Valideynlərin narahatlığına əsas yoxdur

Monitorinqin nəticələri şagirdlərin qiymətlərinə, yuxarı sinfə keçmələrinə mane olmayacaq

“Məqsəd şagirdlərin biliklərə yiyələnmə səviyyəsini, müəllimlərin də öyrətmə qabiliyyətini müəyyənləşdirməkdir”


  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin III siniflərində monitorinq keçiriləcək. İdarənin məlumatında bildirilir ki, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru və Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə monitorinq 17 may 2023-cü il tarixində təşkil olunacaq. Monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılacaq.

Təhsilalanlara tədris dili üzrə 15, riyaziyyat fənni üzrə 15, xarici dil üzrə isə 10 sual olmaqla, ümumilikdə 40 sual təqdim olunacaq. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək. Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.

  Təhsil eksperti Elçin Əfəndi “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu cür monitorinqlər (imtahanlar) son illərdə keçirilir, məqsəd də aydındır: 

- Elm və Təhsil Nazirliyi də analoji monitorinqi orta məktəblərin IV sinifləri üzrə iyunun 10-da keçirəcək. IV sinifdə ibtidai təhsil mərhələsi bitir, təhsilin orta pilləsi başlayır. Bu monitorinqlər təhsilin ibtidai pilləsini bitirən şagirdlərin bilik və bacarıqlara nə dərəcədə yiyələndiyini müəyyən etmək məqsədi daşıyır. Nəticələr tədris prosesində hansı addımların atılmalı olduğunu da göstərir. Sonrakı addımlar üçün zəmin yaradır. 

BŞTİ-nin keçirəcəyi monitorinq də eyni qəbildəndir. III sinif şagirdlərin tədris proqramını nə dərəcədə mənimsəyə bildiklərini müəyyən etmək ibtidai təhsilin sonuncu pilləsi olan IV sinfə nə dərəcədə hazır olduqlarını üzə çıxaracaq. Monitorinqlər təkcə şagirdlərin bilik səviyyəsini deyil, ibtidai sinif müəllimlərinin də hansı bacarıqlara sahib olduğunu üzə çıxarır. Müəllimlər şagirdlərə bilik və bacarıqları nə dərəcədə aşılaya bilib, fənləri hansı dərəcədə tədris edə biliblər. Bu monitorinqlər həm şagirdlərin, həm də müəllimlərin səviyyəsini müəyyən edir. 

  E.Əfəndi qeyd etdi ki, ibtidai sinif şagirdlərinin tədris ilinin sonunda monitorinqə cəlb edilməsindən valideynlər narahatlıq keçirməməlidir: 

- Məlumatda qeyd edildiyi kimi monitorinqin nəticələri şagirdlərin qiymətlərinə, yuxarı sinfə keçmələrinə mane olmayacaq. Monitorinqdə iştirak etməyən şagirdlərə qarşı hər hansı sərt tədbir də görülməyəcək. Məqsəd şagirdlərin biliklərə yiyələnmə səviyyəsini, müəllimlərin də öyrətmə qabiliyyətini müəyyənləşdirməkdir. 

Hesab edirəm ki, valideynlər narahatlıq keçirməməli, əksinə, övladlarının bilik səviyyəsinin müəyyənləşməsində maraqlı olmalıdırlar.