Şagirdlər ən çox ingilis dilinə can atırlar

Amma bu dilin Azərbaycandilli məktəblərdə tədrisi zəifdir

Ekspert hesab edir ki, ingilis dilində bölmələr yaratmaq üçün kadrlar lazımdır


  Azərbaycan qanunvericiliyi əcnəbi dillərdə təhsil imkanı verdiyindən valideynlərin seçimini nəzərə alıb, məktəbəqədər təlim üçün alternativ, ikidilli təlim modeli hazırlanmalıdır. Eyni zamanda bu təlim modelinin  kurikulum və tədris planları da hazırlanmalıdır.

  Bu təklifi edən professor Telman Vəlixanlının fikrincə, erkən və məktəbəhazırlıq mərhələsi üçün nəzərdə tutulan bu model azərbaycanlı uşaqların ölkədə və dünyanın istənilən nöqtəsində orta ümumi təhsilə hazırlığını təmin edəcək:“Hesab edirəm ki, müasir linqvodidaktik tələblər əsasında orta məktəblərdə əsas xarici dilin intensiv tədrisi 5-ci sinifdən deyil, 1-ci sinifdən, həftədə 3 saat olmaqla və mütləq yarımqruplarda təşkil edilməlidir. Yəni yuxarı siniflərin tədris planlarındakı dərs saatlarını aşağı siniflərə endirmək lazımdır”.

Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki,  orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi iki istiqamətdə - əsas və ikinci xarici dil olaraq keçirilir:

 “Əsas xarici dil birinci sinifdən, ikinci xarici dil isə beşinci sinifdən tədris olunur. Tədris planına dair qeydlərdə də göstərildiyi kimi, istər əsas, istərsə də  xarici dili seçim hüququ valideynlərə verilir. Onlar müəyyən olunmuş dillər - ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasında seçim etməkdə azaddırlar. Mövcud qanunvericiliyə əsasən, hətta valideynlərin seçimindən asılı olaraq  zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu da təşkil oluna bilər. 

  Ölkəmizdə daha çox tədris olunan xarici dillərə gəlincə, xarici dillərin öyrənilməsi ilə bağlı ümumi bir tələbat var. Bu tələbat istəsək də, istəməsək də, cəmiyyətin özü tərəfindən formalaşır. Hər birimiz bilirik ki, beynəlxalq aləmə əsas çıxış dili ingilis dilidir. Bu baxımdan ölkəmizdə xarici dillərin tədrisində əsas dil kimi ingilis dili çox böyük üstünlük təşkil edir. Təxmini hesablamalara görə, məktəblərimizdə birinci xarici dil kimi 90-95 faiz ingilis dili tədris olunur. Əsas xarici dil ingilis dili olan məktəblərdə isə ikinci xarici dilin daha çox rus dili olduğu müşahidə edilir. Təbii ki, ikinci xarici dil olaraq fransız, alman dilləri tədris olunan məktəblərimizə də rast gəlinir. Lakin bu məktəblərin sayı çox azdır. Ərəb dili tədris olunan məktəblərimizə isə çox nadir hallarda rast gəlinir”.

  K.Əsədovun sözlərinə görə, 15 il əvvəl orta məktəblərdə ingilis dili beşinci sinifdən başlayaraq tədris olunurdu. Bu sinifdən başlayaraq on birinci sinfə kimi tədris olunurdu.

Və dərsliklər hər il deyil, bir neçə il sonra dəyişilirdi. Lakin Azərbaycanın Avropaya inteqrasiyasından sonra Azərbaycanda da ingilis dilinə tələbat artdı. Hazırda istənilən  sahədə çalışan  şəxslər, tələbələr, şagirdlər bu dili öyrənməyə can atırlar: “Hazırda  isə məktəblərimizdə ingilis dili dərsləri birinci sinifdən başlayaraq on birinci sinfə kimi tədris olunur. Əslində bu, ilk baxışdan normaldı. Əvvəla, bizdə şagirdlərin mühiti başqadır, yəni xaricdəki kimi deyil. Məsələn, xaricdə uşaq məktəbə getməmişdən əvvəl, yəni uşağın məktəbəqədər dövrü zamanı da  ingilis dili dərsləri keçirilir. Təbii ki, yaşa uyğun şəkildə. Və uşaq artıq məktəbə gedəndə daha rahat şəkildə dərslikləri mənimsəməyə başlayır. 

