Təhsil vacibdir, sağlamlıq hesabına yox

Elçin Əfəndi: "Dərslər ənənəvi qaydada bütün təhsil pilləsi üzrə başlamalıdır"

Vüqar Cavadzadə: "Məktəb kollektivi və valideynlər mütləq vaksinasiyadan keçməlidir"

Dünyanı cənginə almış koronavirus pandemiyası səbəbindən Azərbaycanda 2020-ci ilin mart ayından etibarən ənənəvi təhsildən onlayn təhsilə keçid prosesi başlanıb. Ənənəvi tədrisin bərpasına bir neçə dəfə cəhd edilsə də, virusun yayılma tendensiyasına uyğun olaraq tədris prosesi yenidən onlayn şəkildə davam etdirilib. Sözsüz ki, distant təhsil prosesi şagirdlərin və tələbələrin bir çox məqamlarda psixologiyalarına təsirsiz ötüşməyib. Artıq tədris prosesinin başlamasına sayılı günlər qalır. Lakin Azərbaycanda virusun "Delta" ştammına yoluxma sayı kifayət qədər təhlükəli sayılacaq dərəcədədir. Təbii ki, hələlik, tədrisin ənənəvi üsulla, yoxsa distant şəkildə davam etdiriləcəyi barədə qərar verilməyib. Belə olan halda tədris prosesi hansı şəkildə aparıla bilər?

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında bildirib ki, ölkəmizdə dərslərin distant və yaxud da ənənəvi formada keçirilməsi məsələsi hazırda müzakirə olunmur. Ekspert hesab edir ki, dərslərin ənənəvi formada keçirilməsi daha məqsədəuyğundur: "Gündəlik yoluxma nəticələrini əsas götürərək ehtimal var ki, bizdə də dərslər distant formada keçirilsin. İlkin olaraq ənənəvi qaydada dərslər böyük ehtimalla ibtidai siniflərdə başlanıla bilər. Ancaq konkret olaraq dərslərin hansı qaydada keçirilməsi ilə bağlı qərar verilməyib. Fikrimcə, dərslər ənənəvi qaydada bütün təhsil pilləsi üzrə başlamalıdır. Çünki biz ötən dövr ərzində şahid olduq ki, distant formada təhsil abituriyentlər, eyni zamanda tələbələr tərəfindən yaxşı mənimsənilmir. Ona görə də dərslərin ənənəvi qaydada olması daha məqsədəuyğundur.  Biz qonşu ölkələrlə müqayisə aparsaq görərik ki, Gürcüstan distant formada təhsilə keçir, ancaq Türkiyədə ənənəvi qaydada dərslərin aparılması əsas götürülür. Fikrimcə, bizdə də müvafiq izolyasiya qaydalarına riayət etmək şərtilə dərslər ənənəvi qaydada başlanılmalıdır. Əgər vaksinasiya prosesi sürətlənərsə, biz daha tez ənənəvi təhsilə keçə bilərik".

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə isə qeyd edib ki, təhsil müəssisələrində ənənəvi üsulla tədris prosesinə başlanılması ilə bağlı qərarı Operativ Qərargah verəcək:

“Sözsüz ki, mən də çox istəyirəm ki, məktəblər, universitetlər açılsın və şagirdlər ənənəvi qaydada təhsil alsın. Amma məsələnin digər tərəfi də ondan ibarətdir ki, koronavirusun "Delta" ştammı uşaqlar və gənclər arasında sürətlə yayılmaq xüsusiyyətinə malikdir. "Covid-19" yaşlı insanlarda daha çox fəsadlara yol açırdısa, "Delta" variantı uşaqlar, hətta məktəbəqədər yaş həddinə çatmış körpələr arasında da yayılır. Yüksək temperatur və əzələ ağrıları kimi əlamətlərlə gedir. Vəziyyətin konkret olaraq necə olacağı barədə ilkin fikir demək çətindir, ancaq hesab edirəm ki, məktəblər açılacaqsa, gigiyenik qaydalara son dərəcə ciddi riayət etmək lazımdır. Məktəb kollektivi və valideynlər mütləq vaksinasiyadan keçməlidir. Təhsil vacibdir, lakin sağlamlıq hər şeydən vacibdir. Bugünkü tendensiya davam edərsə, ehtimal etmək olar ki, gələcəkdə məktəblilər arasında da virus yayılmağa davam edəcək”.