Müəllimin vəzifəsi bilik verməkdir

Kimisi tədrisi yaxşı qavrayacaq, kimisi zəif

"Dərsini zəif oxuyan, “ev tapşırığını” yerinə yetirməmiş şagirdə fiziki cəza vermək qanunaziddir və yolverilməzdir. Şagirdləri lövhə qarşısına düzmək, küncə qoymaq, ayaqüstə saxlamaq, hətta şagirdi bir ayağı üstə saxlayan müəllimlər də var, tənbeh etmək, kobud ifadələr işlətmək, sinif yoldaşlarının qarşısında pərt etmək, bütün bunlar cəzanın növləridir"

  Bakının Xətai rayonu, 25 saylı orta məktəbin sinif müəllimlərindən birinin I sinif şagirdlərinə cəza tətbiq etməsiylə bağlı sosial şəbəkədə məlumat yayılıb. Valideyn Pərvanə Rasim məktəbdə övladına qarşı sinif müəllimi Səidə Hüseynova tərəfindən fiziki zor tətbiq edildiyini qeyd edərək hadisənin ictimailəşdirilməsini istəyib: “Lütfən ictimailəşdirin! O uşaqların yerinə özümüzü qoyub nə hisslər keçirdiklərini təsəvvür edə bilərikmi? Bu şəkildəki uşaqlar Xətai rayonu ərazisində yerləşən 25 nömrəli məktəbin 1-ci sinif şagirdləridir. Sol tərəfdə eşitdiyi təhqirlərdən sonra başını aşağı salıb dayanan qızımdır. 7 yaşının içindədir. Digər uşaqların üzünü valideynlərinin razılığını almağa fürsətim olmadığı üçün göstərməmişəm. Şəkil sinfin müəllimi Səidə Hüseynova tərəfindən çəkilib. İbrət olsun deyə valideyn qrupuna göndərilib. Şəklin sonunda müəllimə xanım qeyd edir ki, hər dəfə yazmayanları belə üsulla "məsuliyyətli" olmağa öyrədəcək. Uşaqları qaranlıq otağa salmaqla da hədələyib. Bu körpələrin "günahı" ev tapşırığının nə olduğunu bilmədiklərinə görə yazmaması olub. Buna görə də xeyli danlandıqdan sonra 45 dəqiqə qışın bu oğlan çağında hələ də istilik olmayan sinifdə, küncdə dayanmağa məcbur edilərək, digər dərslərin izahında iştirak etməkdən məhrum ediliblər. Normalda uşaqlar təbii ehtiyaclarını ödəmək istəyəndə belə Səidə xanımın xoşuna gəlmir. Çox vaxt icazə vermir. Həmçinin dəfələrlə uşaqlara fiziki və psixoloji təzyiq göstərib. Buna görə məktəb rəhbərliyinə dəfələrlə şikayət edilib. Şəxsən özüm buna görə müəllimə və məktəbin psixoloqu ilə dəfələrlə danışmışam. Lakin məktəbin direktoru Fəridə Şərifova həm istiliklə bağlı müraciətlərə, həm də Səidə Hüseynovanın uşaqlara qarşı kobud və qəddar davranışlarına əhəmiyyət verməyib. Bundan öncə qızımın hazırlıq dönəmində həmin məktəbin digər müəllimi Aygün Məmmədova da qızıma dəfələrlə psixoloji şiddət göstərib. Uşaq ağlayıb gecələr qorxudan yerini isladırdı ki, "müəllimədən qorxuram, ona de, üstümə qışqırmasın". Artıq orda nə baş verirdisə bilmirəm. Etirazımı şifahi şəkildə Aygün Məmmədovaya bildirəndə ,"mənə ağıl öyrədəcəksən? Özüm bilərəm necə davranaram" dedi. Məsələ ilə bağlı dəfələrlə yazılı və şifahi şəkildə Təhsil Nazirliyinə, Cəsarət Valehova müraciət etsəm də, heç bir reaksiya almadım. Sonra mənim xəbərim olmadan uşağı sinifdən çıxarıb həmin bu Səidə Hüseynovanın qrupuna qoyublar. Necə deyərlər, yağışdan çıxıb yağmura düşdük. Deyəcəksiz onlayn sistemə valideynin xəbəri olmadan necə müdaxilə ola bilər? Ancaq mümkünmüş”. 
