Bu, rəqabət mühitinə ciddi zərbə vurur
"Ümumiyyətlə, məmurların təhsil biznesinə başlaması onlar dövlət sektorundan uzaqlaşdıqdan sonra mümkün olmalıdır. Əks halda onlar vəzifə səlahiyyətlərindən istifadə edəcəklər"
“Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirədə çıxış edən Təhsil naziri Emin Əmrullayev özəl məktəblərdən danışıb. Ölkədə özəl məktəblərin sayının artmasına toxunan təhsil naziri qeyd edib ki, hazırda ölkədə şagirdlərin cəmi bir faizdən az hissəsi məhz özəl məktəblərdə təhsil alır.
"Özəl məktəb təsisçiləri mənfəəti deyil, təhsili düşünməlidilər. Bir çox ölkələrin təcrübəsinə baxsaq, xüsusilə də Türkiyədə özəl təhsil müəssisələrinin heç də hamısı mənfəət əldə etmir"- deyə nazir əlavə edib.
Təhsil eksperti Kamran Əsədov isə "Şərq"ə açıqlamasında deyib ki, hər nə qədər təsisçilər mənfəət düşünsələr də, dövlət orta təhsil müəssisələri şagird hazırlığına, təlim tərbiyə, nəzarət kimi xüsusiyyətlərə görə Azərbaycandakı özəl orta məktəblərə uduzur:
"Yol hərəkəti təhlükəsizliyi baxımından da özəl məktəblər çox əlverişlidir. Çünki onlarda uzaq məsafədən gələn şagirdlər üçün xüsusi servis xidmət göstərir, bu da həm valideynlərin işini asanlaşdırır, həm də uşaqların təhlükəsizliyini təmin edir. Yəni bir çox xüsusiyyətlərinə görə ən yaxşı təhsil verən və ən yaxşı mühit olaraq, özəl məktəbləri bilirik. Oradakı təhsil səviyyəsi, müəllimlərin, xüsusilə direktor seçimindəki peşəkarlıq müsbət tendensiyadır.
Müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir. Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır.
Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblilərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, Bakıda bu istəklərə cavab verən dövlət məktəbləri o qədər də çox deyil".
K.Əsədovun sözlərinə görə, özəl məktəblərdə elə bir tələb var ki, uşaqlar özləri hətta istəməsələr belə, məcburən dərslərini hazırlayacaqlar. Şagirdlərdə məktəbə hazırlıqsız getməyin qorxusu var:
"Bütün bu qeyd etdiyim xüsusiyyətlər valideynlərin son dövrlərdə özəl məktəblərə meylini artırıb ki, bu da maddi vəziyyəti yaxşı olan şəxslərin özəl təhsil müəssisələrini seçməsinə səbəb olur. Özəl məktəblərin sayının artması dövlətin yükünün azalması baxımından da yaxşı haldır. Amma özəl məktəbləri məmurlar açmamalıdır. Bu, rəqabət mühitinə ciddi zərbə vurur. Əgər özəl təhsil biznesinə başlayan məmur təhsil sistemindən gəlibsə, bu, yaxşı haldır. Ən azından o, təhsili bilir, çatışmazlıqları aradan qaldırmaqda maraqlı olacaq.
Amma yaxşı olar ki, dövlət maraqları biznes maraqlarına qurban verilməsin. Nazir haqlı olaraq qeyd edib ki, özəl məktəb yaradanlar keyfiyyətli təhsil verməyi yox, daha çox gəlir götürməyi düşünürlər. Əgər o şəxslər məmur olan vaxtı keyfiyyətli təhsil xidməti göstərməyiblərsə, təhsil sahəsində uğurlu adam olmayıblarsa, onlar özəl məktəb mühitinə də ancaq biznes marağı üçün gələcəklər.
Ümumiyyətlə, məmurların təhsil biznesinə başlaması onlar dövlət sektorundan uzaqlaşdıqdan sonra mümkün olmalıdır. Əks halda onlar vəzifə səlahiyyətlərindən istifadə edəcəklər".
Azərbaycanda keyfiyyətli təhsil müəssisələrinə çox böyük ehtiyac olduğunu vurğulayan təhsil eksperti hesab edir ki, özəl məktəblər açılan zaman əhalinin aztəminatlı kateqoriyasını da nəzərə almaq lazımdır. Ölkədə fəaliyyət göstərən özəl məktəblərin təhsil haqları çox yüksəkdir və reallığı əks etdirmir: "Digər tərəfdən özəl məktəbləri yaradanlar ancaq öz qohum, tanışlarını ora cəlb etməməlidir. Çünki bu zaman qeyri-peşəkar idarəetmə müəssisənin fəaliyyətini təhlükəyə sala bilər".