmin fənlərin imtahanından zəif nəticə göstərirlər.
Deməli, bütün bakalavrları eyni suallarla test etmək doğru deyil. Ümumiyyətlə, magistraturaya qəbul imtahanı ali məktəbin proqramına uyğun olmalıdır, hansısa xarici proqrama yox. Bu mənada birmənalı deyirəm ki, Azərbaycanda magistraturaya qəbul imtahanları düzgün keçirilmir”.