Abituriyentlər kifayət qədər stress yaşayırlar

Valideynlərin də "Sən yüksək bal yığmalısan" kimi şərtlər qoyması onları mənəvi olaraq çox sıxır

Psixoloq: “Yanlış addımdır. Bu kimi reaksiyalar bəzi hallarda iradəsi zəif, motivasiyası aşağı, özünə qapalı uşaqların depressiyaya düşməsinə, intihara əl atmasına da gətirib çıxarır”



  Dərs ilinin sonuna doğru  məktəblilərin imtahan stressi başlayır. Bu stress isə imtahan nəticələri ilə bağlı narahatlıqdan daha çox, valideynlərin “üzünü ağ etmək”lə bağlıdır. Övladı  buraxılış siniflərində oxuyan valideynlərin yüksək bal gözləntisi istər-istəməz uşaqlarda həyəcan və qorxu yaradır. 
  Ata-analar uşaqlarının beyninə "mütləq yüksək bal toplamalısan” fikrini elə yeridiblər ki, imtahanda zəif nəticə göstərən uşaqlar evə qayıtmağa qorxur.

  Ötən illər ərzində neçə-neçə məktəblinin məhz yüksək bal yığa bilmədiyi üçün özünə qəsd etməsinin şahidi olmuşuq axı.
Valideynlərin övladlarından daha çox gözləntilərinin olması, uşaqlarını hədələmələri, imtahanın abı-havası, uğursuz olandan sonrakı həyatları abituriyentlərin psixologiyasına güclü təsir göstərir. Nəticə uğursuz olanda da onlara pis təsir edir. Mütəxəssislərin fikrincə, imtahana hazırlaşan uşaqlara  ailələri tərəfindən basqı olmamalıdır, əksinə hər kəs onlara dəstək durmalı, ürək-dirək verməlidir. 

  Ekspert rəylərinə keçmədən öncə zəif nəticə göstərdiyi üçün qızının ali  təhsil arzusunu yarımçıq qoymaq istəyən valideynin sosial şəbəkədəki paylaşımını qeyd edirik. 

  İki ildir  övladını repetitor yanına qoyduğunu  qeyd edən bir valideyn 9-cu sinif şagirdi olan qızının imtahan nəticəsindən narazıdır: “Elə olur pula görə başqasının yerinə növbəyə gedirəm ki, təki əlavə  pul  qazanım, uşağın hazırlıq ödənişlərini vaxtlı-vaxtında verim. Yoldaşım da eynən  mənim kimi. Düz iki ildir ikimiz də dayanmadan uşağın hazırlıqları üçün çalışırıq. O isə buraxılış imtahanında cəmi 235 bal yığıb. Bu qədər  vaxtda hazırlığa getməsinə rəğmən belə zəif nəticə toplaması bizi çox məyus etdi. Dedim belədirsə, 10-cu və 11-ci sinifləri  oxuma. Bu bal ilə də  kollecə düşürsən. Sənədlərini məktəbdən götürüb kollecə verəcəm. Qızım isə ağlayır ki, universitetdə oxumaq istəyirəm. Deyirəm axı bu qədər hazırlığa getməyin qabağında bu balı yığmısan, 11-ci sinif lap çətin olur”.

  Qızının imtahan nəticələrindən yüksək bal gözlədiyini iddia edən ana bu qədər vaxta hazırlığa pul tökdükləri üçün çox peşman olduğunu qeyd edib: “Elə pisəm ki, həm öz əziyyətimə, həm də yoldaşımın əziyyətinə yanıram. Düzdü, borcumuzdu, amma uşağın da borcu oxumaq deyil ki? Biz yemədik içmədik, gəzmədik-geyinmədik ki, buna hazırlığa pul ödəyək”.

  Sosioloq Zəminə Səfərova da hesab edir ki, valideynlər imtahana hazırlaşan uşaqlara çox təzyiq edir. Uşaqlara tez-tez eşitdirirlər ki, "mən  nə qədər pul tökmüşəm, səni məşğələlərə göndərmişəm. Görək, imtahanlardan necə keçəcəksən". Bu ifadə o qədər işlədilir ki, sonda  övlad fikirləşir ki, bu qədər  xərc çəkilib, imtahandan kəsilsəm, böyük bir faciə baş verəcək. Yaxşı olar ki, yaranmış bu qorxu yerinə valideyn sevgi hissi cücərtsin. Övlad da ata-ana sevgisini hiss etsin. Əks halda imtahandan kəsilən, yaxud da yüksək bal toplaya bilməyən 

şagirdlər  psixoloji travma alır. Valideynlər ilk olaraq övladlarının istəyini nəzərə almalı, onun fikrinə hörmətlə yanaşmalıdır. Atalar sözündə deyildiyi kimi, "nə tökərsən aşına, o da çıxar qaşığına". Yəni uşaqla da necə davranacaqsansa, elə də  qarşılığını görəcəksən. Ona görə də valideyndən çox şey asılıdır ki, övladına düzgün tərbiyə və yol göstərsin, istiqamətləndirsin. Valideyn övladına sevgi, güvən, inam vermirsə,  övlad tədricən ailədən və evdən uzaqlaşacaq. Valideyn övladının dostu olmalıdır. Belə olanda övlad ailədə özünü mühüm biri kimi hiss edəcək”.

  Psixoloq Orxan Oruc isə “Şərq”ə açıqlamasında deyib ki, valideynlərin övladlarına daimi olaraq hədə-qorxu gəlməsi, "Sən yüksək bal yığmalısan" kimi şərtlər qoyulması onları mənəvi olaraq sıxır:

 "Uşaqdan potensialından artıq hədəfə çatmağı tələb etmək istər-istəməz onlarda müəyyən stress amillərinin çoxalmasına səbəb olur. Onsuz da abituriyentlər kifayət qədər stress altında yaşayırlar. Bir tərəfdən də valideynlərin basqısı onların bu stressini daha da çoxaldır. Bəlkə də imtahan vaxtı abituriyent özünü bir o qədər də həyəcanlandırmayacaqdı, o, stressi bu qədər güclü keçirtməyəcəkdi, amma valideynin hər dəfə övladının imtahan verəcəyinə görə narahat olması və bu narahatlığın uşağa göstərilməsi, bəzən bunun hansısa bir tələb formasında uşağın qarşısına qoyulması uşaqda həyəcanı çoxaldır. Normal şəraitdə imtahanlara hazırlaşan abituriyent yaxşı nəticə göstərəcəkdisə, həyəcan səbəbilə bəzi şeyləri unutmağa başlayır, stressə düşür. Bu imtahan hazırlıq proseslərinə də öz mənfi təsirini göstərir. Hələ 9-cu sinifdə oxuyan şagirdin tez-tez başına vurmaq ki, "Sən imtahanda daha yüksək bal toplamalısan. Biz sənin üçün nə qədər pul tökürük" - çox yanlış addımdır. Bu kimi reaksiyalar uşağın çalışqanlığını artırmır, əksinə, həyəcanını artırır və nəticədə imtahanların nəticəsinin aşağı düşməsinə səbəb olur. Hətta bəzi hallarda iradəsi zəif, motivasiyası aşağı, özünə qapalı uşaqların depressiyaya düşməsinə, intihara əl atmasına da gətirib çıxarır. Buna görə valideynlər diqqətli olmalıdırlar".