Peşə məktəbləri hörmət qazanır


Çünki bəzi peşələr ali təhsildən daha çox gəlir gətirir

Artıq bu sahəyə orta məktəblərdə yaxşı oxuyan şagirdlər də üz tuturlar

Elşən Ramizoğlu: "Əmək bazarına olan tələbata baxsaq, görərik ki, bəzi ali ixtisaslardan daha çox bir sıra peşələrə tələbat daha çox artıb"


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin yayında Emin Əmrullayevin təhsil naziri təyin olunması ilə əlaqədar video-formatda qəbulu zamanı təhsilimizin bütün sahələrinə işıq saldı. Təhsildəki irəliləyişlər, inkişaf, hansı sahələrdə islahatların aparılmalı olduğunu xatırlatdı. O cümlədən peşə təhsilindən də danışdı. Prezident qeyd etdi ki, peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə: “Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir.

Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır. Son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbi açılıb və bu peşə məktəblərinə orta məktəbdə yaxşı oxuyan uşaqlar da üz tuturlar. Bunu həvəsləndirmək vacibdir, çünki bizə peşəkar kadrlar lazımdır. Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar. Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meyilləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq”. Prezident çıxışında qeyd etdi ki, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişaf sürəti yüksəkdir və bu sahəyə marağın artdığı görünür. Ona görə bu sahə üzrə peşə məktəbləri olmalıdır. Həmçinin turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır: “Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır. Bir neçə ölkədən ilkin təkliflər də irəli sürüldü. Artıq bizim təcrübəmiz var. Biz bunu adətən bu formada edirik ki, misal üçün, Azərbaycan tərəfi bütün texniki məsələləri və maliyyə məsələlərini öz üzərinə götürür. Xarici tərəfdaş isə sadəcə olaraq, tədris proqramlarını, texnologiyaları və müasir standartları ölkəmizə idxal edir”. Prezident bu çıxışı ilə təhsilin, o cümlədən peşə təhsilinin inkişaf istiqamətlərini müəyyən etdi. Hazırda peşə təhsili sahəsində irəliləyişlər özünü göstərir. 


Peşə məktəblərinin məzunları iş tapmaqda çətinlik çəkmir

Milli Məclisdə”Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı Təhsil naziri Emin Əmrullayev peşə təhsilinin inkişaf perspektivləri barədə danışıb. Nazir çıxışında peşə təhsilinə marağın artdığını deyib:

“Son illər ölkədə peşə təhsilinə marağın artdığının şahidi oluruq. Belə ki, son ildə peşə təhsilinə 30 faiz məzun gəlmək istəyib. Vacib məsələ peşə məktəbini bitirən şəxsin sonradan iş yeri tapmasıdır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 42 məzunu iş tapa bilib. Deyərdim ki, bu rəqəm bəzi ali məktəblərin göstəricisindən daha yaxşıdır”.

“Azərbaycanda peşə təhsili bir növ dalan rolunu oynayırdı. İnsanlar peşə təhsili alırdılar, amma heç bir yerdə işlə təmin oluna bilmirdilər. İndi isə vəziyyət dəyişib. Yüksək peşə ixtisas təhsilinə başlamışıq. Onlar öz ixtisaslarına uyğun olaraq imtahan vermədən universitetə qəbul ola biləcəklər. Bununla da peşə təhsilinə maraq artacaq”.  

E.Əmrullayev bildirib ki, məzunların işlə təminatında peşə təhsili böyük potensiala malikdir: “Lənkəran və Bakıda iki yeni peşə təhsil müəssisəsinin təməli qoyulub. Bu il Sumqayıtda peşə məktəbinin planlaşdırılmasını həyata keçirəcəyik. Bir çox bölgələrdə peşə təhsil müəssisəsi yoxdur. Peşə təmayüllü siniflərə başladıq. Bu gün üçün 35 məktəbdə peşə təmayüllü sinfin məzunu var. Növbəti il bu sayın 60-a qaldırılması planlaşdırılır”.

