“Yaxşı müəllimlərin maaşı heç də aşağı deyil”
“ Məncə, hər şey əxlaq və şüurla bağlıdır”
“Əxlaqlı müəllim nə qədər aşağı maaş alır-alsın, hədiyyələr qəbul etməyi özünə sığışdırmayacaq”
Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar günü gəlirsə, şagirdlərin valideynləri bayram qabağı “pul təlatümü” üçün hazırlıq görür. Əgər bir valideynin 2-3 övladı varsa, məcburiyyət qarşısında qalıb maaşının yarsını hədiyyə etməli olur. Sırf belə halların qarşısını almaq üçün Təhsil Nazirliyi 8 Mart ərəfəsində valideynlərə, həmçinin məktəb müəllimlərinə xəbərdarlıq edir:
“Təhsil Nazirliyi qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin, həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladların yetişməsində rolu danılmazdır.
Bayram münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə, cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq”, – nazirlik bildirib.
Məsələ ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən fəlsəfə doktoru, təhsil eksperti Rafiq İsmayılov bildirib ki, nazirlik hər məktəbə gedib yoxlama apara bilməz:
“Təhsil Nazirliyi sadəcə bacardığını edir. Açıq deyək ki, bu rüşvət deməkdir. Ancaq müəyyən yerlərdə yenə eyni hallar yaşanır.
Belə məsələlər bəzən müəllimin təhriki, bəzən də valideynin istəyindən irəli gəlir. Məncə, hər şey əxlaq və şüurla bağlıdır.
Müəllimin maaşı nə qədər çox olsa da, əgər müəllimin əxlaqında və şüurunda həmin istək varsa, hər bayram valideynin əlinə göz dikəcək. Əxlaqlı müəllim nə qədər aşağı maaş alır-alsın, hədiyyələr qəbul etməyi özünə sığışdırmayacaq.
Doğrudur, qadınların bayramıdır, valideynlər tərəfindən diqqət göstərilə bilər. Amma bu qiymətli hədiyyələr şəklində olmamalıdır. Sinif adından gül dəstəsi təqdim edilə , yaxud müəyyən divar qəzeti hazırlamaq olar.
Hamımız bilirik ki, müəllimlərin maaşı aşağıdır, lakin hər şeyi bu məqamla bağlamaq düzgün deyil. Bacarıqlı insan müəllimlikdən başqa bir işlə də məşğul olub pul qazana bilər. Yaxşı müəllimlərin maaşı heç də aşağı deyil”.