Təhsil Nazirliyi distant təhsildə şagirdlərin biliklərinin qiymətləndirilməsi ilə bağlı təklif hazırlayır. Bu barədə nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu məlumat verib: “Distant təhsildə şagirdlərin biliklərinin qiymətləndirilməsi üçün yarımilin sonunda böyük summativ qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur. Bu, hələ təklifdir”.
O qeyd edib ki, alternativ təklif olarsa, baxılacaq və bu barədə məktəblərə məlumat veriləcək.
Məlumdur ki, mart ayından etibarən ölkəmizdə əyani təhsil dayandırılıb. Şagirdlərin bilik səviyyəsinin aşağı düşməməsi üçün alternativ olaraq distant təhsilə keçid edildi. Bu baxımdan hazırkı təhsil modelinin şagirdlərin bilik və bacarığına göstərdiyi təsir gündəmin əsas mövzularındandır.
Maraqlıdır, bu şərtlər altında şagirdlərin qiymətləndirilməsi hansı formada həyata keçirilə bilər?
Sualımızı cavablandıran təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlunun “Sherg.az”a açıqlamasına görə, bir halda ki, təhsilalma formatı dəyişib, şagirdlərin qiymətləndirilmə modeli də dəyişməlidir:
“Bilirik ki, əyani təhsillə, distant təhsil bir-birindən fərqlənir. Əlbəttə, bunu distant təhsil adlandırmaq mümkündürsə. Çünki hazırda ölkəmizdə distant yox, sadəcə onlayn təhsil mövcuddur.
Əyani biliyi onlayn təhsillə əldə etmək mümkün deyil. Bir halda ki, bu biliyi əldə etmək mümkün deyil, deməli, şagirdlərin müvəffəqiyyətləri də yüksək səviyyədə olmayacaq. Ona görə də qiymətləndirmə ilə bağlı aparılan monitorinqlərdə bu məqam nəzərə alınmalıdır”.
Ekspert hesab edir ki, qiymətləndirmədə böyük güzəştlər edilməli, sadələşmələr olmalıdır:
“Şagirdlərin qiymətləndirilməsi ilə bağlı müəyyən yüngülləşmələr vacibdir. Fikrimcə, Təhsil Nazirliyi qiymətləndirmədə yeni mexanizmin tətbiqini düzgün edir, yəni mövcud şərait uyğun davranır.
Ola bilsin ki, gələcəkdə şərait dəyişəndə, əyani təhsilə keçid olan kimi yenə monitorinqlərin forması dəyişdirilsin”.