Uşaq vaxtı hər kəsə öyrədirlər ki, məktəb ikinci evimizdir. Düzdür, biz ailədən sonra məktəb vasitəsilə böyük həyata vəsiqə qazanırıq. Hər kəs evinin yaxşı şəraiti olmasını istəyər. Məktəb də ikinci evimiz hesab edilirsə, təmir edilmiş formada şagirdlərin öhdəliyinə verilməsi daha yaxşı olar.
İnstaqram səhifələrinin birində qəzalı məktəb fotoşəkillərinə rastladım. Açıqlama hissəsində belə qeyd edilir:
“Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəb 1981-ci ildən fəaliyyətə başlayıb. Məktəb Sovet dövründə tikildiyi üçün “Sovet”in dövründə qalıb. Uçuq-sökük divarlar, rütubət, sınıq pəncərələr, odun sobası...
Məktəbin istilik sistemi odun sobalarıdır. Onları qalamaq üçün Təhsil Şöbəsindən odun ayrılır, amma soyuq qış üçün yetərli olmur. Buna görə də valideynlər “odun pulu” toplayaraq sinifləri odunla təmin etməyə kömək edirlər. Burada ayaqyolu və su təchizatından, ümumiyyətlə, söz açmaq olmaz. Əvvəllər ayaqyolu olmadığı üçün şagirdlər qonşuluqdakı evlərə gedirdilər. Hazırda məktəbin birinci mərtəbəsində ayaqyolu işləyir, lakin bərbad durumdadır.
Tozlanmış siniflərin birində yeməkxana da var. Əgər bura yeməkxana demək olarsa... Cəmi dörd yemək stolu olan yeməkxanada adətən, əyləşməyə yer olmur.
Şagirdlərin sevimli bədən tərbiyəsi fənni burada fərqli keçirilir. İdman zalı olsa da, bəzən şagirdlər “bağça” adlanan yerində “qızılquş”, “voleybol” oynayırlar. Yağış yağanda şagirdlərlə birgə su damcıları da bu oyunlarda iştirak edir.
Şagirdlərin digər əyləncəsi isə məktəbin həyətindəki köhnə traktordur. Kimisi sadəcə onu məktəbin həyətindəki “atraksion” zənn edir, kimisi də üzərinə adını yazaraq məktəb xatirələrini əbədiləşdirir.
Məktəb özündə daş və dəmir dövrünü əks etdirir. Belə ki, qəsəbədə işıqlar kəsiləndə zəngi dəmir və daş əvəz edir. Hər tənəffüs vaxtı bir nəfər pilləkanın altında daşı dəmirə vurub zəng çalır”.
Doğrudur, son illər Azərbaycanda bir-birindən müasir görkəmdə təhsil ocaqları istifadəyə verilir. Məktəb bizim ikinci evimiz olmaqla yanaşı, həmçinin millətin bu günü, sabahı və gələcəyidir. Ümid edirəm ki, bu yazı aidiyyəti qurumları məsələnin qısa müddətdə həlli üçün hərəkətə keçməyə sövq edəcək.
Fotoqraf: Lalya Binyatova