Sosioloq: “Məktəblərdə virusa yoluxma qaçılmazdır”

“Ümumiyyətlə, immun sistemi zəif olan uşaqlar üçün nəinki koronavirus, ən sadə yoluxucu xəstəliklər belə təhlükəlidir”



Sentyabrın 15-dən etibarən Bakı, Sumqayıt və Abşeron rayonu istisna olmaqla uşaq bağçaları fəaliyyətini bərpa edib. Bu gün isə adı qeyd etdiyimiz yerlərdə bağçaların fəaliyyəti bərpa olunacaq. Bu barədə Təhsil naziri Emin Əmrullayev məlumat verib:
“Uşaq bağçalarının distant fəaliyyəti mümkün deyil. Həftədə 5 gün olmaqla uşaq bağçaları fəaliyyət göstərəcək”.

 Buna baxmayaraq, bağçaların açılmasını məqbul hesab etməyən valideynlər də var. Valideynlər kütləvi yoluxma təhlükəsinin ola biləcəyini əsas gətirərək narahatlıqlarını bildirirlər. Bir çoxları bağçaların açılmasının hələ tez olduğunu düşünür.


 
Məsələni dəyərləndirən sosioloq Lalə Mehralı “Sherg.az”a bildirib ki, bağçaların açılmasının tez olduğunu düşünən valideynləri anlamaq olar. Çünki insanlar yoluxmanın çoxalmasından qorxurlar. Sosioloqun sözlərinə görə, buna baxmayaraq bağçanın açılmasını istəyən valideynləri qınamaq olmaz:

 “Uşaqlar həm koronavirusa az yoluxurlar, həm də tez sağalırlar. Çalışan valideynləri anlamaq lazımdır. Onlar mart ayından bu günə kimi artıq 6-7 aydır ki, övladlarını özü ilə işə aparmaq məcburiyyətində qalırlar. Bəziləri borca-xərcə girib dayə tutub. Bağçaların açılmasına etiraz edən valideynlər isə uşaqlarını göndərməsinlər. İşləyən valideynləri başa düşmək lazımdır. Bu insanlar 7 aydır ki, çox əziyyətlər çəkir”.

 L.Mehralı qeyd edib ki, əvvəlki illərdə bağçalar əsasən işləyən validyenlər üçün nəzərdə tutulurdu. Bağçanın fəaliyyətinin öncəliyi işi olan valideynlər idi:

“Çünki görürdülər ki, işləyən valideynin məcburiyyəti var. Fikrimcə,indi də bu faktlar nəzərə alınmalıdır. Bağçanın fəaliyyəti xüsusilə çalışan validyenlərin uşaqları üçün nəzərdə tutulsun. Əminəm ki, bağçanın işləməyinə etiraz edənlərin əksəriyyəti işi olmayan valideynlərdir. Çünki onlar üçün rahatdır, özləri evdədir, uşaqları da yanlarında.

Amma pul qazanmaq məcburiyyətində olan insanları da başa düşmək lazımdır. Dezinfeksiya işləri lazımi qaydada həyata keçirilir. Valideynləri qorxudan başqa məqam məktəblərdə yoluxmanın çox olması idi.

Lakin bilmək lazımdır ki, məktəblərdə yoluxma qaçılmazdır. Ümumiyyətlə, immun sistemi zəif olan uşaqlar üçün nəinki koronavirus, ən sadə yoluxucu xəstəliklər belə təhlükəlidir”.