  Adətən olduğu kimi, bu dəfə də ictimaiyyətdən fərqli reaksiyalar verilib. Kimisi müəllimi, kimisi valideyni günahkar sayıb. “Bu, sadəcə, valideyn aqressiyasıdır. Burada heç bir zorakılıq əlaməti görmürəm”, “Valideyn öz günahını müəllimin üzərinə yükləyir”, “Şagirdlərlə belə davranan müəllimi məktəbdən qovmaq lazımdır, gedib kənddə qoyun-quzu saxlasın, qoyun-quzunu da sıraya düzsün”, “uşaq döyən, təhqiri və hədəni vasitə seçən müəllimlərin diplomları əllərindən alınsa, yaxşıdır”, kimi müxtəlif məzmunlu rəylər yazılıb. 
  Son zamanlar orta məktəblərdən elə kadrlar ictimaiyyətə yayılır ki, təəccüblənməmək qeyri-mümkündür. Bəli, XXI əsrin uşaqları XX əsrin uşaqları kimi deyillər. Ümumiyyətlə, insanlar dəyişib. İstər böyük olsun, istər kiçik. Aqressiya, əsəb, hirs hamıya sirayət edib. Hamı aqressivdir. Amma ümumi gərginlik müəllimin şagirdlə aqressiv davranmasına əsas ola bilərmi? Ya da sualı belə qoyaq: şagird cəzalandırılmalı, yoxsa tənbeh edilməlidir? Və cəza ilə tənbeh arasındakı qırmızı xətt nədən ibarətdir? 
  Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında məsələyə aydınlıq gətirdi: 
- Sosial şəbəkədə yayılmış fotonu görmüşəm. Birmənalı şəkildə bildirirəm ki, müəllimin şagirdi nə cəzalandırmaq, nə də tənbeh etmək hüququ var. Müəllimin vəzifəsi bilik verməkdir. Kimisi tədrisi yaxşı qavrayacaq, kimisi zəif. Dərsini zəif oxuyan, “ev tapşırığını” yerinə yetirməmiş şagirdə fiziki cəza vermək qanunaziddir və yolverilməzdir. Şagirdləri lövhə qarşısına düzmək, küncə qoymaq, ayaqüstə saxlamaq, hətta şagirdi bir ayağı üstə saxlayan müəllimlər də var, tənbeh etmək, kobud ifadələr işlətmək, sinif yoldaşlarının qarşısında pərt etmək, bütün bunlar cəzanın növləridir. Həm fiziki cəza, həm də psixoloji travmadır. Birinci sinif şagirdini ayaqyoluna buraxmamaqla cəzalandırmaq isə ifadəmə görə bağışlayın, faşistlikdir. Vəhşilikdir. İkinci Cahan savaşında Hitler ordusu əsirlərlə belə davranmayıb. 6-7 yaşlı uşağı ayaqyoluna buraxmamaq nə deməkdir?! Bu, dəhşətdi! Müəllimlər bu cür üsullarla, cəza vasitələri ilə şagirdləri qorxaq, gözükölgəli, gözüqırpıq edirlər. Şagird sinif yoldaşlarının qarşısında alçalır və psixoloji travma alır. Bu cür hadisələr uzun müddət uşaqların yaddaşından silinmir və çox eybəcər formada xatırlanır. Bunun başqa izahı yoxdur, ola bilməz. Hazırda valideynlərin 99 faizi övladını öz cibinin puluyla – repetitor yanına göndərməklə oxudur. Bu işi məktəbdə müəllimlər etməlidir. Müəllim öz birbaşa vəzifəsini yerinə yetirmir, təhsil vermək əvəzinə, cəza verir. Bu, absurddur. Necə yəni, “səni qaranlıq otağa salacağam?!". Hansı zamanda yaşayırıq, müəllim feodal təfəkkürü ilə davranır? Onsuz da təhsilimiz qaranlıq otağa salınıb. Şagirdləri təkrar qaranlıq otağa salmağa ehtiyac qalmayıb. 
  K.Əsədov ev tapşırığı məsələsinə də toxundu: 
- 2008-ci ildən tətbiq edilən kurikulum standartlarına görə, şagirdə ev tapşırığı, ümumiyyətlə, verilmir. Verilməməlidir. Şagird keçilən dərsi məktəbdə, dərs saatı müddətində mənimsəməlidir. Şagirdə keçilən dərsi evdə oxumaq və təkrarlamaq tapşırıla bilər. Müəllimlər sinifdə dərs keçmir, dərsi evdə hazırlamağı şagirdə tapşırırlar. Bununla da məsuliyyəti üzərlərindən atırlar.