SOS ! - “Məktəblərdə yoluxma riski daha böyükdür” – Təhlükə artır !   

“Məktəblər insanların sıx toplandığı yer olduğu üçün virusa yoluxma təhlükəsi böyükdür”

“Hətta payızda digər respirator infeksiyalar da yayıla bilər”

“Əsas odur ki, virus vaxtında aşkarlansın, lazımi tədbirlər görülsün və arzuolunmaz nəticələr aradan qaldırılsın”



Ölkəmizdə haha 10 şagird və 7 müəllim koronavirusa yoluxub. Təhsil Nazirliyindən bildirilib ki, dərs ili başlayandan sentyabrın 23-nə qədər koronavirusa yoluxan şagird və müəllimlərin sayı 140-a yaxınlaşıb. Dərs başlayandan bəri koronavirusa yoluxmaya görə distant təhsilə keçirilən siniflərin sayı 6-ya çatıb.

Xatırladaq ki, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllim virusa yoluxduğu üçün məktəb bağlanıb. Pandemiyaya görə, valideynlərə arzu etdikləri təqdirdə uşaqlarını məktəbə buraxmamaq hüququ verilib. Təhsil Nazirliyinin məlumatına görə, 1-4-cü siniflər üzrə təhsil alan 625 mindən çox şagirdin təxminən 8 mininin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Tədris prosesinin ənənəvi şəkildə bərpasına aid qərar veriləndə  cəmiyyətimizdə müəyyən narahatlıqlar var idi. Bəzi valideynlər pandemiya təhlükəsi olduğu üçün övladlarının məktəbə getməsini düzgün hesab etmirdilər. Bir çoxları isə məktəblərin açılmasının düzgün qərar olmadığını düşünürdü. 



Məktəblərdəki kütləvi yoluxma hallarını “Sherg.az”a şərh edən TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti  Nəzrin Mustafayeva bildirib ki, nəinki Qubada, digər regionlarımızda da kütləvi yoluxma halları baş verə bilər. Həkimin fikrincə, necə ki, indiyə qədər müxtəlif iş yerləri və müəssisələrdə kütləvi yolxuma hallarına rast gəlmişik, məktəblər də açıldığı üçün hər hansı bir yoluxma halının olması tam normal və gözləniləndir:

“Onsuz da məktəblərin açılma qərarı verilməz qabaq bununla bağlı ictimaiyyətə müraciətlər edirdik, əhalini mövcud duruma hazırlamaq üçün açıqlamalar verirdik. Bildirirdik ki, yoluxma sayı arta bilər. Çünki payız fəslində havaların soyuması ilə əlaqədar yoluxmanın artması gözlənilən hal idi. Hətta payızda digər respirator infeksiyalar da yayıla bilər”. 

N.Mustafayeva qeyd edib ki, məktəblər kollektivin sıx toplandığı yer olduğu üçün virusa yoluxma riski hər zaman var:

“Hətta məktəblərdə yoluxma riski digər müəssisələrdən daha çoxdur. Lakin vacib olan bu deyil. Əsas odur ki, virus vaxtında aşkarlansın, lazımi tədbirlər görülsün və arzuolunmaz nəticələr aradan qaldırılsın”.

İnfeksionist vurğulayıb ki, məktəblər açılıbsa, yoluxma riskini sıfırda saxlaya bilmərik:

“Bu, real deyil. Heç bir cəmiyyətdə mümkün olan hal deyil ki, məktəblər açılır və hər şey ideal şəkildə davam edir. Ona görə də əsas odur ki, zamanında vacib olan bütün tədbirlər görülsün , virus çox yayılmadan müalicəyə ehtiyacı olanlar xəstəxanalara yönləndirilsin, təmasda olan şəxslər izolyasiya olunsun. Beləliklə problem daha da böyümədən yerində həll edilsin”.