Gənclər beyinlərinin məhsulunu ortaya qoya biləcək

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

STEAM Mərkəzi məktəblilər və tələbələrə XXI əsr bacarıq və qabiliyyətlərini yüksəltməyə imkan verir
Kamran Əsədov: “Biz artıq elm və təhsili yeni, müasir çağırışlara uyğunlaşdırmalıyıq” 

  Azərbaycan dövlət siyasətinin prioritet sahələrindən biri, sözsüz ki, elm və təhsil sektorudur. Prezident İlham Əliyevin təhsil və elmin dövlət qayğısından kənarda qalmamasına xüsusi diqqət ayırdığını yeni məktəb binalarının tikintisi, elmi mərkəzlərin sayının artması, azərbaycanlı tələbələrin dövlət hesabına dünyanın aparıcı təhsil ocaqlarında təhsillərini davam etdirmələri, uşaq və gənclərin yaradıcı imkanlarının genişləndirilməsi məqsədilə təşkil edilən müsabiqələr sübuta yetirir. Müasir dünyanın ayrılmaz parçası olan ölkəmiz təbii ki, elm və təhsil sahəsində də qabaqcıl texnologiyaların mənimsənilməsi baxımından da öndə olmalıdır. Bu günlərdə istifadəyə verilən “STEAM İnnovasiya Mərkəzi” müasir innovasiyalara yiyələnmək üçün ölkəmizdə daha da əlverişli şərait yarandığını göstərir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtdakı  “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma Mərkəzdə yaradılan şərait barədə məlumat verərək bildirib ki, “STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur. Müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında bir çox mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir. Bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir. “STEAM Azərbaycan” layihəsinin davamı olan “STEAM İnnovasiya Mərkəzi”nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər. Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər. Bu Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.

STEAM İnnovasiya Mərkəzinin fəaliyyətə başlamasını elm və təhsil sahəsində böyük üstünlük adlandıran təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, belə bir mərkəzin yaradılması şagird və tələbələr qarşısında geniş imkanlar açır: 

- Əvvəla onu qeyd edim ki, STEAM Mərkəzi ilə yanaşı, cənab Prezident və ölkəmizin birinci xanımı Mehriban Əliyeva həm də sovet dönəmində Y.Qaqarin adına Pioner və məktəblilər Sarayı kimi tanınan, müstəqillik illərində isə görkəmli alim və siyasi xadim Tofiq İsmayılovun şərəfinə adlandırılan Uşaq-Gənclər İnkişaf Mərkəzində yaradılmış şəraitlə də tanış oldular. Bu mərkəz əsaslı təmir və bərpa edilib. Sovet dönəminin şagirdləri yaxşı xatırlayır ki, o zamanlar bu sarayda müxtəlif dərnəklər fəaliyyət göstərirdi. Və sonralar bir çox elmi yeniliklərə imza atacaq uşaqlar da məhz bu sarayda yetişmişdi. Pioner və məktəblilər sarayının yaradılmasında məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsədəuyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub. Uzun illər bu istiqamətdə fəaliyyət göstərib. Amma zaman dəyişir. Biz artıq elm və təhsili yeni, müasir çağırışlara uyğunlaşdırmalıyıq. 20-ci əsri kosmos əsri adlandırırdılarsa, 21-ci əsr innovasiyalar, proqramlaşdırma, robot əsridir. Biz bu günün uşaqlarını, gəncləri buna hazırlamalıyıq. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 noyabr tarixli qərarına uyğun olaraq Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Tofiq İsmayılov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birləşdirilərək onların bazasında Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, bu il isə ona publik hüquqi şəxs statusu verilib. Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ildə əsaslı təmir edilib. İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. 

Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq. Bu Mərkəzin binasının əsaslı təmiri və bərpası Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc nəslin müasir dövrün inkişaf trendlərinə uyğun formalaşmasına göstərdikləri diqqət və qayğının daha bir nümunəsidir. Göründüyü kimi, bu, nəhəng bir mərkəzdir. Əsas vəzifə də Mərkəzin məqsədyönlü fəaliyyətinin təşkil edilməsidir. 

Elə etmək lazımdır ki, Mərkəzdə kimya, fizika, aerokosmonavtika üzrə gələcəyin alimləri, ixtiraçıları, ölkəmizin güclü müdafiəsini, sarsılmaz təhlükəsizliyini təmin edəcək layihələrə imza atan gənclər yetişsin.