Çexiyanın Karlova Universitetinə “Xarı bülbül” hədiyyə edilib


Çex Respublikasının paytaxtı Praqada yerləşən Karlova Universitetinin botanika bağına “Xarı bülbül” çiçəyi hədiyyə edilib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Diaspor fəalları Şəbnəm Əsədova və Rumiyə Əlinin təşəbbüsü ilə Azərbaycandan aparılmış “Xarı Bülbül” çiçəyinin çex botaniklərinə təqdim olunması tanınmış azərbaycanlı biokimyaçı alim, Əməkdar elm xadimi, Karlova Universitetinin qızıl medalına layiq görülmüş professor Akif Quliyevin anım mərasimi çərçivəsində baş tutub.

Çex Respublikasında yaşayan soydaşımız Eldar Vəliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirdə Karlova Universitetinin botanika bağının rəhbəri Ladislav Pavlata, biologiya fakültəsinin elmi işçiləri və mərhum professorun həmkarları – elmlər doktoru Vladislav Şvatora və Milan Kaftan, botanika bağının kuratoru Tomaş Proxazka, azərbaycanlı icmanın nümayəndələri Emma Lazar və Xədicə Əliyeva iştirak ediblər.

Botanika bağının müdiri L.Pavlata qonaqlara minnətdarlığını bildirib və bu gülün bitməsi üçün kollektivin əlindən gələni əsirgəməyəcəyinə söz verib.

Tədbirdə çıxış edən E.Vəliyev və V.Şvator professor Akif Quliyevin iki ölkə arasında elm və təhsil əlaqələrinin qurulmasında və inkişafında xidmətləri, birgə aparılan tədqiqatlardakı iş birliyi, azərbaycanlı alimin vasitəçiliyi ilə çex tədqiqatçıların Azərbaycana səfərlərinin təşkil olunması barədə ətraflı danışıblar.

Professorun qızı Nailə Abdullayeva internet vasitəsilə tədbirə qoşularaq atasının xatirəsinin yad edilməsinə görə minnətdarlığını bildirib və onun gördüyü işləri davam etdirmək üçün çalışacağını vurğulayıb.

Xatırladaq ki, professor Akif Quliyev 1967-1968-ci illərdə aspirantura təhsilinin müəyyən mərhələsini Çex Respublikasının Karlova Universitetində alıb. A.Quliyevin təşəbbüsü ilə 1972-ci ildə Karlova Universiteti ilə Bakı Dövlət Universiteti arasında ilk razılaşma imzalanıb. Tanınmış biokimyaçı alim 2020-ci il 19 iyul tarixində vəfat edib.