Daha bağça tərbiyəçiləri işə imtahanla götürüləcək
Azyaşlıların uşaq bağçalarına qəbulu da elektron qaydada təşkil olunacaq
Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, indiyə qədər tərbiyəçiləri bağça müdirləri işə qəbul edib, lakin artıq onlar xüsusi imtahanla işə götürüləcəklər. E.Əliyev bildirib ki, imtahanlar adətən yay mövsümündə keçirilir: "Müvafiq ixtisas üzrə imtahanlardan uğurla keçən müəllimlər bağçaların vakant yerlərinə qəbul ediləcək".
O, həmçinin əlavə edib ki, məktəbəqdər təhsil müəssisələrinin Təhsil Nazirliyinə (TN) verilməsi özü də proses olaraq vaxt aparıb. Burada müvafiq elektron sistemləri qurub, hazırlamaq üçün vaxt lazımdır. Hazırda işlər davam edir. İyul ayından etibarən bağçalara uşaq qəbulunun başlanması nəzərdə tutulub".
Təhsil üzrə ekspert Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, 2011-ci ildə dövlət başçısının sərəncamına əsasən, uşaq bağçaları icra hakimiyyətlərinə verilib:
"Həmin zamanda uşaq bağçaları və körpələr evinə işə qəbul prosesində hər hansı şəffaflıq görmədik. Hazırda Azərbaycanda 1693 uşaq bağçası var. 123 min azyaşlı təlim-tərbiyə prosesinə cəlb olunub. Onlarla 36 minə yaxın işçi çalışır. Etiraf edək ki, bu qədər işçinin işə qəbul prosesi qeyri-şəffaf həyata keçirilib. Amma 2021-ci ilin dekabrında ölkə prezidentinin digər sərəncamına müvafiq olaraq, uşaq bağçaları yenidən TN-ə verilib.
Bu istiqamətdə ciddi işlər görüləcək. İlk növbədə, azyaşlıların uşaq bağçasına qəbul gedişatı məktəbəqədərdə, 1-ci siniflərdə olduğu kimi, elektron qaydada təşkil olunacaq. Çünki əvvəl qəbul zamanı əsassız tələblər olub. Bundan başqa, müəllim, tərbiyəçi, rəhbər heyətin işə qəbulu yeni qaydalarla reallaşdırılacaq.
Bu, kifayət qədər yaxşı haldır. İşə götürülənlər təbii ki, 2017-ci ildə qəbul edilmiş məktəbəqədər təhsil haqqında qanunun tələbinə görə, yalnız ali və orta ixtisaslı şəxslər olacaq. Bu sahə üzrə gənclərimizin işlə təmin olunması problemi var idi. Mövcud məsələ həllini tapacaq".
Ekspert hesab edir ki, imtahan iştirakçılarının psixologiyalarını, uşaqlarla işləmə metodikalarını yoxlamaq lazımdır:
"Belə olduğu halda, azyaşlılarla daha hazırlıqlı gənclər işləyə biləcəklər. Digər həll olunmalı məsələ qida menyusunun vaxtında və keyfiyyətli verilməsidir.
Ümid edək ki, bu istiqamətdə də mövcud problemlər aradan qaldırılacaq. Ümumilikdə təbii ki, TN-in gerçəkləşdirdiyi bütün işə qəbul prosesi aydın, əlçatan və daha savadlı şəxslərin cəlb olunmasına yönəlmiş bir addımdır. Bu gedişat Azərbaycanda məktəqədər təhsilin inkişafına öz müsbət təsirini göstərəcək.
Çünki 10 il ərzində bir çox hallarda uşaq bağçalarının yerinin özəlləşdirilib, satılması müşahidə edilib".