20 məktəbin İnkişaf Planı hazırlanıb


Metodistlərin məktəblərdəki real vəziyyəti görüb, yerində təhlil etmələri müsbət addımdır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi 2021-2022-ci tədris ilində 20 məktəbin İnkişaf Planını hazırlayıb. Bu barədə İdarədən məlumat verilib. İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. 

Görüşlərdə TDM-nin metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər. Qeyd edək ki, inkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.

Təhsil eksperti Elçin Əfəndi isə “Şərq”ə açıqlamasında deyib ki, metodistlərin məktəblərdəki real vəziyyəti görüb, yerində təhlil etmələri, dərsliklərlə bağlı aparılan monitorinqlər təhsilin keyfiyyət göstəricilərinə mühüm təsir edən əsas faktorlardandır: 

“Bu cür görüşlərin müntəzəm olaraq keçirilməsi və bütün ümumi təhsil müəssisələrini əhatə etməsi kifayət qədər əhəmiyyətli bir haldır. 

TDM-nin metodistlərinin məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək olmaları mövcud sahələrdəki nöqsanların aradan qaldırılmasına mühüm töhfə verəcək.

  Aidiyyəti qurumlar tərəfindən ölkədə fəaliyyət göstərən 4440-dən yuxarı orta ümumtəhsil müəssisələrinin hər birində monitorinqlər aparmaq mümkün olmasa da, xüsusi layihələr vasitəsilə  nəzarət mexanizminin qurulması yaxşı haldır”.