Direktor seçimi üçün test və müsahibə yetərli deyil


“Axı 6 aylıq kursla ixtisasını dəyişən şəxslər yaxşı mütəxəssis hesab oluna bilməz”

Kamran Əsədov: “Yaxşı olar ki, direktorluğa namizədlər bir müddət təcrübəli məktəb direktorlarının yanında köməkçi kimi işləyib, idarəetmə ilə bağlı bilik və bacarıqlara nail olsunlar”



  "Əgər digər ixtisas sahibləri yenidən hazırlıq keçibsə, təhsili idarəetmə diplomu varsa, direktor təyin edilə bilər”. Bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. 
  Ümumtəhsil müəssisələrində pedaqoji təhsili olmayan direktor olmadığını vurğulayan nazir qeyd edib ki, bəzən məktəb direktorunun pedaqoji təhsilinin olmadığına dair məlumatlar yayılır: “Həmin şəxs sonradan pedaqoji təhsil alıb. Belə şəxslər varsa, nazirliyə müraciət edə bilərsiniz. Direktor ilk növbədə öz fənnini yaxşı bilməlidir. Amma öz fənnini yaxşı bilən hər müəllim də direktor ola bilməz”. 
 
 Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, son illərdə  yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibə və müsabiqə mərhələsi ilə  keçirilir. Bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilir: 

“Əslində sosial lift faktoru təhsil  sistemindəki idarəetməyə müsbət təsir göstərir. Orta ümumtəhsil müəssisələrində çalışan şəxslər Elm və Təhsil Nazirliyinin  elan etdiyi  işə qəbul proseslərində iştirak edərək müvafiq vəzifələrə qəbul olunurlar. 
  Məktəb direktorlarının bu formada  işə qəbuluna  2013-cü ildən başlanılıb və sabiq təhsil naziri Mikayıl Cabbarov bu istiqamətdə çox ciddi islahatlar həyata keçirmişdi. Hansı ki o zaman üçün inqilabi dəyişikliklər hesab olunan islahatlar təhsil sisteminin ümumi durumuna müsbət təsir göstərmişdi. 
  Qanunvericiliyə görə, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə bilər. Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilmək hüququ verilib. Amma etiraf etmək lazımdır ki, hazırda bir sıra məktəblərdə pedaqoji və yaxud da idarəetmə sahəsi üzrə təhsili olmayan şəxslər direktor kimi fəaliyyət göstərir. Elm və Təhsil nazirinin  həmin şəxslərin  sonradan ixtisasartırma ilə pedaqoji təhsil alması ilə bağlı yanaşmasının doğru hesab etmirəm. Bu, ən azından pedaqoji təhsili olan  şəxslərə qarşı hörmətsizlikdir. Kiminsə 6 aylıq ixtisasdəyişmə diplomu ilə 4 illik pedaqoji təhsili olan təhsil  işçilərinə bərabər tutularaq məktəb direktoru təyin edilməsi haqsızlıqdır. Azərbaycanda kifayət qədər pedaqoji təhsilli mütəxəssislər var və işə qəbul prosesinə də məhz həmin şəxslər cəlb olunmalıdır.  Təhsilimizin inkişafı üçün bu, son dərəcə vacib bir məqamdır. Hörmətli nazir deyir ki, “Direktor ilk növbədə öz fənnini yaxşı bilməlidir. Amma öz fənnini yaxşı bilən hər müəllim də direktor ola bilməz”. Axı  6 aylıq kursla ixtisasını dəyişən şəxslər yaxşı mütəxəssis hesab oluna bilməz. Əks halda məktəblərimizdə ixtisaslı kadr çatışmazlığı bu səviyyədə artmazdı. Diaqnostik qiymətləndirmə və Sertifikasiya imtahanlarının nəticəsi zamanı biz bunu açıq-aşkar müşahidə edirik. Kifayət qədər insan müsabiqə və müsahibə mərhələsi ilə  işə qəbul  olsa da, imtahan balları ürəkaçan səviyyədə  olmur”. 

  Azərbaycanda ən ciddi problemlərdən birinin rəhbər postda çalışanların işə qəbulu  və təyinatı məsələsi olduğunu vurğulayan K.Əsədov hesab edir ki, direktorların işə qəbulu zamanı ixtisasartırma və ixtisasdəyişmə ilə  müraciət edən şəxsləri kənarlaşdırmaq lazımdır. Direktor vəzifəsinə təyinat sadəcə test və müsahibə yolu ilə olmamalıdır: 

“Yaxşı olar ki, direktorluğa namizədlər bir müddət təcrübəli məktəb direktorlarının yanında köməkçi  kimi işləyib, idarəetmə ilə bağlı bilik və bacarıqlara nail olsunlar. Zənnimcə, direktor seçimi üçün test və müsahibə yetərli  deyil. Hansısa bir məktəbə direktor təyinatı zamanı seçim həmin məktəbin pedaqoji heyəti arasından edilməlidir. Bu  yolla təhsil sistemində baş verən neqativ halların aradan qaldırılmasına nail  ola bilərik. Son iki  il ərzində respublika məktəblərində direktor müəllim, direktor-şagird münasibətləri ilə bağlı ancaq xoşagəlməz hadisələrə şahid oluruq”.