Hər uşaqdan riyaziyyatı yaxşı oxumasını tələb etmək doğru deyil

Hansı uşağın nəyi, necə qavramağı məhz ya sağ, ya sol yarımkürənin inkişafı ilə bağlıdır

  İnsan beyni iki yarımkürədən ibarətdir. Bunlar sağ və sol yarımkürələr adlanır. Sağ və sol beyin yarımkürələrinin funksiyaları insanların müxtəlif fəaliyyətlərini təmin edir. Bəzi insanlar daha çox sağ, bəziləri isə sol beyin yarımkürələrini işə salırlar. Lakin hər iki halda biz beynimizin tam gücündən istifadə etmirik. Adətən, uşaqlara eyni tələblər qoyulur, ancaq müxtəlif nəticələr görülür”. Bu sözləri pediatr Aytən İsmayilzadə deyib. 

Onun sözlərinə görə, məktəbə gedən hər uşaqdan riyaziyyatı yaxşı oxuması istənilir, amma nəticə fərqli olur. Çünki  bütün uşaqlar riyazi bilikləri eyni cür mənimsəmir. Ya da kimlərsə humanitar fənlərdə, kimlərsə də dəqiq elmlərdə üstün olur: “Ona görə də məktəbi əla qiymətlərlə bitirmək yarışı olmamalıdır. 

Hansı uşağın nəyi, necə qavramağı məhz ya sağ, ya sol yarımkürənin inkişafı ilə bağlıdır. Bizim bir beynimiz var, amma onun iki hissəsi körpü ilə ortada birləşsə də ayrı işlər görür. Sağ beyin funksiyaları güclü olanlar daha çox xəyal qurur, sənət, yaradıcılıq, musiqi onlarda üstündür. Təbiətlə həmahəngliyi sevir, duyğulara çox önəm verir, həssasdırlar. Yaradıcı enerjiləri yüksəkdir. Buraxın yaratsınlar. Riskə gedəndirlər, çunki duyğuları ilə düşünürlər. Subyektivdirlər. 

Mahnının sözünə deyil, musiqisinə önəm verir.  Xırdalıqları deyil, bütünü görürlər. Sol beyin funksiyası yaxşı olanlar obyektivdir. Məntiqli düşünür.  Analitik düşüncəyə sahibdir. Hadisəni hissələrə bölüb analiz edər. Riyazi təfəkkür üstündür. Reallığı qəbul edirlər. 

Planlı və səbrli olurlar. Mahnının müsiqisinə deyil, sözlərinə önəm verirlər. Hər xırdalığa fikir verirlər. Bütün bunlara görə müxtəlif xarakterlər, müxtəlif qavrama tipləri və müxtəlif zəkalar ortaya çıxır. Biz isə hər kəsi bir etməyə çalışırıq. Özümüz də fərqində olmadan sağa gedəni sola, sola gedəni sağa döndərməyə çalışırıq. Bu zaman beynin yan təsirləri ilə qarşılaşırıq. Məsələn, mənim sağ beynim inkişaf edib. Onun daha da inkişafı ruhsal və bədənsəl xeyrimədir. Deyək ki, yaradıcılığı sevirəmsə, onunla məşğul olsam daha faydam olar, nəinki riyaziyyatla”.