Firudin Cəlilov: "Türklər üçün Azərbaycan türkcəsini öyrənmək o qədər də çətin olmayacaq. Sadəcə, bizim istifadə etdiyimiz əlifbanı onlara öyrətmək lazımdır"
Azər Həsrət: "Düşünürəm ki, Azərbaycanın orta məktəblərində də Türkiyə türkcəsinin tədrisi ilə bağlı adekvat qərar verilməlidir"
Türkiyənin bəzi məktəblərində Azərbaycan dili könüllü tədris oluna bilər. Türkiyə hökumətindən verilən məlumata görə, bu barədə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların başlanması gözlənilir.
Qeyd edilib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının ünsiyyət problemi olmasa da, məktəblərdə dilin tədrisi toplumların bir-birinə daha yaxından inteqrasiyası üçün olduqca vacibdir: “İstanbulun bəzi məktəblərində Azərbaycan dili tədris olunur ki, bu da həm valideynlər, həm də şagirdlər tərəfindən olduqca yüksək qiymətləndirilir. Azərbaycan dilinin könüllü tədrisi üçün ilkin mərhələdə pilot məktəblər seçiləcək”. Türkiyə məktəblərində Azərbaycan dili ilə yanaşı, özbək, qazax, türkmən və qırğız dilinin də tədrisi mümkün olacaq”.
Professor Firudin Cəlilov “Şərq”ə açıqlamasında Türkiyədə Azərbaycan dilinin tədrisini çox önəmli və əhəmiyyətli addım kimi dəyərləndirib. Professor hesab edir ki, qardaş ölkədə Azərbaycan dilinin tədrisinə mühüm diqqət yetirilməli, əlifbamız dəqiq şəkildə öyrənilməlidir:
“Hələ sovet dövründə bizim Şərqşünaslıq fakültəsində türk dili ayrıca fənn kimi tədris olunurdu. Bu baxımdan Türkiyə hökumətinin məktəblərdə Azərbaycan dilinin tədris edilməsi təşəbbüsü alqışa layiqdir. Onu da deyim ki, türklər üçün Azərbaycan türkcəsini öyrənmək o qədər də çətin olmayacaq. Sadəcə, bizim istifadə etdiyimiz əlifbanı onlara öyrətmək lazımdır. Azərbaycan əlifbasında olan 3-4 səs onların əlifbasında yoxdu və bunu Türkiyə əlifbasına qüsur kimi görürəm. Çünki həmin səslər Anadolu türklərinin dilində işlənir, amma əlifbalarında həmin səslərin qarşılığı yoxdur. Ortaq sözlərimiz olduğu üçün Türkiyə məktəblilərinin Azərbaycan dilini öyrənməkdə çətinlik çəkəcəklərini zənn etmirəm”.
Hazırda Türkiyə vətəndaşlarının bizim dildə yazılan yazıları tam şəkildə oxuyub qavraya bilmədiklərini vurğulayan professor bunun ağrılı yeri olduğunu da xüsusi qeyd edib. Kitablarımı Türkiyə türkcəsinə çevirəndə çox böyük nöqsanlar və anlaşılmazlıqlar ortaya çıxır. Azərbaycan dilinin sintaktik quruluşu Türkiyə türkcəsindən daha zəngindir: “ Bəzi sözlərimizi ifadə etmək üçün onlarda həmin hərflərin olmaması, bəzi ortaq sözlərimizin fərqli məna verməsi tərcümə zamanı onlara problem yaradır. “Xəzər” əvəzinə “Hazar” yazırlar. Hazar adında dəniz yoxdur axı!? Amma Türkiyə türkcəsinin də öz üstünlükləri var. Məsələn, bizim cingiltili samitlərlə səsləndirdiyimiz bəzi sözləri onlar kar samitlərlə deyir və o cür qulağa daha xoş gəlir. Biz “qardaş”, türkiyəlilər isə “kardeş” deyir. Halbuki, bizim əlifbamızda da “k” hərfi var və bu söz “kardaş” kimi səsləndirilməlidir. Təəssüf ki, zamanında bəzi sözləri yanlış yaza-yaza dilimizin estetikasını korlamışıq”.
Siyasi şərhçi Azər Həsrət isə hesab edir ki, bu qərar Türkiyə ilə Azərbaycan arasındakı inteqrasiyanın daha da dərinləşməsinə əlavə töhfə verəcək. "Türkiyə vətəndaşları hər nə qədər biz türkük desələr də, dilimizi tam şəkildə anlamırlar.
Halbuki, Azərbaycanda Türkiyə türkcəsi ilə bağlı heç bir problem yoxdur. Əksəriyyət qardaş ölkənin dilini çox gözəl anlayır. Hətta yetişməkdə olan nəsil belə bu dildə çox rahat danışa bilir. Bu bir az da insanların savad və dünyagörüşündən asılıdır. Bu baxımdan Azərbaycan dilinin Türkiyədə tədris olunaraq populyarlaşdırılmasına ciddi ehtiyac var".
A.Həsrətin sözlərinə görə, Azərbaycanda Türkiyə türkcəsinin yüksək səviyyədə mənimsənilməsində onların televiziya kanallarının rolu böyükdür:
"Təəssüflər olsun ki, Azərbaycanın Türkiyədə populyarlaşacaq bir kanalı yoxdur. Bizim televiziyalarımız Türkiyədə özlərini tanıda, tamaşaçıların qəlbini fəth edə bilməyiblər. Bu baxımdan Türkiyə məktəblərində Azərbaycan dilinin tədris olunmazı təqdirəlayiq haldır. Düşünürəm ki, Azərbaycanın orta məktəblərində də Türkiyə türkcəsinin tədrisi ilə bağlı adekvat qərar verilməlidir. Yaxşı olar ki, elə 5-ci və ya 6-cı sinif şagirdlərinə bu fənn dərs kimi keçilsin".
Siyasi şərhçinin sözlərinə görə, növbəti illərdə Türkiyə türkcəsinin bütün türk dünyasının ortaq dili olması istiqamətində real addımlar atılmalıdır: “Çünki bu dil bütün dünyanın tanıdığı və qəbul etdiyi yeganə türk dilidir. Türkiyə türkcəsi NATO-nun rəsmi dillərindən biridir və həmçinin bir neçə Avropa ölkəsində əlavə dil kimi tədris olunur. Türk xalqları arasında bu dildə danışan insanların sayı da kifayət qədər çoxdur. Dünyada 300 milyon türk varsa, onun ən azı 150 milyonu türkcəni bilir. Milyonlarla adam bu dildə danışa, ən azı anlaya bilirsə, niyə də Türkiyə türkcəsi türk dünyasının ortaq dili olmasın!?”.