Bitməyən müəllim-şagird davası! - Kimdir müqəssir? 

Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müəllim tərəfindən döyüldüyünü bildirib.
 Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən A.S. övladı, 2008-ci il təvəllüdlü Asimanın (şərti) 273 saylı məktəbdə müəllimə tərəfindən döyüldüyünü bildirib.
O, hadisənin xuliqanlıq zəminində baş verdiyini iddia edib və müəllimə barəsində tədbir görülməsini xahiş edib.
Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.

Bununla bağlı “Sherg.az” a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, uşağı döymək olmaz, bu, birmənalıdır. Onun sözlərinə görə, analoji hadisələr son zamanlar artıb:

“Uşaq hüquqları Konvensiyası”, “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu” və bir çox normativ-hüquqi aktlar cəzalandırma vasitəsi kimi uşağa fiziki zorakılıq tətbiq etməyi qadağan edir. Yəni bu sənədlərə əsasən uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Uşaqlarla qəddar rəftara yol verilməsi, onlara qarşı psixoloji və fiziki zorakılıq tətbiq edilməsi mövcud qanunvericiliyə görə inzibati, hətta cinayət məsuliyyətinə səbəb olur. Ümumtəhsil məktəbin Nümunəvi Nizamnaməsində müəllimlərin və şagirdlərin hüquq və vəzifələri konkret şəkildə öz əksini tapıb.

Hələ, digər qanunvericilik aktlarını da nəzərə alsaq, görürük ki, “Təhsil haqqında” Qanunun 11-ci maddəsində “Müəllimlərin etik davranış Qaydaların”da vurğulanan “Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir”; “Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır”; “Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir” və hətta “Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir” kimi müddəaların daxil edilməsi, təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməkdə müəllimin uşağın tərbiyəsinə qarşı bütün əks təsiredici imkanlarını məhdudlaşdırır.

Bununla belə, ayrı-ayrı  məktəblərdə müəllimlərin qanunvericiliyə uyğun olmayan davranışları, ayrı-ayrı  müəllimlər tərəfindən uşağa qarşı şiddət göstərən əməlləri ilə bağlı olayların arası kəsilmir və kim zəmanət verə bilər ki, elə götürək Bakının Qaradağ rayonu, Sahil qəsəbəsindəki məktəbdə şagirdin müəllim tərəfindən döyülmə hadisəsi sabah hansısa digər məktəbdə baş verməyəcək?

Nə baş verir? İstəsək də, istəməsək də, razılaşmaq məcburiyyətindəyik ki, müasir dövrümüzdə məktəblərdə tərbiyə işi öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta, məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Bununla belə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib”.

Ekspert hesab edir ki, hər bir valideyn üçün övladının sağlamlığı onun təhsilindən daha önəmlidir:

“Onun övladına uzadılan əl və vurulan şillə, ona qarşı edilmiş davranışdır. Lakin müəllim də insandır, onun da əsəbləri var, dözüm limiti var. Uşağı döymək olmaz, söymək olmaz, sinifdə saxlamaq olmaz, məktəbdən qovmaq olmaz, loru dildə desək, “gözün üstə qaşın var” da demək olmaz. Bəs, əgər, uşaq məktəbdə fironluq edirsə, ipə-sapa yatmırsa, müəllimə normal dərs keçməyə imkan vermirsə və valideyn də övladının öhdəsindən gələ bilmədiyini etiraf edirsə, bəs onda nə etməli…?

Dəfələrlə demişəm ki, nə qədər ki, tərbiyə işində məsuliyyət birtərəfli olacaq, günahkar qismində şagird və onun valideyninin adı deyil, halnız məktəb və müəllimin adı hallanacaq, bu kimi halların bundan sonra da baş verməsi qaçılmaz olacaq. Buna görə də  ilk növbədə təhsil qanunvericiliyimizdə  uşaqların tərbiyəsində valideynin məsuliyyəti barədə dəyişiklik edilməlidir. Düzdür, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ə müəllimlərin, şagirdlərin və valideynlərin hüquq və vəzifələrinə dair müəyyən müddəalar daxil edilib. Lakin bunlar yaranan vəziyyəti stabilləşdirmək üçün kifayət etmir. 

Bir çox ölkədə valideynin məsuliyyəti qanunvericiliklə təsbit olunursa, biz niyə belə bir təcrübədən yararlanmayaq? Məktəbin, müəllimin adının bu kimi qalmaqallarda hallandırılması nəinki təhsil üçün, bütövlükdə heç cəmiyyət üçün də başucalığı gətirən hal deyil. Nəticələr üzərində deyil, səbəblər üzərində düşünülməlidir”.

Şərqiyyə Nəbi