Normal mütəxəssis yetişdirə bilmirik

Deputatlar universitetləri bitirənlərin “gününə ağladı”

"Tələbə diplom alır, amma bir müddət sonra deyirik ki, diploma güvənmirik, biliyinizi yoxlayırıq"

  "Qabaqcıl ölkələrdəki uğurlu alimlərimizin potensialını AMEA dəyərləndirə bilmədi". Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. Komitə sədri bildirib ki, ali təhsil müəssisələrinin mütəxəssislərinin, professor-müəllim heyətinin bilik və bacarıqlarını harada artırdığı hələ də sual altındadır: "Həmin şəxslər təkmilləşdirmə institutlarına gedərək bilik və bacarıqlarını artırmalıdırlar.

Regionlarda müasir infrastruktura malik xəstəxanalar açılıb. Həmin xəstəxanalarda çalışan həkimlər müxtəlif ölkələrə göndərilməlidir ki, yeni bilik və səriştələr əldə etsinlər. Eyni zamanda Azərbaycanın savadlı alimləri var. Necə olur ki, azərbaycanlı alimlər dünyanın qabaqcıl ölkələrində böyük mərkəzlərə rəhbərlik edir, həmin ölkələrə milyonlarla dollar qazanc gətirirlər. Amma biz onların potensialından istifadə edə bilmirik?! Bu iş AMEA-ya həvalə edilmişdi, amma çox təəssüf ki, o yükü AMEA çəkə bilmədi. Çünki mərkəzi icra orqanı kimi o vəzifəni icra etmək iqtidarında deyildi”.

"Ali məktəb dərsliklərinin çapına indiyə qədər vəsait ayrılmayıb"

  Deputat Etibar Əliyev bildirib ki, ali məktəb dərsliklərinin çapına indiyə qədər vəsait ayrılmayıb. Onun sözlərinə görə, ali təhsil müəssisələrində ən böyük problem dərsliklərin çatmamasıdır: "Ali məktəb dərsliklərinin çapına indiyə qədər vəsait ayrılmayıb. Təhsilin İnkişafı Fondu yaradılıb. Ali məktəblər bu fonda vəsait köçürür. Fond bu dərslikləri çap etməlidir. Həmin vəsaitin layihələrin icrasına, mütəxəssislərin həyat şəraitinin yaxşılaşdırılmasına xərclənməsi yaxşıdır, yoxsa dərsliklərin çapına?".

"Tərbiyəçi müəllimlərin əməkhaqqılarının 40 faizini kəsirlər ki, ixtisasınız üzrə işləmirsiniz"

  E.Əliyev əlavə edib ki, tərbiyəçi müəllimlərin əməkhaqqılarının 40 faizini kəsirlər ki, ixtisasınız üzrə işləmirsiniz. O bildirib ki, hələ sertifikasiya aparılmamış belə bir addımın atılması doğru deyil: "Bununla bağlı böyük narazılıq var. Biz də bilirik ki, tərbiyəçi müəllimlərin 50 faizi öz ixtisası üzrə işləmir".

"Universitetlərin bir çoxunda proqramlarla bağlı problemlər var"

  Deputat Ceyhun Məmmədov deyib ki, universitetlərin bir çoxunda proqramlarla bağlı problemlər var. Qeyd edib ki, universitetlərə muxtariyyətin verilməsi, dərsliklərin hazırlanması haqda təkliflər var: "Amma maraqlıdır ki, bizim universitetlərimiz bu prosesə nə dərəcədə töhfə verə biləcək? Bu gün mərkəzdən qaçma halları və pərakəndəlik bir çox hallarda özünü göstərir".

  Deputat C.Məmmədov vurğulayıb ki, tələbə diplom alır, amma bir müddət sonra deyirik ki, diploma güvənmirik, biliyinizi yoxlayırıq:

 "Təhsilin hər üç pilləsində ciddi problem var. Nazirlik bu sahələrin idarə edilməsində öz funksiyasını tam yerinə yetirmir. Proseslər çox ləng gedir. Fərmanın üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, hesab edirəm ki, ciddi işlər görülməyib. Digər tərəfdən, sertifikatlaşdırma məsələsinə gəlincə, ali təhsil sahəsində ciddi problem var. Tələbə diplom alır, amma bir müddət sonra gəlib deyirik ki, biz sizin diploma güvənmirik və biliyinizi yoxlayırıq. Bizim universitetlərimiz normal mütəxəssis yetişdirə bilmir”.