Yeni dəyişiklik yaxşılığa doğru addımdır

Ədəbiyyat müəllimlərinin müvafiq mövzular barədə tam bilgiyə sahib olması nəzərdə tutulur

  Müəllimlərin işə qəbulunun qiymətləndirmə çərçivəsində bu il edilmiş dəyişikliyə görə, ədəbiyyat müəllimləri proqramda olan əsərləri tam oxumalıdırlar.
  Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyevanın  sözlərinə görə, imtahanda elan olunmuş əsərlərin istənilən hissəsindən sual ola bilər: “Buna görə, müəllimlərə tövsiyə olunur ki, əsərləri tam oxusunlar”.
  Mərkəz direktorunun  sözlərinə görə, ədəbiyyat fənni üzrə çərçivədən iki əsər çıxarılıb, bir yeni əsər daxil edilib. O həmçinin qeyd edib ki, əvvəl MİQ imtahanı üçün sadəcə, proqram hazırlanırdı və mövzularda fənlər üzrə proqramlara əsaslanırdı. 

  Təhsil eksperti Elçin Əfəndi isə “Şərq”ə açıqlamasında deyib ki,   Müəllimlərin İşə Qəbul imtahanları ilə bağlı tez-tez dəyişikliklər olur.  Sözsüz ki, müəllimlik elə bir peşədir ki, daim biliklərin artırılmasına ehtiyac var. Bu baxımdan davamlı olaraq dəyişikliklərin edilməsi başadüşüləndir. Proqramların çətinliyi də  ona hesablanıb ki, bütün müəllimlərin bilik-bacarıqları təkmilləşdirilsin.  Ən böyük dəyişiklik isə 100 ballıq sistemə keçid ilə bağlı oldu. Xatırlayırsınızsa,  ötən ildən 60 test tapşırığı 100 ballıq sistem ilə qiymətləndirildi və səhv cavablar düz suallara təsir göstərdi. Bu dəyişiklik də belə əsaslandırıldı ki, 100 ballıq şkala daha rahat seçim imkanı yaradacaq və bu vasitə ilə yüksək, aşağı və orta bilikli şəxslər üzə çıxacaq. 
  Ümid edirəm ki, yeni dəyişiklik də yaxşılığa doğru atılan addımdır.  Yeni qərara görə, qiymətləndirmə çərçivəsində ədəbiyyat müəllimlərinin  müvafiq mövzular barədə tam bilgiyə sahib olması nəzərdə tutulur. Düşünürəm ki, əsərlərin tam  oxunması tələbi müəllimlik imtahanına hazırlaşan gənclər üçün müəyyən çətinlik yaradacaq və əlavə vaxt aparacaq. Bu baxımdan narazılıqların olması da gözləniləndir. Amma  digər tərəfdən, şagirdlərə tədris zamanı hər hansı bir çaşqınlıq yaranmasın deyə ədəbiyyat müəllimlərinin proqramda olan əsərləri oxuması məqsədəuyğundur”.