Statistikalar göstərir ki, pedaqoji sahədə çalışan kişilərin sayı qadınlara nisbətən daha azdır. İbtidai siniflərdə isə demək olar ki, kişi müəllimə nadir hallarda rast gəlmək olur.
Hansı səbəblərdən ibtidai sinifdə dərs keçən kişi müəllimlərin sayı azlıq təşkil edir?
Mövzu ilə əlaqədar Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a açıqlama verib.
Ekspert bildirib ki, günümüzdə nəinki ibtidai, yuxarı siniflərdə də keçirilən fənnlər üzrə qadın müəllimlərin sayı dominantlıq təşkil edir:
"Hər zaman bu prosses belə olub. Dünyanın digər ölkələrində də tendensiya bu cürdür. Problemin kökündə müəyyən məsələlər var. Misal olaraq hər peşənin müəyyən xarakterik xüsusiyyətləri olur. Dünyada alimlik kişilər, müəllimlik isə qadınlar arasında çoxluq təşkil edir. Məsələyə problem kimi baxmamalı, həll yolu istiqamətində tədbirlər hazırlamalıyıq. Düşünməliyik ki, kişi müəllimləri tədris prossesinə necə cəlb edə bilərik? Hətta, bu barədə təklif edirəm ki, müəllimlərin işə qəbulu müsabiqəsində kişi namizədlərə güzəştlər edilsin. Təəssüf ki, pedoqoji ixtisasları bitirən kişilərin təhsilə yönlənməmələrinin səbəbi maddiyyatdır. Bu məsələlər əvvəlki dövrə nisbətən düzəlməkdədir. Sertifkasiya imtahanı maaşların müəyyən qədər artımına təsir edib. Yəni savadına, bacarığına güvənən müəllim ən azı 10, maksimum isə əməkhaqqını 35 faiz artırma gücündədir. Bu istiqamətdə ucqar kəndlərə gedən kişi müəllimlərə də stimullaşdırıcı güzəştlər etmək olar".