Pandemiya ixtisas seçiminə də təsir edib

Kompüter texnologiyaları, maliyyə, tibb və hüquq ixtisasları öncüllüyünü bu il də qoruyub saxlayıb


Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, keçən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə (tədris ingilis dilində) ”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Tibb”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisaslarına üstünlük verib. Məlumata görə, III və IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinin abituriyentlərinin seçimi eyni olub.

II qrupda rus bölməsinin abituriyentləri daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin tədrisi rus dilində olan “Maliyyə” ixtisasına meyl ediblər. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları”, V ixtisas qrupunda isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına üstünlük veriblər. Azərbaycan bölməsində I ixtisas qrupunda “Riyaziyyat müəllimliyi” ixtisasına marağın artmasını Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirmək olar. Oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər. 

Qeyd edək ki, bu gündən etibarən ali məktəblərə ixtisas seçimi başa çatır. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, I-V ixtisas qrupları üzrə 58207 elektron ərizə təsdiq edilib. Qeyd olunub ki, 2431 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib. Bu il abituriyentlər ən çox hansı ixtisasları seçdilər?

Əvvəlki illərlə müqayisədə bu il ixtisaslarda müəyyən qədər dəyişikliklərin olduğunu deyən təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında vurğulayıb ki, bu il abituriyentlərin seçimlərinə pandemiya xüsusilə təsir göstərib:

"Əvvəllər birinci ixtisas qrupunda abituriyentlər daha çox neft, qaz ixtisaslarına üstünlük verirdilər. Ancaq bu il hətta az bal toplayan abituriyentlər belə informasiya texnologiyalarına, informasiya təhlükəsizliyinə, kompüter mühəndisliyinə meyillənməyə başlayıblar. Bunun da əsas səbəbi pandemiya dövründə onlayn xidmətlərdən, eyni zamanda elektron xidmətlərdən istifadənin əhatə dairəsinin genişlənməsidir ki, şagirdlərimiz gələcək ixtisasları baxımından bunlara sanki meyillənməyə başlayıblar.

İkinci ixtisas qrupunda əvvəllər abituriyentlərin ən çox müraciət etdiyi sahələr təbii ki, maliyyə ixtisası idi. Lakin indi iqtisadiyyat, eyni zamanda biznesin idarə edilməsinə çox ciddi meyillənmələr müşahidə olunmaqdadır.

Bunun da əsas səbəbi yenə də pandemiya ilə bağlıdır. Çünki pandemiya dövründə onlayn ticarətin, onlayn biznesin inkişaf etməsi şagirdlərə gələcək karyeralarını bu istiqamətdə qurmağı qaçılmaz edir. Artıq bu il maliyyə və mühasibat, o cümlədən biznesin idarə edilməsi ixtisası müəyyən qədər digər ixtisaslar sırasında məğlub olmağa doğru gedir. Yəni əvvəllər bu ixtisaslar abituriyentlər tərəfindən daha çox müraciət olunanlar sırasında idi. Üçüncü qrupda bu il o qədər də ciddi dəyişiklik olmadı. Bu qrupda abituriyentlər hüquq, dövlət və ictimai münasibətlər ixtisasına daha çox meyillənirlər. Dördüncü ixtisasda isə çox maraqlı tendensiya yarandı. Yəni indiyədək tibb ixtisası öz aktuallığını qoruyur.

Lakin bu il kənd təsərrüfatı ixtisaslarına maraq artıb. Xüsusən qida təhlükəsizliyinə və qida ehtiyacları ilə bağlı olan kənd təsərrüfatı ixtisaslarına meyillənmələr güclənib. Yəni müşahidələrimiz onu deməyə əsas verir ki, bu il abituriyentlərin ixtisas seçimində bir sıra ixtisaslara maraq artıb".