Son beş ildə Azərbaycanda kitabxanaların sayı azalıb.
Komitənin məlumatına görə, 2018-ci ildə ölkədə 2 942 kütləvi kitabxana mövcud idisə, 2021-ci ildə 2 915, 2022-ci ildə isə kitabxanaların sayı 2 913 olub. Həmçinin, ölkədə uşaq kitabxanalarının sayında da azalma qeydə alınıb. 2018-ci ildə uşaqlar üçün 89 kitabxana fəaliyyət göstərirdisə, 2022-ci ildə müəssisələrin sayı 87-yə enib.
Kitabxanalarla yanaşı, kitabxana fondu da azalıb. Amma maraqlıdır ki, son beş ildə kitabxana işçilərinin sayında artım olub. Belə ki, 2018-ci ildə 8 025 kitabxana işçisi vardısa, 2022-ci ildə işçilərin sayı 8 152 nəfərə çatdırılıb.
Xatırladaq ki, ölkədə müstəqillik illərində ən çox kitabxana sayı 1992-ci ildə qeydə alınıb. Həmin il ölkədə 4 909 kitabxana fəaliyyət göstərib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Cahid İmanlı bildirib ki, elektron kitabların mövcud olduğu bir dövrdə işçiyə ehtiyyac olmur:
"Ancaq üniversitetlərin nəzdində kitabxanaların və kitabların balansı artırılmalıdır. Ölkədə bu istiqamətdə boşluq var. Hətta, tələbələrə oxumaq üçün kitab vermirlər. Son dövrlər bu sahədə işlər davam etdirilir. UNEC-də 7/24 işlək olan kitabxana istifadəyə verilib. Bu sistemi çoxaldaraq bütün üniversitetlərdə tətbiq etmək lazımdır. Onu da qeyd edim ki, tələbələr müəllimlərin tövsiyyə etdikləri kitabları kitabxanada tapmaqda çətinlik çəkirlər. Kitabxanaçılıq ixtisası üzrə bir neçə yerə aşağı balla daxil olmaq mümkündür. Amma bu ixtisas üzrə keçid balı o qədər də aşağı deyil. Həqiqəti qəbul etməliyik ki, rayonlarda fəaliyyət göstərən kitabxanalarda işçilərin adı var, özləri yoxdur".