Gələcəyin peşələrinə yiyələnmək vacibdir

Ölkənin sosial-iqtisadi inkişafında müxtəlif peşələr üzrə ixtisaslı kadrların olması vacibdir. Peşə təhsilinə, təbii ki, ötən əsrin standartları ilə yanaşmaqla müsbət nəticələrə nail olunacağını gözləmək absurddur. Peşə təhsilinin də müasir dünya ilə ayaqlaşması gərəkdir. Hazırda adi rəngsazın da kompüterdən baş çıxarması, rənglənməni kompüterdə müəyyənləşdirməsi, sifariş edilmiş rəng çalarının alınması üçün kompüter texnologiyasını bilməsi tələb olunur. Dörd bir yanımızda elektronlaşmaya bağlı çoxlu sayda yeni peşələr mövcuddur. Sənayedə kompüter texnologiyalarını, proqramlaşdırma və rəqəmsallaşmanı bilmədən uğur əldə etmək mümkün deyil. Ölkənin inkişafı bundan asılı olduğu kimi, vətəndaşların işlə təmini də böyük mənada buna bağlıdır. Bu gün kimsə, mən ali təıhsilliyəm və ya peşə təhsilim var, amma iş tapa bilmirəm, deyirsə, öz bilik və bacarıqlarına yenidən baxmalıdır.          
Təhsil Nazirliyi kadr potensialının dünyada gedən sənayeləşmə prosesinə hazırlıqlı olması üçün müxtəlif təhsil pillələri üzrə fəaliyyəti stimullaşdırmağa çalışır. Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən kompüter-texniki ixtisaslar daxil olmaqla 120 ixtisas üzrə mütəxəssislər hazırlanır. Nazir də bu barədə danışaraq təlim-tədris prosesinin gələcək istiqamətlərin mütəmadi təhlilinə uyğun olaraq formalaşdırıldığını deyib: “Bu il sənayenin iştirakı ilə hazırlanan yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq. “WorldSkills” təşkilatı ilə əməkdaşlıq çərçivəsində gələcəyin peşələrinə dair beynəlxalq standartların tədris resurslarımıza inteqrasiyasını və tələbələrimizin beynəlxalq peşə olimpiadalarında iştirakını təmin edəcəyik. Eyni zamanda, Peşə təhsili infrastrukturunun müasirləşdirilməsi istiqamətində də fəaliyyətimiz davam edir. 2019-cu ildə Prezident İlham Əliyevin açılışını etdiyi Koreya standartları əsasında qurulmuş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müxtəlif ixtisaslar üzrə kadrlar hazırlayır. Bərdə, Cəlilabad, Lənkəran və Mingəçevirdə müasir peşə təhsil mərkəzlərinin açılışı planlaşdırılır. Biz ümumi təhsil sahəsində də şagirdlərimizin bu prosesə hazırlıqlı olması üçün müxtəlif layihələr çərçivəsində Robototexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, Nano və Neyro texnologiyalar, Mühəndislik modulları əsasında öyrətməni həyata keçiririk. Eyni zamanda təhsilalanlara müasir peşələr üzrə ilkin bilik və bacarıqları aşılamaq üçün peşə təmayüllü sinifləri təşkil edərək prosesin sürətləndirilməsində maraqlıyıq”.

Əmək bazarında peşə ixtisaslı kadrlara daha çox ehtiyac var 

Təhsil məsələləri üzrə ekspert Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında şagirdlər arasında peşə təhsilini seçənlərin az olmadığını dedi: 

- Bu gün peşə təhsilinin inkişafı və bu istiqamətə marağın artması üçün kifayət qədər işlər görülür. Etiraf edək ki, peşə təhsilinə maraq bu günə qədər çox az olub. Bu gün də kifayət qədər maraq var desək, yanılmış olarıq. Amma əvvəlki illərə nisbətən müsbət dinamika müşahidə olunur. Bilirsiniz, bu günə qədər əksəriyyət  yalnız ali məktəb haqqında daha çox düşünürdü, məhz ali məktəbə daxil olmağa çalışırdı. İndi düşüncələr, yanaşmalar nisbətən dəyişib. Ali təhsilə yiyələnmək haqqında çox da fikirləşmirlər. Ancaq gələcək istiqaməti fikirləşsək, əmək bazarına olan tələbata baxsaq, görərik ki, bəzi ali ixtisaslardan daha çox bir sıra peşələrə tələbat daha çox artıb. El arasında bəzən bir söz deyilir, “vaxtında heç olmasa bir peşəyə yiyələnsəydin...” Həqiqətən, bəzən baxırsan ki, bəzi peşələr ali təhsildən daha çox gəlir gətirir. 

E.Ramizoğlu Bərdədəki Peşə Liseyindən də danışdı: 

- Bərdədə Peşə Liseyi  yenidən tikilir, həqiqətən möhtəşəm bir bina ərsəyə gəlib. İnanıram ki, peşə təhsilinə kifayət qədər tələbat olacaq. Peşə təhsilinə marağın artması istiqamətində müxtəlif işlər gedir. İşlədiyim məktəbdə peşə təmayüllü siniflərin açılması da nəzərdə tutulub. Fikrimcə, çox doğru istiqamətdir, gələcəkdə öz müsbət nəticəsini verəcək, faydası böyük olacaq. Bizim şagirdlər arasında da peşə təhsilini seçənlər var. Hesab edirəm ki, bi istiqamətdə maarifləndirmə tədbirləri müəllim, şagird, valideynlərin iştirakı ilə aparılmalıdır, məlumat verilməlidir. Hətta şagirdləri peşə məktəblərinə ekskursiyaya aparmaq lazımdır ki, özləri əyani görüb, seçim edə bilsinlər. Bəzən elə şagird olur, həqiqətən təklif edirəm ki, peşə öyrənsin, peşəyə yiyələnsin, çünki bunun onun üçün daha uğurlu olacağına inanıram. Əminəm ki, şagirdlərimiz arasında dövlətimiz, Vətənimiz üçün gərəkli peşə sahibi olan gənclər yetişəcək və ölkəmizə fayda verəcəklər.