Tibb Universitetində təcili tibbi kafedranın yaradılması böyük uğur olacaq


Tələbə artıq son kurslarda seçimini edib sırf təcili yardım həkimi olaraq ixtisaslaşacaq
"Texniki problemlər həll edilsə, təcili yardım briqadaları daha çox insanın həyatını xilas edər"
  Təcili yardım sisteminin təkmilləşidirlməsi həftəsi tədbirləri çərçivəsində dünən “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” adlı simpozium keçirilib. Simpozumda çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov qeyd edib ki, ölkəmizdə insanları ən çox narahat edən məsələ sağlamlığın təcili problemləridir. O bildirib ki, səhiyyə sistemi bu narazılığa nə qədər çevik cavab verərsə, bir o qədər vətəndaşların məmnunluğu təmin olunar: “Ölkəmizdə son illər səhiyyə sistemində bir çox islahatlar aparılıb. İlk növbədə bu, səhiyyənin maliyyələşməsinə aiddir. Bununla yanaşı əsas məsələlərdən biri təcili tiblə bağlı olan sistemin təkmilləşdirilməsidir. Çox sevindirici haldır ki, ÜST buna kömək edəcək bir layihə təqdim edib. Bununla bağlı 3 əsas istiqamətdə iş aparılır”. ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı öz açıqlamasında bildirib ki, pandemiya dövründə təcili tibbi yardım xidmətlərinin nə qədər vacib olduğunun şahidi olduq. Məqsəd bu istiqamətdə ciddi təkmilləşdirmələri həyata keçirməkdir”. O qeyd edib ki, bütün dünyada və Azərbaycanda da pandemiya azalıb: "Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq. Amma bu o demək deyil ki, yeni pandemiya olmayacaq. Ona görə bütün təcili tibbi yardım sistemlərini və digər tibb sistemlərini gücləndirməkdə fayda var".
  “Azərbaycanda güclü səhiyyə sistemi yalnız öz vətəndaşlarını qorumur, həmçinin qlobal səhiyyə təhlükəsizliyini gücləndirir”. Bunu çıxışı zamanı USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Nerbass deyib. O qeyd edib ki, təcili tibbi yardım işlərinin gücləndirilməsi USAİD-lə Azərbaycanın əsas işlərindən biridir: “Hər kəs bilir ki, hər hansı bir sahəni inkişaf etdirmək üçün güclü təhsil olmalıdır. Hər ölkə özünəməxsusdur və buna görə o ölkəyə uyğun yanaşma olmalıdır. Əməkdaşlıq bizim işimizin əsasını təşkil edir. Biz bu vasitə ilə dünyada olan uğurlu təcrübələri Azərbaycana gətirməyə çalışırıq”.
  Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli isə qeyd edib ki, gələn il Azərbaycan Tibb Universitetində təcili tibb kafedrası yaradılacaq. O qeyd edib ki, təcili tibbi yardımın tədrisi artıq proqrama salınıb. Bu sahə gələn ildən tələbələrə tədris olunacaq.
  Ölkəmizdə təcili tibbi yardım sahəsində əsas problem nədir və ADTU-da təcili tibb kafedrasının açılması hansı üstünlüyü vəd edir?
  Həkim-psixoterapevt Azad İsazadə “Şərq”ə açıqlamasında Tibb Universitetində təcili tibb kafedrası olmasının üstünlüklərini izah etdi:
- Mən də Tibb Universitetini bitirmişəm. Təcili yardımın nəzəriyyəsi və təcrübəsi bizə öyrədilirdi. Amma hər kafedra tibbin özünə aid hissəni tədris edirdi. Məsələn, kardioloji kafedra ürək-damar sistemi ilə bağlı yaranmış problemi necə təcili şəkildə aradan qaldırmaq, həyat üçün yaranmış təhlükəni minimuma necə endirməyi öyrədirdi. Cərrahi kafedra qanaxmanı necə təcili dayandırmaq, yaranın təcili tikilməsini, üzərinin bağlanmasını, otorinolarinkologiya burun-boğaz problemləri, tutalım, boğaza yad cisim düşübsə, onu təcili necə çıxarmaq və sair... məsələləri tədris edirdi, tələbələrə təcrübə qazandırırdı. Amma Tibb Universitetində ayrıca təcili tibb kafedrası açılacaqsa, deməli, tibbin bütün sahələrinin öyrədilməsi bir kafedra nəzdində cəmləşəcək, hər bir sahə ayrı-ayrılıqda deyil, bir yerdə, cəm halında bir kafedra nəzdində tədris olunacaq. İlkin, təcili yardım tibbin bütün sahələri üzrə birləşdiriləcək və tələbələrə öyrədiləcək. Əlbəttə, bu, müsbət haldır. Yəqin ki, bu, sonuncu kurslarda olacaq. Və tələbələrə ixtisas seçimi zamanı sırf təcili yardım həkimi ixtisasını seçmək imkanı veriləcək. Bir var, tələbə ali məktəbi bitirdikdən sonra təyinatla təcili yardımda çalışmağa göndərilsin, orada işləyə-işləyə təcrübə toplasın, bir də var, tələbə artıq son kurslarda seçimini edib sırf təcili yardım həkimi olaraq ixtisaslaşsın. Bu, əlbəttə, böyük üstünlükdür. Hesab edirəm ki, Tibb Universiteti təcili tibb kafedrasının yaradılmasında mövcud hansısa modeli əsas götürəcək. Ümid edirəm ki, uğurlu başlanğıc olacaq, ölkədə ixtisaslaşmış təcili yardım həkimləri fəaliyyət göstərəcək.
A.İsazadə hazırda ölkədə təcili tibbi yardımın fəaliyyətində əsasən texniki problemlərin olduğunu dedi:
- Təcili yardımda savadlı, təcrübəli həkimlər çoxdur. Bizim problemimiz həkimlərlə bağlı deyil, texniki məsələlərlə bağlıdır. Təcili yardım maşınlarının, həkim briqadalarının sayı çoxaldılmalıdır. Və təcili yardım maşınına digər avtomobil vasitələri həmişə yol açmalıdır. Əgər təcili yardım maşını tıxac səbəbindən çağırışa gecikirsə, vəziyyəti ağırlaşmış şəxsə məhz ünvana gec çatdığı üçün yardım edə bilmirsə, bu, həkimlərin problemi deyil. Yollarda yaşanan sıxlıq, tıxaclar, təcili yardım maşınları üçün xüsusi zolaqların olmamasının yaratdığı problemdir. Necə ki biz, siz tıxac səbəbindən işə gecikirik, eləcə də təcili yardım briqadası çağırışlara gecikir, vətəndaşın köməyinə çatmaqda zaman itirir. Amma danlanan, təzyiqə məruz qalan da həkimlər olur. Texniki problemlər həll edilsə, təcili yardım briqadaları daha çox insanın həyatını xilas edər.