Kimsə regional təhsil idarələrinə və Təhsil Nazirliyinə adam tapandan sonra onun işinə müsbət cavab verilir
Dünən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib. Elm və Təhsil Nazirliyindən “Şərq”ə verilən məlumata görə, proses elektron sistemi üzərindən həyata keçiriləcək.
Qeyd edilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu il avqustun 15-dən www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Şagird yerdəyişməsinin çox ciddi bir məsələ olduğunu deyən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, şagirdin seçdiyi sinifdə, məktəbdə yer varsa, rahatlıqla bu portalda bu təsdiq olunur: "Burada hər hansı bir kənar ciddi müdaxilə olmur. Amma bir sıra hallarda həyata keçirilən islahatlardan sui-istifadə halları var. Vətəndaş müraciət edəndə onun köçürmə ilə bağlı sorğusuna müsbət cavab verilmir. Elm və Təhsil Nazirliyi, yaxud digər yerli idarəetmə orqanları özlərinin maddi maraqları qarşılığında bəzən bu köçürmələri müsbət həll edə bilirlər. Hesab edirəm ki, bu məsələdə ədalətli olmaq lazımdır. İmkanı olmayan şəxs köçürmə prosesindən kənarda qalmamalıdır, əvəzində imkanı olana yaşıl işıq yandırılmamalıdır. Bəzən regional təhsil idarələri prosesə süni müdaxilə edirlər. Bu məsələdə diqqətli olmalıdır. Hazırda təhsil ictimaiyyətin etimadını doğrultmayıb, təhsilin idarə olunması, qiymətləndirmə ilə bağlı narazılıq var. Şagird yerdəyişməsi ilə bağlı bir çox insanlar aylarla növbə gözləyirlər. Kimsə regional təhsil idarələrinə və Təhsil Nazirliyinə adam tapandan sonra onun işinə müsbət cavab verilir. Hesab edirəm ki, bu ikili yanaşma aradan qalxmalıdır”.