Dünya dəyişir, təhsil də dəyişməlidir


Azərbaycanda STEAM-nin əhatə dairəsi genişlənir
"Proqramın tədrisində əsas məqsəd Azərbaycanın gələcək nəslini yeni çağırışlara hazırlamaqdır. Sevindirici haldır ki, bugünkü festivalda iştirak edən şagirdlərin 40 faizi Azərbaycanın bölgələrini təmsil edir"
Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması
  Ölkə təhsilində STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən fənn və sahələrin tədrisinin genişlənməsinə xüsusi diqqət yetirilir. Müasir çağırışlar baxımından, təbii ki, bu vacibdir və Azərbaycan məktəblilərinin ən yeni, gələcəyə hesablanmış texnoloji biliklərə yiyələnməsi dövrün tələbidir. Ölkəmizdə artıq bir neçə ildir ki, Beynəlxalq STEAM festivalları keçirilir. Festivala qatılan şagirdlər icad etdikləri texnoloji modelləri təqdim edir, mütəxəssislərdən rəy alırlar. Növbəti Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "SAF 2022 - Beynəlxalq STEAM festival dekabrın 5-dən 9-na kimi "Bakı Expo" Mərkəzində təşkil olunub. Festivalın açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev STEAM layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, dünyada hər şey dəyişir, təhsil də dəyişməlidir: "İldən-ilə STEAM-in əhatə dairəsi genişlənir. Proqramın tədrisində əsas məqsəd Azərbaycanın gələcək nəslini yeni çağırışlara hazırlamaqdır. Sevindirici haldır ki, bugünkü festivalda iştirak edən şagirdlərin 40 faizi Azərbaycanın bölgələrini təmsil edir". Nazir qeyd edib ki, STEAM festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. Daha sonra çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov bildirib ki, hazırda layihə ölkə üzrə 318 məktəbi əhatə edir: "Bu məktəblərin 126-sı regionlarda, 192-si isə Bakıda yerləşir. Həmçinin 22 STEAM mərkəzi mövcuddur. Hazırda 103 min şagird layihəyə cəlb olunub. 2026-cı ilə qədər isə 280 min nəfərə çatdırılması hədəflənib. Builki festivalda ötən ildən fərqli olaraq 6-10 yaş arası şagirdlər və universitetlər də təmsil olunur". SAF 2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib. Bildirilib ki, beynəlxalq səviyyədə təşkil olunan SAF 2022-də “VEX İQ” və “VEX V5” “Robotiks”, "Lego" “Axtarış və xilasetmə” (10-14,15-18 yaş), “Hakaton” (ali məktəb), "Hakaton" (ümumtəhsil məktəbləri), “Xəyal dünyası” (ibtidai sinif), "Robokids" (ibtidai sinif), “Mexatronika”, “Təhsil dronları” adlı ümumilikdə 10 kateqoriya müəyyənləşdirilib. Müxtəlif kateqoriyalar üzrə festivalda iştirak məqsədilə Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan, Qazaxıstandan edilən müraciətlərə əsasən bu ölkələrdən olan komandaların iştirakı təmin olunub. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Fransa, İsrail, Norveç, Çin və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət edilib. SAF 2022-də həmçinin “İnnovativ layihələr sərgisi” də təşkil olunub. SAF 2022-nin ötən ildən fərqini diqqətə çatdıran İqrar Nəzərov builki festivala ümumilikdə 350 komanda üzrə 1 312 nəfər iştirakçının qatıldığını, onlardan 127-nin 7 xarici ölkəni təmsil etdiyini deyib. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər.
  Xatırladaq ki, qardaş Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Maarif Məktəblərinin qarşıdakı tədris ilindən etibarən Bakıda da fəaliyyət göstərəcəyi bildirilib. Beynəlxalq Maarif Məktəblərini digər təhsil ocaqlarından fərqləndirən cəhətlər ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalarla təmin olunmasıyla yanaşı, burada əsas fənlərlə bərabər STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilməsidir. Hazırda dünyada öndə gedən məhz texniki ixtisaslar, kompüter texnologiyaları, aerokosmik biliklər, astronaftika, robotik kodlama, proqramlaşdırmadır. Robotik kodlaşdırma, bir növ proqramlaşdırmanın əsasıdır. Dünya universitetlərində hesab edirlər ki, bunları bilən insan digər fənləri onsuz da mənimsəyə biləcək. Əsas texnoloji biliklərə, insan nə dərəcədə yaradıcıdır, ona diqqət yetirilir və süni intellektə üstünlük verilir. STEAM festivalları da məktəblilərə texnoloji, aekosmik və robotik avadanlıqlar icad etmək bacarıqlarının nümayişinə imkan yaradır.
