8 Mart və kişi müəllimlər üçün pul yığılması iddiasına məktəbdən cavab - YENİLƏNİB + SƏS YAZISI

60 nömrəli tam orta məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsaitin toplanması ilə bağlı araşdırma aparılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Təhsil İdarəsindən məlumat verilib.
60 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsaitin toplanması ilə bağlı məktəbdaxili araşdırma aparılıb.

Araşdırma nəticəsində bəlli olub ki, məktəbin 5a sinfinin valideyni şəxsi qərarı ilə bayramla əlaqədar pul yığılması ilə bağlı “WhatsApp” qrupunda sinifin digər valideynləri ilə müzakirə aparıb. Valideynlər razılaşmadığı üçün bu təşəbbüsdən yan keçib.

Məsələ ilə bağlı bu gün həmin sinifin valideynləri ilə iclas keçirilib və valideynlərə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı hər hansı formada vəsaitin toplanması təşəbbüsü olmayıb. Bu kimi halların qarşısını almaq üçün məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivlə də görüşlər keçirilib.

16:21

Elm və Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı nazir Emin Əmrullayev öz çıxışında açıqlama verib.

Belə ki, məlumatda qeyd edilib ki, valideynlər məktəblərdə müəllimlərə hansısa çox bahalı hədiyyə alırlarsa, külli miqdarda pul yığılırsa, bu, məktəbin idarə olunmasına adekvat deyil:

“Çox zaman belə hallar müəllim təşəbbüslərindən irəli gəlmir, valideynlər belə təşəbbüslə çıxış edirlər. Əgər hansısa məktəbdə belə hallara yol verilirsə, nazirliyin “qaynar xətt”inə müraciət etsinlər. Bu barədə şikayət daxil olmalıdır ki, biz araşdıraq. Təbii ki, bahalı hədiyyələr, pul yığılması pedaqoji fəaliyyətə ziddir.

Uşaqlar, valideynlər müəllimləri xoş sözlər, açıqcalarla, maddi deyil, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, daha yaxşı olar. Valideynlər bahalı hədiyyələrin alınması, külli miqdarda pul yığılmasından əl çəkməlidirlər”.

15:24

Azərbaycanda orta ümumtəhsil müəssisələrindən birində valideynlərdən pul yığıldığı iddia edilir.

Oxu.Az xəbər verir ki, bununla bağlı səs yazısı sosial şəbəkələrdə paylaşılıb. Belə ki, səs yazısında valideynlərdən qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə müəllimlər üçün 50 manatdan pul yığıldığı deyilir.

Valideynlərə göndərilən səs yazısında deyilir:

“8 Marta görə müəllimlərlə danışmışam. Həm kişilər üçün, həm qadınlar üçün yığılacaq. Kişilərin hədiyyəsi Novruz bayramında veriləcək, qadınlarınkı isə 8 Martda. Müəllimlərin sayını bilmirəm hələ. Hərəsinə 50 manatdan verəcəyik. Mən hesablayım, görüm, adama nə qədər düşür, deyəcəyəm, gətirin verin”.

Həmin səs yazısını təqdim edirik: