Keçid balları niyə aşağı düşüb? – Ekspert real səbəbləri açıqladı 

“Bu, ilk növbədə qəbul imtahanındakı testlərin məzmunu ilə əlaqədardır” 

“Testlər mürəkkəb olduqda, keçid balları da aşağı düşür”


Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb. Sosial şəbəkələrdə universitetlərdəki ixtisasların keçid balları ilə bağlı qızğın müzakirələr aparılır. Lakin aşağı balla ali məktəblərə qəbul olunanların nəticəsi bir çox insanda çaşqınlıq yaradıb. 

“Xəzər Universitetinin dövlət sifarişli “Turizm işinin təşkili” ixtisasına keçid balı 68, Bakı Dövlət Universiteti “Beynəlxalq Münasibətlər” dövlət sifarişli keçid balı 283, ADMİU “Turizm işinin təşkili” dövlət sifarişli keçid balı 207, BDU “Turizm işinin təşkili” ixtisasında dövlət sifarişli keçid balı isə 390 baldan 252 bala enib.

Keçid ballarının kifayət qədər aşağı düşməsi böyük marağa səbəb olub. Çoxları düşünür ki, keçid ballarının bu qədər azalması tədrisin onlayn formada olması ilə əlaqədardır. Şagirdlərin az bal toplaması rəqabət mühitinə uyğun olaraq  məhz keçid ballarının aşağı düşməsinə şərait yaradıb. 



Mövcud durumla bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirib ki, keçid ballarının aşağı düşməsi ilk növbədə qəbul imtahanındakı testlərin məzmunu ilə əlaqədardır. Ekspert düşünür ki, testlər mürəkkəb olduqda, keçid balları da aşağı düşür:

“İkinci səbəb odur ki, Azərbaycan yeni təhsil sisteminə-kurrikuluma keçid edib. Qəbul imtahanı da bu təhsil sistemi ilə aparılır. Əslində ötən il də keçid balları yüksək deyildi.

Balların aşağı düşməsinin üçüncü səbəbi  bu il onlayn tədrislərin keçirilməsi idi. Onlayn təhsil balların dəyişməsində müəyyən qədər rola malik oldu.

Amma hesab etmirəm ki, onlayn tədris prosesi balların azalmasına ciddi təsir göstərsin. Əsas səbəb testlərin məzmunu ilə bağlıdır. Məzmun mürəkkəb olanda, ballar da aşağı düşür”.