  Keçirilən festivalla bağlı fikrilərini bölüşən Multimedia Mərkəzinin direktoru Osman Gündüz təəssüratının xeyli yüksək olduğunu dedi:
- 1300-dən çox məktəblinin texnoloji yarışması 3 gün davam etdi. Təəssüratım xeyli yüksək oldu. Dronlar ölkəmizdə dövriyyəsi məhdudlaşdırılan avadanlıqlar siyahısında olduğundan DRON kateqoriyasında yarışan uşaqlara dronları ETN verib. Əvvəlki illərdən fərqli olaraq iştirakçı sayı və iştirakçı ölkələr, yarışların kateqoriyaları xeyli artıb. Həmçinin daha aşağı yaş qrupunda olan uşaqlar da yarışlara cəlb edilib. 11 kateqoriya üzrə keçirilən yarışların münsif heyətində tanıdığım mütəxəssislərimizlə bərabər türkiyəli, israilli, fransalı, norveçli və çinli ekspertlər də vardı. Xeyli sayda komandalarla görüşdüm, iştirakçılarla, şagirdlər və müəllimlərlə, mentorlarla, təşkilatçılarla söhbət etdim. Bəzi təqdimatlarda iştirak etdim. Ümumi fikrim budur ki, festival, bu tip yarışlar uşaqlarda müasir çağırışlara uyğun bacarıqları və düşüncə tərzini formalaşdırmaq, rəqəmsal bacarıqları artırmaq, komanda bacarıqlarını və kommunikasiyaları inkişaf etdirmək baxımından olduqca əhəmiyyətlidir. ETN-in, təşkilatçıların, dəstəkçilərin bu istiqamətdəki səyləri təqdirəlayiqdir. Yeri gəlmişkən, bəzi məqamları da diqqətə çatdırmaq istərdim. STEAM əsaslı tədris prosesi elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətin inteqrasiyasını nəzərdə tutur. Hazırda STEAM layihəsi ölkə üzrə cəmi 320 ümumtəhsil məktəbini və 18 STEAM mərkəzini əhatə edir. Ümumilikdə 135 000 şagird STEAM əsaslı tədrisə cəlb edilib. Əlbəttə, bu hələlik çox azdır. Əhatəlik, kütləvilik artırılmalıdır, hökumət bura əlavə resurslar ayırmalıdır. Şagirdlərlə və müəllimlərlə söhbətdən gəldiyim qənaət də odur ki, STEAM mərkəzlərini çox artırmaq, ümumiyyətlə hər bir məktəbin özünü belə mərkəzlərə çevirmək vacibdir. STEAM-in mahiyyətinə uyğun olaraq, müəllim hazırlığını onlayn formatda deyil, daha çox praktiki, real təlim dərsləri üzərində keçirmək, beynəlxalq əlaqələri, şəbəkələşməni artırmaq doğru olardı. Zəruri avadanlıqlarla, resurslarla təminat gücləndirilməlidir. Festivalda həm də DRON kateqoriyası üzrə yarışan bir çox məktəblərin komandaları ilə görüşdüm. Dronları necə əldə etdikləri ilə maraqlandım. Hamısı birmənalı olaraq qeyd etdilər ki, müstəqil olaraq dron əldə edə bilmirlər, dronlar onlara ETN tərəfindən verilir. Bu tip hallar ölkəmizdə gənclər və uşaqlar arasında keçirilən digər dron yarışlarında da özünü göstərir. Dron, qəribə səslənsə də, bizim ölkəmizdə hələ də dövriyyəsi məhdudlaşdırılan avadanlıqlar siyahısındadır. 6 dövlət qurumu icazə verməlidir ki, hansısa bir məktəb və ya məktəbli, vətəndaş özünə dron gətirsin. Qonşu ölkələrdə isə bu tip məsələlər çoxdan öz həllini tapıb və dronların çox sadə, normal bir qeydiyyat qaydaları müəyyən edilib. Ümid edirəm RİNN-in yeni yaranan agentlikləri Aviasiya haqqında yeni qanunvericiliyin qəbulunadək dronların sadə qeydiyyat qaydalarını hazırlayacaqlar.