Orta məktəblərə direktor təyinatı çox uğursuzdur


Mövcud qaydalarda test imtahanı verirlər, sonra da məktəbdən xəbərsizlər müsahibə verir və təyin edilirlər 


  Paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazıları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:

"Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib. Müəllimlərlə bağlı da qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək. Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".

  Azərbaycanda zaman-zaman məktəb direktorları ilə bağlı bu kimi problemlər yaşanır. Xatırladaq ki, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilib. Məlumata görə, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər. Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.

  Sözügedən hadisəni şərh edən təhsil eksperti Kamran Əsədov  “Şərq”ə açıqlamasında  deyib ki, hazırda orta məktəblərə direktor təyin olunma üsulu çox keyfiyyətsiz və uğursuzdur”. Onun sözlərinə görə, mövcud qaydalarda  test imtahanı verirlər, sonra da məktəbdən xəbərsizlər müsahibə verir və təyin edirlər: 

“Bəli, 10 il əvvəl üçün bu qaydalar adekvat hesab oluna bilərdi.  İndi qaydalar daha da pisə doğru dəyişib. Belə ki, şagird sayı 150-yə qədər olan məktəblərə direktor təyinatı Regional Təhsil İdarələri tərəfindən kefləri və maraqları müqabilində həyata keçirilir.  Son günlər məhz direktor təyinatından sonra baş verən hadisələr mövcud qaydalara dəyişikliklər edilməsini tələb edir”.
  Təhsil eksperti Nadir İsrafilov da hesab edir ki, məktəb direktorlarının seçimində və vəzifəyə təyinatında müəyyən boşluqlar var və bunlar aradan qaldırılmadıqca bu kimi halların baş verməsi qaçılmaz olacaq: "Məktəb elə bir sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir. Nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz.

 Məktəbin rəhbəri, təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir-birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir. 

Elə ona görədir ki, orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır".