Müəllimlərin işə qəbulu şəffaf, əlçatan olacaq

Təhsil ekspertləri də qaydalara edilən dəyişiklikləri müsbət qiymətləndirib


  Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklər açıqlanıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov ötən gün keçirdiyi brifinqdə dəyişikliklər barədə media nümayəndələrinə məlumat verib: "Əvvəlki illərin təcrübəsinə əsaslanaraq və namizədlərin çoxsaylı müraciətlərini nəzərə alaraq imtahan müddətini hər fənn üzrə 90 dəqiqədən 120 dəqiqəyədək artırmışıq".
  Dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə test imtahanında səhv cavablandırılmış suallar düzgün cavabların dörddə bir hissəsinə təsir edəcək.

  E.Bağırov həmçinin deyib ki, imtahanlar bir neçə şəhər və rayonda həyata keçiriləcək. Bu, namizədlərin də imtahanların keçirildiyi mərkəzlərə rahat gəlməsi üçün əlverişlidir. İmtahanlar 15 mərkəzdə keçiriləcək. Namizəd ixtisas sualına səhv cavab verirsə, bu, həmin ixtisasdan olan sualın və ya ümumilikdə düz cavablandırılan sualın 0.5 balını aparacaq. Metodikadan səhv cavablandırılan sual isə nəticəni 0.25 bal azaldacaq".
  Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, MİQ imtahanlarında təkmilləşməyə ehtiyac var idi: ”Çünki son  illər keçirilən imtahanlarda suallar, testlərin məzmunu ciddi şəkildə problemlərə gətirib çıxarırdı. Bu il bir sıra dəyişikliklər edilib. Təbii ki, bu dəyişiklikləri müsbət xarakterizə edirəm. Yeniliklərdə bir neçə diqqət çəkən məqam var. Tətbiq edilən yeniliklərdə səhv cavabların düzə təsiri vacib idi. Çünki bir çox hallarda imtahan iştirakçıları sualların cavablarını bilmədikdə belə cavablayırlar. Bəzən cavab doğru çıxır və ədalətli olmur. Dəyişikliklərdə əsasən “bilik qiymətləndirilir” prinsipi tətbiq edilib. İmtahanlarda xüsusilə ixtisas suallarına üstünlük verilməsi  vakant yerlərdə ixtisasını bilən müəllimlərə yer verilməsinə gətirib çıxaracaq. Bu, çox yaxşı haldır və hesab edirəm ki, müəllimlərin işə qəbulu imtahanında edilən dəyişikliklər işə qəbulun kifayət qədər əlçatan, obyektiv, şəffaf olmasına xidmət edəcək”.

  Digər təhsil eksperti Qoşqar Məhərrəmov isə "Şərq"ə açıqlamasında bildirib ki,  MİQ qaydalarındakı dəyişikliklərdə həm  mənfi, həm də müsbət məqamlar var.

  Mütəxəssis hesab edir ki, imtahan müddətinin artırılması müsbət haldır və müəllimlərin lehinədir: “Müəllimlər zamana qarşı savaşmamalıdır. Müəllimlərin təyinat yerində mütləq çalışması müsbət qərardır. Çünki bəzi zonalarda, xüsusilə kəndlərdə, qəsəbələrdə ibtidai siniflərdə hər il müəllim dəyişdirilməsindən əziyyət çəkirlər. Əgər hər il müəllim dəyişikliyi edilirsə, təbii olaraq onlar stres və adaptasiya problemi yaşayırlar. Mənfi tərəfi isə ondan ibarətdir ki, 4 səhv bir düzü aparmamalıdır. Bu, ənənəvi yanaşmadır. Düzgün və müasir yanaşma deyil. TOFEL, İELTS, "Kembriç"in imtahanlarının heç birində səhv düzü aparmır. 

  Düzdür, bunu namizədlərin  bilmədikləri suallara təsadüfi cavab verməsi ilə əlaqələndirirlər ki, bu zaman da keyfiyyətli ölçü dərəcəsi aşağı düşür. Amma fikrimcə, səhv düzü aparmamalıdır. İnsanları başqa cür fərqləndirmək olar. Eyni balı toplayan insanları müsahibədə fərqləndirmək olar və yaxud da sualların keyfiyyətini artırmaqla layiqli namizədlərin yüksək bal toplamasına zəmin yaratmaq olar".