"Oxuyub-anlama daha vacib amildir"

"Biz həmişə şagirdlərin bir dəqiqədə üzündən neçə söz oxuduğunu ölçmüşük"

"Yaxın 5-10 ildə təhsil idarəetməsi və siyasəti üzrə mütəxəssislərin sayı artacaq"

   
   Azərbaycan məktəblərində 2021/2022-ci dərs ilinin “Son zəng”i çalınıb.
Bakının 234 nömrəli tam orta məktəbində keçirilən “Son zəng” tədbirində Təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, ictimaiyyət nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və məzunlar iştirak ediblər.
Məktəbin direktoru Könül Məmmədli çıxışında məktəbdə 1 267 şagirdin təhsil aldığını, onlardan 50 nəfərin bu il məzun adını qazandığını bildirib.

Təhsil naziri Emin Əmrullayev məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. E.Əmrullayev ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib.

2021-2022-ci tədris ilində həyata keçirilən uğurlu layihələrdən və təhsil islahatlarından danışan nazir görülən işlərin əsas məqsədinin hər bir Azərbaycan gənci üçün təhsilin əlçatan olmasını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəb həyatını başa vurub məzun adı alan onbirinciləri təbrik edib, onlara müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.
Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini xatırladan İdarə müdiri həmin parlaq gələcəyin məhz gənclərin əlində olduğunu və onların bunu layiqincə dəyərləndirmələrinin vacibliyini qeyd edib.
M.Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi dövlət qayğısının Azərbaycana gələcək üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsi və millətin daha aydın sabahına xidmət etdiyini diqqətə çatdırıb.

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Sonda məktəblilər “Son zəng”i çalaraq təhsil illərini yekunlaşdırıblar.

Mərasimdən sonra təhsil naziri jurnalistlərin suallarını cavablandırıb. 

Emin Əmrullayev  Azərbaycanda rus bölməsi üzrə siniflərin bağlanması ilə bağlı məsələnin müzakirə mövzusu olmadığını deyib. Nazir bildirib ki, hazırda tədrisi digər dillərdə aparılan məktəblərin I siniflərinə şagird qəbulu prosesi davam edir.
E.Əmrullayev həmçinin təhsildə oxuyub-anlama bacarıqları ilə bağlı müəyyən mənada problemlər olduğunu deyib: “Çünki biz heç vaxt buna fokuslanmamışıq. Biz oxuyub-anlamanı yox, misal olaraq, ibtidai siniflərdə şagirdin bir dəqiqə ərzində üzündən neçə söz oxuduğunu ölçmüşük. Amma oxuyub-anlama daha vacib amildir. Ola bilər ləng oxusun, lakin oxuduğunu anlasın. Daha sonra oxuduğunu mühakimə etmə bacarığı gəlir”. 

Təhsil naziri qəbul imtahanına daxil edilən sualların çətinliyi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib.

O, Azərbaycanda qəbul prosesinin rəqabətli olduğunu deyib:

“Məsələn, 80 min abituriyent ali məktəbə qəbul üçün sənəd verir, amma onlardan 45 mini ali təhsil almaq hüququ qazanır. Suallar çətin olanda hamı üçün çətin olar. Suallar çətin olanda ballar aşağı düşür, suallar asan olanda ballar da bir o qədər yüksəlir. Təbii ki, bunun heç bir mahiyyəti yoxdur. Çünki 45 min abituriyent yenə də ali təhsil ala bilir. Mənə görə qəbul prosesində sualların çətinliyi ilə bağlı Dövlət İmtahan Mərkəzi hər il elmi statistik təhlilləri yayır. Görərik ki, sualların çətin və ya asan olması nisbidir. Hələ də abituriyentlərin bəziləri açıq tipli sualların cavablandırılmasında çətinlik çəkirlər. Amma yaxşı xəbər odur ki, 2-3 il bundan əvvəl belə suallara cavab vermək istəməsələr də, indi vəziyyət müsbət mənada dəyişir” .


“Məktəb direktoru öz fənnini yaxşı bilməlidir. Çünki öz fənnini yaxşı bilməyən müəllimdən yaxşı direktor olmaz”- deyə nazir əlavə edib. 

Onun sözlərinə görə,  Azərbaycanda təhsil siyasəti uşaqların təhsili və böyüməsi ilə bağlıdır: “Mənə və nazirliyə ən çox verilən suallar təhsildə gündəlik baş verən məişət xarakterli hadisələrlə əlaqəli olur. Lakin təhsil siyasəti kifayət qədər dərin, ölçmə tələb edən sahədir. Təhsilin siyasətini idarə edən mütəxəssislərin sayı çox azdır. Bizdə müəllimlər bu sahədə öz şəxsi mülahizələrini paylaşırlar. Problemlərin, çağırışların həlli mütəxəssis rəyi əsasında həll edilə bilər. Yaxın 5-10 ildə təhsil idarəetməsi və siyasəti üzrə mütəxəssislərin sayı artacaq. Bu da daha keyfiyyətli ictimai müzakirələrin aparılmasına gətirib çıxaracaq”.

Yeni tədris ilindən məktəblərin hamısında 6 günlük qrafikə keçiriləcəyi ilə bağlı səsləndirilən iddialara münasibət bildirən nazir bunun şayiə olduğunu bildirib.