Təki oxuyan olsun...

Azərbaycan təhsil sahəsində də bir ilkə imza atdı

Dünyada indiyədək belə bir təcrübə olmayıb ki, məhz pandemiyadan zərər çəkmiş ailələrə dövlət yardım göstərsin

"Bu proses çərçivəsində 40 milyon manat vəsait ayrılıb ki, bu da 20 mindən çox tələbənin təhsil haqqının dövlət büdcəsindən ödənməsi deməkdir"

Təhsil Nazirliyi  elektron portal vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək. Bu barədə nazirlikdən bildirilib. Qeyd olunub ki, 2020/2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr bu tarixədək "telebe.edu.az" elektron portalına müraciətlərini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər.

Xatırladaq ki, Təhsil Nazirliyi sentyabrın 30-dan bu elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib.

Son iki ay ərzində 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə portala müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır.

 Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında vurğulayıb ki, sosial həssas o ailə üzvləri hesab olunur ki, orada ailə üzvlərinin hər ikisi rəsmi olaraq işsizdilər.

Yəni Dövlət Sosial Müdafiə Fondu, Məşğulluq Xidmətində onlar işsiz olaraq qeydiyyatdadırlar:

"Əgər valideynin biri vəfat edibsə, digəri əlildir və işsizdirsə, yaxud da  valideynlərinin hər ikisi birinci, ikinci qrup əlildirsə, həmin ailədən olan tələbələrə dövlət iki semestr təhsil haqqını ödəyir. Təbii ki, bu çox uğurlu bir addımdır. Ümumiyyətlə, bu proses çərçivəsində 40 milyon manat vəsait ayrılıb ki, bu da 20 mindən çox tələbənin təhsil haqqının dövlət büdcəsindən ödənməsi deməkdir. Bu da kifayət qədər böyük rəqəmdir". 

Ekspert vurğulayıb ki,  çox təəssüf ki, bəzi hallarda yoxlama zamanı portallarda müəyyən boşluqlara rast gəlinir: 

"Burda bir neçə hisssəli çatışmazlıqlar var. Birinci çatışmazlıq, müraciətlər zamanı şəxslər haqqında məlumatların tam olmamasıdır. İkincisi, bəzən kimsə müraciət etdikdən sonra valideynləri işləyir, onlara bu güzəşt şamil edilmir.

Üçüncü tərəfdən isə bəzi hallarda valideynlər haqqında məlumatlar düzgün daxil edilmir.Yaxud da ki, əgər tələbəyə əvvəlki illərdə güzəşt şamil edilibsə, indi edilmir. Bir nüansı qeyd edim ki, dünyada indiyədək belə bir təcrübə olmayıb ki, məhz pandemiyadan zərər çəkmiş ailələrə dövlət yardım göstərsin.

Azərbaycan bu sahədə bir ilkə imza atdı və kifayət qədər tələbəyə (indiki semestrdə  13 mindən çox, bundan əvvəlki semestrdə 16 minə yaxın tələbə) güzəşt şamil edilib.

Ümumiyyətlə, bu proses çərçivəsində 29 minə yaxın ailə ölkə başçısı Cənab İlham Əliyevin sərəncamı ilə sosial həssas ailə kateqoriyasına daxil edilib və onların yarım semestr üçün təhsil haqları dövlət büdcəsinin vəsaiti  hesabına həyata keçirilib.

Təbii ki, pandemiya davam edərsə, bu insanların iş yerlərinin yenidən bərpası gecikirsə, bu güzəştlər yenə də olacaq".