Qəbul və buraxılış imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, şagirdlər xarici dildən minimum tələbləri ödəyiblər. Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85 faizi ana dili fənni üzrə, 57.98 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə  şagirdlərin 44.15 faizi riyaziyyat fənni üzrə isə  42.02 faizi “4” və “5” qiyməti alıb. Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56 faizi ana dili fənni üzrə, 44.16 faizi riyaziyyat fənni üzrə “2” və “3”, ana dili fənni üzrə  şagirdlərin 54.44 faizi,  riyaziyyat fənni üzrə isə  55.84 faizi “4” və “5” qiyməti alıblarsa,  11-ci siniflər üzrə ortalama qiymətlərdən belə görünür ki, ana dili üzrə 2 qiyməti alanların sayı ingilis dilindən 2 alanların sayından çoxdur. Ana dilindən "5" qiyməti alanların faizi (20.47) isə ingilis dilindən "5" qiyməti alanların faizindən (30.2) daha aşağıdır. Yəni həm IX, həm də XI siniflərdə şagirdlərin ingilis dilindən nəticələri digər fənlərlə müqayisədə yaxşıdır”. 

  Dövlət orta məktəblərində ingilis dili bölmələrinin olmadığını vurğulayan K.Əsədovun sözlərinə görə, yaxın gələcəkdə də yaradılması nəzərdə tutulmur. Bəzi özəl ümumtəhsil məktəblərində ingilis dili bölmələri fəaliyyət göstərir:

 “Bütün dünyada insanlar ingilis dilini öyrənirlər.  Rus bölməsinin fəaliyyəti sosial sifariş olduğu üçün vətəndaşların istəyi günü-gündən artır,  fəaliyyət göstərir. Rus bölməsinin fəaliyyətinin dayandırmamasının da səbəbləri var. Belə ki, rus bölməsində təlimin keyfiyyəti Azərbaycan bölməsindəkinə nisbətən yüksəkdir. Bu, xüsusilə də ibtidai siniflərdə qabarıq müşahidə olunur. Azərbaycan bölməsində çatışmayan cəhətlərdən biri uşağın sosiallaşmasına, cəmiyyət üçün hazırlanmasına diqqət yetirilməməsidir. Onu da qeyd edim ki, rus bölmələrində də çalışan müəllimlərin 99 faizi azərbaycanlıdır. Lakin bu bölmədə çalışan Azərbaycan müəllimləri daim axtarışdadır, öz üzərində işləyir, valideynin tələbatını, sosial sifarişi mükəmməl şəkildə yerinə yetirir. Bizim valideynlər bunu dərk edir. Ona görə də uşaqlarını əlindən tutub ibtidai siniflərdə rus bölməsinə aparırlar. Hətta uşaq baxçasında da rus bölməsinə qoymağa üstünlük verirlər.

Rus dili ilə yanaşı bu gün ingilis dilinə böyük tələbat var. İngilis dilinin tədrisi ilə bağlı saatların sayı da orta məktəblərin tədris proqramında rus dili ilə müqayisədə üstünlük təşkil edir. Məktəblərdə şagirdlər arasındakı apardığımız sorğunun nəticələrinə əsasən, şagirdlər öyrənmək istədikləri xarici dil kimi ən çox ingilis dilini seçiblər. Amma ingilis dilinin Azərbaycandilli məktəblərdə tədrisindəki zəiflik şagirdlərin bu dilə marağını azaldır”. 

  Ekspert hesab edir ki, ingilis dilində bölmələr yaratmaq üçün kadrlar lazımdır. Şagirdlərə müxtəlif fənləri ingilis dilində tədris edə bilən müəllimlər hazırlaşdırılmalıdır:

 “Özəl məktəb tanıyıram ki, dərslərin tədrisi ingilis dilində olan ibtidai siniflər açılsa da, ora 4-5 fənni ingilis dilində tədris edə bilən müəllim tapılmadı. İngilis dilini bilən kadrların yetişdirilməsi vacibdir. İngilis dili dünyaya açılan pəncərədir. 

Bu dili bilməyən dünyada, Azərbaycanın daxilində də yaxşı karyera qurmaqda çətinlik çəkəcək. Düşünürəm ki, ingilis dilinin ibtidai siniflərdən bütöv bölüm kimi tədris olunmasına ehtiyac var və bu, Azərbaycanın kadr potensialının inkişafında mühüm rol oynaya bilər. Təhsil müəssisələrində, hətta lazım olan başqa dillərdə də bölmələr açılmalıdır. 

Amma dünyanın universitetlərinin çoxunda müxtəlif dilləri, hətta ölü latın dilini öyrədirlər. İtalyan, fransız, alman dillərini keçirlər. Müxtəlif dillərdə təlimin təşkili kütləvi olmur. Lakin burada məqsəd xarici dildə təlim alanların fəaliyyətinin gələcəkdə o dil istiqamətində təşkil edilməsidir. Amma bizdə hansı dildə təhsil almaqdan asılı olmayaraq sonda mütəxəssisin işsiz qalma və ya qeyri sahədə işləmə ehtimalı böyükdür. Ayrıca ingilis bölməsinin açılmasına ehtiyac görmürəm, onun yerinə ingilis dilinin  tədrisində keyfiyyəti artırmaq lazımdır”.