Danışır “Əlaçı”nın əlaçısı: “...Özümlə qürur duydum” 

İctimai televiziyada yayımlanan “Əlaçı” intellektual televiziya verlişinin bu mövsümkü qalibi bəllidir. Çempionumuz Məmmədov Rəsul Mahmud oğludur. R.Məmmədov Qazax rayon, Daş Salahlı kənd, Araz Əmilov adına 1 saylı tam orta məktəbin “10A” sinif şagirdidir. Bu, Rəsulun ilk uğuru deyil. O, əvvəllər Qazaxda keçirilən müxtəlif intellektual yarışlarda yüksək nəticələr göstərib. Ancaq bütün ölkə üzrə qalib olub, “Əlaçının əlaçısı” adını qazanmaq onun yüksək intellekt və dərin erudisiyaya malik oluğunu göstərir. Əlbəttə, bu cür şagirdləri öz həmyaşıdlarına bir etalon və örnək kimi göstərməkdə fayda var. 

Bu mənada “Sherg.az” olaraq Rəsulla həmsöhbət olub, onu uğura aparan yolları öyrəndik.

- Rəsul, necə oldu ki, “Əlaçı”da iştirak etmək qərarına gəldin?
-Əvvəlcə məktəb rəhbərliyimiz tərəfindən Şəmkirdə keçirilən seçim turuna göndərildim. Orada yüksək nəticə topladığım üçün Bakıdakı çəkilişlərə dəvət aldım və verilişdə iştirak etdim. Əvvəllər də “Əlaçı”nı izləyirdim, marağımda olan intellektual verilişlərdən biri idi. Amma şəxsən iştirak etmək, oradakı ab-hava ilə tanış olmaq tamamilə başqa hislər imiş.
-Necə hislər idi? Həyəcan çox idimi?
-Bəli, həyəcan da var idi, amma hər kəsin şansının eyni olduğunu düşünürdüm, çünki hər biri seçilmiş əlaçılar idi. Çəkilişlərə 144 nəfər dəvət almışdı, mən də onlardan biri idim. Amma qalib olmaq üçün getmişdim və hədəfimə çatdım.
-Bir az oyunun gedişatından danışaq. “Əlaçı”da əsas şərtləndən biri sualların tez zamanda cavablandırılmasıdır. Çətin olmadı ki?

-İlk oyunda qalib olduqdan sonra özümə inamım daha da artdı. Super final qaliblərin yarışı idi. Orda zəif rəqib yox idi. Sualları tez cavablamaq çətin gəlmədi mənə, daha diqqətli, daha cəld oldum və sonra qalib gəldim. Əziyyətimin qarşılığını aldığım üçün çox sevinirəm. Həm də valideynlərimin və müəllimlərimin əziyyətini boşa vermədiyim üçün özümlə qürur duydum. 
-Neçənci qrupa hazırlaşırsan?
-2-ci qrupa...
-Hansı ixtisas üzrə mütəxəssis olmaq istəyirsən?
-Əslində ilk hədəfim “Maliyyə” ixtisasına qəbul olmaqdır. Çox çalışacam ki, istəyimə nail olum. Ancaq konkret olaraq nə üzrə mütəxəssis olacağımı hələ dəqiqləşdirməmişəm. Əsas istəyim qeyd etiyim ixtisas üzrə təhsil almaqdır. 
-Ən çox hansı fənni sevirsən?
-Coğrafiya
-Bəs, xaricdə təhsil almaq istərdin?
-Xeyir
-Niyə?

-Nədənsə xaricdə daimi yaşamaq marağımda deyil. Ona görə də təhsilimi xaricdə davam etdirmək məqsədim ya istəyim hələ ki yoxdur. Bəlkə, nə zamansa fikrimi dəyişərəm, ancaq bu gün üçün belə bir fikirdə deyiləm.
-Hobbin nədir?
-Boş vaxtlarımda daha çox idman yenilikləri ilə maraqlanıram. Həmçinin futbol oynamağı da çox sevirəm. 
-Universitetə hazırlaşan abituriyentlərə nə məsləhət görərdin?

-Məncə insanın hansısa sahədə uğur qazanmaq istəyindən asılı olmayaraq, qarşısında hədəf olmalıdır. Hədəf, məqsəd olan yerdə uğur da var. Universitetə hazırlaşan həmyaşıdlarıma da bunu məsləhət görərdim. 
-Rayon rəsmilərindən kimlərsə səninlə maraqlanıbmı?
- Xeyr. Sadəcə Qazax-Tovuz Regional Təhsil İdarəsi “Facebook”da bununla bağlı paylaşım edib, vəssalam. Qazax rayon Təhsil Şöbəsindən müəllim var, o da yarışda tamaşaçılar sırasında idi. Zəng edib təbrik etmişdi.

 Söhbətləşdi: Yeganə Səlim