"Təhsil və təhsildə psixoloji xidmət məsələsinə artıq diqqət yönəldilməsi çox sevindirici haldır".
Bunu "Sherg.az"a psixoloq Əfsanə Rüstəmova məktəblərdə psixoloji xidmətlə bağlı aparılan monitorinqlərdən danışarkən deyib. Onun sözlərinə görə, monitorinqlərin həyata keçirilməsi pis-yaxşı, az-çox effekt verəcək:
"Amma uzun illərdir, məktəblərdə psixoloq ştatının mövcudluğuna rəğmən, hər il müəllimlər, valideynlər fəaliyyətsizliyin olduğunu bildirirlər. Təəssüf ki, belə bir yoxlamanın bu günə qədər reallaşdırılmaması artıq məktəbi bitirmiş və ya yuxarı siniflərdə oxuyan şagirdlər üçün çox böyük itki hesab edilməlidir. Təhsil idarəsinin psixoloji xidmət effektivliyinin artırılması ilə bağlı monitorinqlər aparması böyük ehtimalla pilot layihə kimi, şəhərin mərkəzində yerləşən məktəblərdən başlayacaq. Daha sonra effektiv olarsa, digərlərində keçiriləcək. Adətən, belə olur. Lakin Bakının mərkəzində yaşayan insanların özlərinin də marağı çox yüksəkdir. Bəzən heç məktəb psixoloquna ehtiyac duymurlar. Valideynlər fərdi konsultasiyalarla övladlarını mütəxəssislərə yönəldə bilirlər. Əlbəttə, mərkəzdən kənar məktəblərdə insanların kifayət qədər imkanları olmadığı üçün peşəkarlara daha çox zərurət duyulur. Monitorinqlər mərkəzdən kənarda aparılsa, əminəm ki, nəticələrdə kəskin fərq görünəcək. Bundan əlavə, yoxlamaların keçirilməsində məqsədin nədən ibarət olduğuna diqqət yetirmək lazımdır. Monitorinqlər orta təhsil müəssisələrində sözügedən ştatda çalışan psixoloqların sayı, diplomlarının təsdiqlənməsi məqsədi daşıyacaqsa, göstəricinin kifayət qədər yüksək çıxma ehtimalı var. Lakin fəaliyyət fokuslu araşdırma edirlərsə, çalışdıqları müəssisələrdə nə dərəcədə effektiv işlədiklərini öyrənə bilərlər. Daha sonra bu ştatda mütəxəssis kimi davam etməyə layiq olub-olmadıqları aşkarlanacaq. Aparılan işlər hamımızın xeyirinədir. Çünki məktəbdə yetişən uşaqlar gələcəyimizdir".
Psixoloq bildirib ki, orta təhsil müəssisəsində psixoloji xidmət hər yaş dönəminə uyğun uşaqların böhran dövrlərinin müşahidə edilməsi üçün vacibdir:
"Eyni zamanda birinci siniflər şagirdlərinin keçdiyi çətinlik və adaptasiya dönəmi var. Daha sonra kollektivə uyğunlaşma, sosial fobiyaların aradan qaldırılması, yeniyetməlik, duyğusal və cinsi kəşflər, eyni zamanda qız və oğlanların özlərini intim anlamda tanıması, qızların menstruasiya dönəmlərinin məhz məktəb dövrlərinə təsadüf etməsi orta təhsil müəssisələrində çox sayda psixoloq ehtiyacının yarandığını deməyə əsas verir. Əlbəttə ki, medianın da üzərinə çox iş düşür. Çünki monitorinqlərin nəticələri ilə bağlı məlumatları alıb, işin haradan haraya gətirildiyini müqayisə etmək lazımdır. Yalnız bu halda başlanan işin necə yekunlaşdığını anlaya bilərik. Əks halda, hazırda gerçəkləşdirilən monitorinqlərin sadəcə adı keçən layihələrdən fərqlənmədiyinə şahidlik edəcəyik. Lakin dövlət qurumlarının adıçəkilən məsələdən nigaranlıq duyub, addım atmağı bizi ümidləndirir. Məktəblərdə ixtisaslı kadrların olduğuna inanıb, övladlarımızı arxayın şəkildə dövlətə əmanət etmək istəyirik".
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil məktəblərində psixoloji xidmətin effektivliyinin artırılması ilə əlaqədar monitorinqlər aparılır. Bu barədə qurumun mətbuat xidməti xəbər verib.