Kamran Əsədov: "10 saatlıq dərsə görə kəndə gedən müəllim 260-340 manata yaxın maaş alır"
"Bu isə çox vaxt müəllimə sərf etmir"
Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, Vəhdət Partiyasının rəhbəri Tahir Kərimli təklif edib ki, əməkhaqqı artımı 1000 manatdan çox alanlara deyil, aşağı məvacib alanlara şamil edilsin:
"Onların maaşı daha çox artırılmalıdır". Millət vəkili həmçinin kəndlərdə həkim, xarici dil müəllimi çatışmadığını da diqqətə çatdırıb.
Həqiqətən də kəndlərdə həkim, müəllim çatışmazlığı ilə bağlı problemlər var. Həmin peşə sahibləri vakant yerlərdə rayonları seçmək istəmirlər. Bu da təbii olaraq mənfi haldır. Oradakı insanlara tibbi kömək əlçatan olmur, şagirdlər də təhsildən geri qalır. Bilirik ki, gerilik, cəhalət daha çox kəndlərdə olur. Cahilliyin də qarşısını almaq üçün təhsil almaq mühüm şərtlərdən biridir. Təəssüf ki, şagirdlərin savadlanmasının əsas vasitəçisi olan müəllimlər rayon kəndlərində kifayət qədər deyil.
Təhsil üzrə ekspert Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, ucqar kənd və qəsəbələrə gedən müəllimlərə mükafat, yaxud həvəsləndirici imtiyazların verilməsi işləmək üçün kəndi seçənlərin sayını artırıb, amma hələ də əksər bölgədə müəllim çatışmazlığı var:
"Araşdırmalara görə, bəzi məktəblərdə ixtisaslı müəllim öz fənni ilə yanaşı, daha bir neçəsini də tədris edir. Nəticədə isə təhsilin keyfiyyəti aşağı düşür. Şagirdlər və valideynlərin narazılığı yaranır. İstər Bakıda, istərsə də regionlarda rus bölməsi üzrə ciddi şəkildə kadr çatışmazlığı mövcuddur. Hətta Lerik, Yardımlı, Quba, Qusar, Xaçmaz və Şamaxının kənd məktəblərində xarici dil fənni üzrə müəllimlər illərdir ki, yoxdur.
Qüvvədə olan qanunvericilik aktlarına görə, rayon mərkəzindən 20 kilometrə qədər məsafədə yerləşən kənddə işləyənlərə əlavə həvəsləndirici mükafat olaraq 60 manat, 20 kilometrdən uzaqda yerləşən məktəblərdə işləyənlərə vergi və digər ödəmələr çıxdıqdan sonra 141 manat ödənilir. Beləliklə, 10 saatlıq dərsə görə kəndə gedən müəllim 260-340 manata yaxın maaş alır. Bu isə çox vaxt müəllimə sərf etmir.
Amma hələ də kəndlərə Azərbaycan dili, ədəbiyyat, yaxud tarixdən fərqli olaraq riyaziyyat, kimya, fizika və digər texniki fənləri üzrə müəllim çatışmır. Bunun isə bir neçə səbəbləri var.
Kənd məktəblərində dərs saatı 8-dir. Üstəlik, ucqar kəndlərdə işləməyə gedənlər əsasən gənclərdir. Onların iş stajı azdır. Müəllimin maaşı isə saat və staja uyğun hesablanır.
Hesab edirəm ki, regionlarda müəllim çatışmazlığını aradan qaldırmaq, yüksək bal toplayan gənc müəllimləri regionlara cəlb etmək üçün onlar kommunal xərclərdən azad edilməlidir. Həmçinin cəbhəyanı ərazilərdə işləməyə gedənlərə isə əmək haqqını iki qat vermək lazımdır".